Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın "Parlamentarilərin Rəqəmsal İdarəetmə üzrə Dialoqu" mövzusunda yüksəksəviyyəli dialoqunda iştirak edib.
“İki sahil” xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, tədbirə onlayn formatda qatılan Sahibə Qafarova çıxışında rəqəmsal idarəetmə mövzusunun getdikcə beynəlxalq ictimaiyyət üçün daha böyük əhəmiyyət kəsb etdiyini deyib. Onun sözlərinə görə, rəqəmsal transformasiya artıq sadəcə texnoloji proses deyil. O müasir idarəetmənin, dayanıqlı inkişafın və səmərəli dövlət xidmətlərinin göstərilməsinin əsas elementidir.
Milli Məclisin sədri qeyd edib ki, rəqəmsal idarəetmə müasir parlament institutlarının əsas sütunlarından birinə çevrilib. Rəqəmsal texnologiyalardan istifadə etməklə parlamentlər şəffaflığı artıra, qanunvericilik fəaliyyətinin səmərəliliyini yüksəldə, ictimai iştirakçılığı gücləndirə və bütün maraqlı tərəflər arasında inklüziv dialoqu təşviq edə bilərlər. O qeyd edib ki, rəqəmsal transformasiya, eyni zamanda, parlamentlərarası əməkdaşlığın inkişafı, bilik və qabaqcıl təcrübə mübadiləsinin sərhədlərdən kənarda genişləndirilməsi üçün yeni imkanlar yaradır.
Parlamentin sədri, eyni zamanda, vurğulayıb ki, rəqəmsal idarəetmə inklüzivlik, əlçatanlıq, hesabatlılıq, kibertəhlükəsizlik və insan hüquqlarının, o cümlədən şəxsi həyatın toxunulmazlığı hüququnun qorunması prinsiplərinə əsaslanmalıdır. Sahibə Qafarovanın sözlərinə görə, rəqəmsal uçurumun aradan qaldırılması bütün parlamentlərin və vətəndaşların rəqəmsal transformasiya prosesindən bərabər şəkildə faydalanmasını təmin etmək baxımından ortaq məsuliyyətdir. Rəqəmsal texnologiyalar demokratik idarəetməni dəstəkləyən mühüm vasitə kimi çıxış etməli, dövlət institutlarına ictimai etimadı möhkəmləndirməli, açıq, şəffaf və vətəndaşların ehtiyaclarına həssas parlament dialoqunun inkişafına xidmət etməlidir. Beynəlxalq əməkdaşlığın gücləndirilməsi və potensialın artırılması istiqamətində birgə səylər rəqəmsal idarəetmənin dayanıqlı inkişafa, demokratik dayanıqlığın möhkəmləndirilməsinə və səmərəli parlament institutlarının formalaşmasına töhfə verəcək.
Milli Məclisin sədri çıxışında Azərbaycanın rəqəmsal idarəetmənin inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdırıb. Məlumat verilib ki, Azərbaycan Milli Məclisi rəqəmsal innovasiyalar üçün hüquqi bazanın möhkəmləndirilməsi və eyni zamanda, hüquqi müəyyənliyin təmin edilməsi istiqamətində aktiv fəaliyyət göstərir.
Sahibə Qafarova, həmçinin parlamentin fəaliyyətində rəqəmsal texnologiyaların tətbiqi haqqında da məlumat verib.
Milli Məclisin sədri sonda qeyd edib ki, rəqəmsal transformasiya özlüyündə məqsəd deyil, daha keyfiyyətli idarəetməyə nail olmaq üçün bir vasitədir.