“İki sahil” qəzetinin baş redakotoru,
Milli Məclisin deputatı Vüqar Rəhimzadəyə
Hörmətli Vüqar müəllim,
“İki sahil” qəzetinin yaranmasının 35 illiyi münasibətilə Sizi və qəzetin bütün kollektivini Azərbaycan Dövlət Pedaqoji Universitetinin kollektivi və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Azərbaycanın müstəqillik tarixinin mühüm bir dövründə fəaliyyətə başlayan “İki sahil” qəzeti ötən 35 il ərzində ölkəmizin ictimai-siyasi, sosial, iqtisadi və mədəni həyatında baş verən hadisələrin operativ və obyektiv şəkildə işıqlandırılmasında mühüm rol oynamışdır. Qəzet milli mətbuat ənənələrinə sadiq qalaraq cəmiyyətin maariflənməsinə, dövlətçilik ideyalarının təbliğinə, milli maraqların qorunmasına və ictimai fikrin formalaşmasına dəyərli töhfələr vermişdir.
Bu gün “İki sahil” yalnız etibarlı informasiya mənbəyi kimi deyil, həm də peşəkar jurnalistika prinsiplərini yaşadan, müasir media çağırışlarına uğurla cavab verən nüfuzlu mətbuat orqanlarından biri kimi tanınır. Qəzetin əldə etdiyi uğurlarda onun yaradıcı kollektivinin əməyi ilə yanaşı, Sizin uzunillik səmərəli fəaliyyətinizin və peşəkar rəhbərliyinizin mühüm rolu vardır. Rəhbərliyiniz dövründə “İki sahil” oxucuların etimadını qazanaraq ölkənin aparıcı media qurumlarından birinə çevrilmiş, milli jurnalistikanın inkişafına mühüm töhfələr vermişdir.
Əminik ki, “İki sahil” qəzeti gələcək illərdə də öz zəngin ənənələrini qoruyaraq Azərbaycan mediasının inkişafına, cəmiyyətin düzgün və obyektiv informasiya ilə təmin olunmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə layiqli töhfələr verəcəkdir.
Bu əlamətdar yubiley münasibətilə Sizə və “İki sahil” qəzetinin kollektivinə davamlı inkişaf, yaradıcılıq nailiyyətləri və yeni müvəffəqiyyətlər diləyirəm.
Hörmətlə,
Cəfər Cəfərov
ADPU-nun rektoru