Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qurumlarının kommunikasiya üzrə struktur bölmələrinin nümayəndələrindən ibarət heyət Türkiyədə səfərdə olub. Səfər əmək, məşğulluq, sosial müdafiə sahəsində kommunikasiya və ictimaiyyətlə əlaqələrin təşkili ilə bağlı qardaş ölkənin müvafiq qurumları ilə təcrübə mübadiləsinin aparılması məqsədi daşıyıb.
“İki sahil” xəbər verir ki, nümayəndə heyəti Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbri və Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib. Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin (Türkiye Cumhuriyeti Cumhurbaşkanlığı İletişim Başkanlığı) Media və yayım şöbəsinin müdiri Dr. Zeynep Zelan, Strateji kommunikasiya və böhranların idarə edilməsi şöbəsinin müdiri Kasım İleri, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Durmuş Ersoy, korporativ kommunikasiya koordinatoru Sümeyra Değirmenci ilə görüşü olub. Görüşdə Azərbaycanla Türkiyə arasında strateji müttəfiqlik səviyyəsində olan münasibətlərin əmək və sosial müdafiə sahəsində də uğurlu əməkdaşlığa imkan yaratdığı vurğulanıb. Bu səfərlə artıq yeni bir istiqamətdə - əmək və sosial müdafiə sahəsində kommunikasiya üzrə əməkdaşlığa başlandığı qeyd edilib.
Müasir dövrdə kommunikasiyanın ictimai etimadın formalaşdırılmasında, dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsi və ictimai etimadın yaradılmasında mühüm rolu, bu sahədə təcrübələrin paylaşılmasının qarşılıqlı faydalı olduğu vurğulanıb. Departamentin fəaliyyəti, tətbiq etdiyi yeni innovativ alətlər (DES, CİMER), korporativ rəqəmsal sistemləri barədə məlumat verilib. Görüş iştirakçıları strateji kommunikasiya sisteminin təşkili, vətəndaşyönümlü xidmət yanaşmaları, rəqəmsal media ilə iş, süni intellektdən kommunikasiya fəaliyyətində istifadə, dezinformasiya ilə mübarizə və s. məsələlərlə bağlı fikirlərini, iş təcrübələrini diqqətə çatdırıblar. Nümayəndə heyəti Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin (Türkiye Cumhuriyeti Çalışma ve Sosyal Güvenlik Bakanlığı) media və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Ramazan Furkan Turkan və Ailə və Sosial Xidmətlər Nazirliyinin (Türkiye Cumhuriyeti Aile ve Sosyal Hizmetler Bakanlığı) media və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Uğur Qartal, həmin qurumların kommunikasiya sahəsi ilə bağlı digər əməkdaşları ilə görüşlər keçirib.
Ölkəmizdə əmək və sosial müdafiə sahəsində son illər aparılan islahatların, rəqəmsal, o cümlədən proaktiv xidmətlərin geniş tətbiqinin, DOST konsepsiyası və vətəndaşyönümlü idarəetmə modelinin bu sahədə kommunikasiya fəaliyyətinə də yeni innovativ yanaşmalar gətirdiyi vurğulanıb. Hər iki departamentin nümayəndələri kommunikasiya fəaliyyətləri, o cümlədən yazılı, vizual, rəqəmsal media əlaqələri, rəqəmsal platformalarla bağlı iş praktikaları, media monitorinqi, kontent hazırlanması və s. sahələrdə gördükləri işlər barədə məlumat veriblər.
Görüşlərdə qeyd edilən sahələrdə, habelə həssas əhali qrupları ilə bağlı kommunikasiya tədbirləri, habelə qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq mexanizmləri, operativ məlumatlandırma, ictimai etimadın qorunması, koordinasiya mexanizmləri ilə bağlı təcrübə mübadilələri aparılıb. Bu sahədə gələcəkdə daha sıx əlaqələrin qurulmasının önəmi vurğulanıb.