03 iyul 2026 17:02
209

Dilçilik İnstitutunun əməkdaşları Şəkidə keçirilən beynəlxalq konfransda məruzələrlə çıxış ediblər

 Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunmuş “8-ci Beynəlxalq Bəxtiyar Vahabzadə Türk Dünyası Dil, Tarix, Mədəniyyət və Ədəbiyyat Konfransı”nın açılış mərasimi keçirilmişdir.

“İki sahil” xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Mingəçevir Dövlət Universiteti, ADPU-nun Şəki filialı, İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD) və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransın tərəfdaşları sırasında Ege Universiteti, Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutu, AMEA Nəsimi adına Dilçilik İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsi, Mahmud Kaşğari adına Beynəlxalq Fond və Bəxtiyar Vahabzadənin Ev Muzeyi də yer almışdır.

Türk dünyasının müxtəlif ölkələrindən alim və tədqiqatçıların iştirak etdiyi konfransın məqsədi Bəxtiyar Vahabzadənin zəngin ədəbi-bədii irsinin elmi aspektdən araşdırılması, dil, ədəbiyyat, tarix və mədəniyyət istiqamətlərində aparılan tədqiqatların nəticələrinin müzakirəsi, eləcə də beynəlxalq elmi əməkdaşlığın inkişaf etdirilməsi olmuşdur. Konfransın bölmə iclasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçiləri, filologiya üzrə fəlsəfə doktorları, dosentlər Aytən Bəylərova və Təhminə İsmayılova məruzələrlə çıxış etmişlər.

Dosent Aytən Bəylərovanın “Bəxtiyar Vahabzadənin nəzm əsərlərində konnotativ mənalı feillərin semantik-üslubi xüsusiyyətləri” mövzusunda təqdim etdiyi məruzədə şairin poetik dilində işlənən konnotativ mənalı feillərin semantik potensialı, ekspressiv imkanları və bədii mətnin emosional təsirinin formalaşmasında rolu linqvistik aspektdən təhlil edilmişdir. Tədqiqatda konnotativ mənanın əsas komponentləri dil və nitq dixotomiyası çərçivəsində şərh olunmuş, şairin yaradıcılığı üçün səciyyəvi olan mənfi konnotasiyalı feillərin struktur-semantik və aksioloji xüsusiyyətləri müəyyənləşdirilmişdir.

Dosent Təhminə İsmayılovanın “Bəxtiyar Vahabzadə poeziyasında mətnin struktur-semantik təşkili” mövzusunda məruzəsində isə şairin poetik mətnlərinin struktur modeli, mətnyaradıcı vasitələr, semantik bütövlüyün təmin olunması yolları, leksik, sintaktik və üslubi əlaqələr sistemi mətn dilçiliyinin müasir nəzəri prinsiplərinə uyğun şəkildə araşdırılmışdır. Məruzədə Bəxtiyar Vahabzadə poeziyasının özünəməxsus xüsusiyyətləri elmi faktlar və poetik nümunələr əsasında təhlil olunmuşdur. Hər iki məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmış, elmi müzakirələr zamanı yüksək qiymətləndirilmişdir. Məruzəçilər konfransın təşkilat komitəsi tərəfindən sertifikatla təltif olunmuşlar.

Konfrans çərçivəsində iştirakçılar Bəxtiyar Vahabzadənin Ev Muzeyini də ziyarət etmişlər. Muzeydə şairin həyat və yaradıcılığını əks etdirən eksponatlar, şəxsi əşyalar, əlyazmalar, nəşrlər və fotoşəkillərlə tanış olmuş, böyük söz ustadının əziz xatirəsini ehtiramla yad etmişlər.

Qeyd edək ki, artıq ənənə halını almış beynəlxalq konfrans türk dünyasının elm və təhsil müəssisələri arasında elmi əlaqələrin möhkəmləndirilməsi, ortaq elmi layihələrin təşviqi və Bəxtiyar Vahabzadə irsinin yeni elmi yanaşmalar əsasında öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.