Sudanda vəba epidemiyasının son dalğası nəticəsində 120 nəfər həyatını itirib, daha 1102 nəfərdə isə xəstəliyə şübhəli yoluxma halı qeydə alınıb.
“İki sahil” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Bildirilib ki, Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri arasında üç ildən artıqdır davam edən silahlı münaqişə ölkənin səhiyyə sisteminə ciddi zərbə vurub.
Məlumata görə, son üç il ərzində qeydə alınan üçüncü vəba dalğası əvvəlki epidemiyanın 2026-cı ilin mart ayında başa çatdığı elan edildikdən cəmi iki ay sonra başlayıb.
Sudan hökumətinin açıqladığı statistikaya əsasən, 2024-cü ilin iyulundan 2026-cı ilin martınadək davam edən əvvəlki epidemiya dalğası zamanı 124 min 400-dən çox vəbaya yoluxma halı qeydə alınıb, 3500 nəfər isə həyatını itirib.
ÜST-nin Sudandakı nümayəndəsi Şibl Səhbani bildirib ki, əvvəllər Şimali-Şərqi Afrikada vəba epidemiyası təxminən hər üç ildən bir baş verirdi. Onun sözlərinə görə, hazırda isə davam edən münaqişə, bəzi ərazilərə çıxışın məhdudlaşdırılması və tibbi ləvazimat çatışmazlığı səbəbindən Sudan demək olar ki, fasiləsiz vəba epidemiyası ilə üzləşir.