Avropa İttifaqına (Aİ) daxil olmaq üçün onlayn rejimdə öncədən icazə alınmasını nəzərdə tutan ümumavropa "ETIAS" sisteminin tətbiqi təxirə salınır. Cari ilin sonuna qədər fəaliyyətə başlamalı olan bu rəqəmsal sistemin işə düşməsi ən azı 2027-ci ilə qədər təxirə salınıb.
“İki sahil” xəbər verir ki, bu barədə Böyük Britaniyanın nüfuzlu "Financial Times" (FT) qəzeti məlumat yayıb. Nəşrin məlumatlı mənbələrə istinadla yazdığına görə, bu qərar artıq tətbiq edilən digər bir sistemin — "EES"in səbəb olduğu sərhəd xaosundan narazı qalan aviaşirkətlərin və hava limanlarının ciddi təzyiqi altında qəbul edilib.

Məlumata görə, Aİ üzvü olmayan ölkələrdən gələn səyyahların barmaq izlərinin skan edilməsini və biometrik fotoşəkillərinin çəkilməsini tələb edən "EES" sisteminin yavaş işləməsi irimiqyaslı texniki problemlərlə müşayiət olunur. Cari ilin aprel ayında tam gücü ilə fəaliyyətə başlayan bu sistemdəki nasazlıqlar hava limanlarında və digər sərhəd-keçid məntəqələrində kilometrlərlə uzanan növbələrin yaranmasına gətirib çıxarıb.
"Financial Times"ın əldə etdiyi sənədlərə və məlumatlara görə, "ETIAS" sisteminin tətbiqinə birbaşa cavabdeh olan rəsmi "eu-LISA" agentliyi sistemin planlaşdırılan vaxtda işə salınmasının qeyri-mümkün olduğunu etiraf edib. Sərhədlərdə tam bir nəqliyyat və miqrasiya kollapsının qarşısını almaq üçün ilk növbədə mövcud "EES" sisteminin işini tam tənzimləmək və sazlamaq qərara alınıb. Yeni fəaliyyət qrafiki isə bu ilin sentyabr ayında keçiriləcək iclaslarda müəyyənləşməlidir.
Avropa Komissiyası "ETIAS" sisteminə hazırlıq prosesinin qrafikə uyğun davam etdiyini rəsmən bəyan etsə də, bir çox yüksəkrütbəli avropalı məmurlar bu layihəyə skeptik yanaşırlar. Onların rəyinə görə, yeni onlayn icazə sisteminin real tətbiqi hələ uzun müddət gecikəcək.