02 iyul 2026 00:03
107

İsveçdə iyulun 1-dən yeni qanunlar qüvvəyə minib

İyulun 1-dən İsveçdə vergi siyasəti, sosial təminat, ictimai təhlükəsizlik və ailə hüququ sahələrini əhatə edən bir sıra qanunvericilik dəyişiklikləri qüvvəyə minib.

“İki sahil” xəbər verir ki, ən diqqətçəkən yeniliklərdən biri rəqs tədbirlərinə tətbiq olunan əlavə dəyər vergisinin (ƏDV) 25 faizdən 6 faizə endirilməsidir. Bundan başqa, ərzaq mağazaları və apteklər üçün nağd ödənişləri qəbul etmək məcburi olub. Banklar isə müştərilərinə nağd pul yatırmaq və valyuta mübadiləsi xidmətlərini təmin etməlidirlər.

Bu gündən etibarən ölkədə yaxın qohumlar – əmi, dayı, bibi və xala uşaqları arasında nikah qadağan edilib.

İctimai təhlükəsizliyin gücləndirilməsi məqsədilə polisin səlahiyyətləri də genişləndirilib. Polis hər hansı ictimai tədbirin insanların həyatı və sağlamlığı üçün təhlükə yaratdığını hesab edərsə, onun keçirilmə vaxtını və yerini dəyişdirə, yaxud tədbirin keçirilməsini qadağan edə biləcək. Həmçinin cinayət məsuliyyəti yaşına çatmamış uşaqlara münasibətdə müəyyən məcburi tədbirlərin tətbiqi imkanları artırılıb. Xüsusilə, polisə axtarış aparmaq, əmlakı müsadirə etmək və şəxsi axtarış həyata keçirmək üçün daha geniş səlahiyyətlər verilib. Bundan əlavə, yetkinlik yaşına çatmayan şəxslərdən biometrik məlumatların toplanması imkanları da genişləndirilib.

Eyni zamanda, sosial müavinət alan şəxslərə dair tələblər sərtləşdirilib. Onların məşğulluğun təşviqi proqramlarında iştirak etməsi məcburi olacaq.

Digər dəyişikliklər sırasında psixoloji zorakılığa görə cinayət məsuliyyətinin müəyyən edilməsi də yer alır. Bu əməllərə görə nəzərdə tutulan maksimal cəza dörd ilədək azadlıqdan məhrumetmədir. Bundan başqa, yaşlılara qulluq göstərən işçilər üçün İsveç dilini bilmək tələbi tətbiq edilib, benzin və dizel yanacağına tətbiq olunan vergilər azaldılıb, ilin sonunadək aylıq ictimai nəqliyyat biletlərinin qiyməti isə 50 faiz endirilib. Həmçinin külək elektrik stansiyalarının yaxınlığında yaşayan sakinlər kompensasiya almaq hüququ əldə edəcəklər.