11 iyul 2026 16:48
86

“Niyə Azərbaycanda da çempion olmayım?" - Vernidub

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub ölkəsi Ukraynanın - ua.tribuna.com saytına müsahibə verib.

“İki sahil” müsahibəni təqdim edir.

– Gəlin, əvvəlcə “Neftçi” ilə yeni müqavilənizdən başlayaq. Başqa variantları nəzərdən keçirirdiniz, yoxsa komandada hər şey sizi qane edir?

– “Neftçi”də hər şey məni qane edir. Bu, yaxşı komandadır və şərait də pis deyil. Rəhbərlik mənə yeni müqavilə təklif etdi, mən də dərhal razılıq verdim. Hər şey əladır.

– Yeni mövsümün hədəfləri barədə artıq danışmısınız?

– Məqsədlər həmişə ən yüksək olur. Üstəlik, bu il “Neftçi” 90 illik yubileyini qeyd edir. Buna görə də mümkün olan ən yüksək nəticəni əldə etmək istəyirik. Amma yubiley olmasa belə, “Neftçi” Azərbaycan futbolunun tarixi klublarından biridir və burada qarşıya qoyulan vəzifələr həmişə yüksək olur.

– Ötən mövsümü dördüncü pillədə başa vurdunuz. İndi hansı əyarlı medalları hədəfləyirsiniz?

– Ən yüksək əyarlı medalları qazanmaq istəyirik, qalanını zaman göstərəcək. Mən Belarus və Moldovada iki dəfə çempion olmuşam. Niyə Azərbaycanda da çempion olmayım? Özüm də bunu istəyirəm və qarşıya belə bir məqsəd qoyulmasına sevinirəm.

– Siz Konfrans Liqasının təsnifat mərhələsində çıxış edəcəksiniz. Orada hansı uğura nail olmaq istərdiniz?

– Bəli, çempionatda dördüncü yeri tutmaqla Konfrans Liqasının ikinci təsnifat mərhələsinə vəsiqə qazandıq. Mən Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələlərində çıxış etmişəm, amma Konfrans Liqasının qrupunda oynamamışam. Buna görə də ora düşməyi çox istəyirəm.

– Azərbaycan futbolu haqqında nələri bilməliyik?

– Çempionat çox maraqlıdır. Yüksək liqada 12 komanda üç dövrədə mübarizə aparır. Püşk elə atılır ki, bəzi rəqiblərlə üç oyundan ikisini evdə, bəzən isə ikisini səfərdə keçirə bilərsən. Bu baxımdan maraqlı sistemdir.

Çempionat gözlənilməzdir. Turnir cədvəlinin aşağı pillələrində yer alan komandalardan nə gözləyəcəyini bilmirsən. Məsələn, “Qarabağ” “Kəpəz” kimi komandalarla matçlarda çempionluq baxımından vacib xallar itirib. Azərbaycanda kifayət qədər güclü klublar var – “Neftçi”, “Qarabağ”, “Sabah”, “Zirə”, “Sumqayıt”, “Araz-Naxçıvan”. Sadaladığım bu altı komanda daim yüksək yerlər uğrunda mübarizə aparır.

Ümumilikdə, çempionat pis deyil. Baxın, hazırda təlim-məşq toplanışları gedir və Ukrayna klubları yoxlama oyunlarında “Qarabağ”la “Sabah”a qalib gəliblər. Amma bunlar sadəcə hazırlıq matçlarıdır. Heç kim bilmir ki, komandalar həmin oyunlara necə hazırlaşır. Bəziləri böyük fiziki yüklənmələr altında çalışır, digərləri isə matçlara ayrıca hazırlaşır. Buna görə də nəyisə dəqiq demək çətindir.

Azarkeşlər matçlara gəlirlər, xüsusən də “Neftçi” “Qarabağ” və ya “Sabah”la oynayanda. Ötən mövsüm “Qarabağ”la evdə keçirdiyimiz iki oyunda stadion demək olar ki, tam dolmuşdu. “Neftçi”, “Qarabağ” və “Sabah”ın çoxlu azarkeşi var.

– Ötən mövsüm Ukrayna futbolunda hakimlik çox müzakirə olunurdu. Azərbaycanda vəziyyət necədir?

– Azərbaycanda hakimlik də hər yerdə olduğu kimidir. İnsanlar səhv edir, narazılıqlar olur. Düşünürəm ki, bu, məşqçilərin çox da danışmaq istəmədiyi ağrılı mövzulardan biridir. İstəsək də, istəməsək də, belə hallar həmişə olub və olacaq.

Hətta dünya çempionatında da bunu görürük. Orada da səhvlər və mübahisəli qərarlar olur. Hər məşqçi hakimlərin səhv etdiyini düşünəcək, hakimlər isə öz qərarlarını müdafiə edəcəklər. Ötən mövsüm mənim də belə vəziyyətim oldu, xüsusən “Zirə” ilə oyunda. Həmin görüş heç-heçə başa çatdı və itirdiyimiz xallar üçüncü yeri tutmağımıza mane oldu.

Biz “Turan Tovuz”la eyni sayda xal toplamışdıq, amma burada əvvəlcə komandaların qələbələrinin sayına baxılır. Belə hallar olur və artıq heç nəyi dəyişmək mümkün deyil. Hər kəs səhvin olduğunu etiraf etsə də, bu qərarı geri qaytarmaq mümkün deyil. Buna görə də səbirli olmaq və bir-birinə hörmətlə yanaşmaq lazımdır. Emosiyalar var, amma onları idarə etməyi bacarmaq lazımdır.

– Futbolçularınız və klub nümayəndələri “Neftçi”nin oyununda və nəticələrində irəliləyiş olduğunu qeyd ediblər. Buna necə nail oldunuz?

– Buraya gələndə demişdim ki, komandada kifayət qədər yaxşı futbolçular var. Hamısı texnikalı və sürətlidir. Sadəcə, oyun üzərində bir qədər işləmək lazım idi. Uşaqlar bizi dərhal başa düşdülər və xarakter göstərdilər. Onların hər birinə minnətdaram ki, həm mənim, həm də məşqçilər korpusumun fəlsəfəsini qəbul etdilər. Məhz buna görə irəliyə doğru addım ata bildik.

İndi komanda yenilənib və hər şeyə yenidən başlamaq lazımdır. Amma burada problem görmürəm. Futbolçular hazırdır, çalışırlar və səbir göstərirlər. Düşünürəm ki, hər şey yaxşı olacaq. Qarşıya qoyulan məqsədlərə çatmaq üçün əlimizdən gələni edəcəyik. Bu, bizim gücümüz daxilindədir.

Xarakter və intizam əsas amillərdir. Futbolçuların dediklərimizi necə başa düşməsi, meydanda nə görmək istədiyimizi anlaması, hücum və müdafiə sistemlərini qavraması da vacibdir. Onlar bunların hamısını başa düşür və yerinə yetirirlər. Məhz buna görə nəticə var. Əks halda uğur qazanmaq mümkün deyil.

Kimsə nəyisə başa düşmürsə, gəlib soruşa bilər. Biz hər şeyi izah edirik. Futbolçular bilirlər ki, telefonum günün 24 saatı açıqdır. Əsas məsələ diqqətli olmaq və xarakter göstərməkdir. Nəsə alınmasa belə, əsəbiləşmək yox, daha çox işləmək lazımdır.

– Mən heç vaxt Azərbaycanda olmamışam. 2026-cı ildə bu ölkə necədir?

– Azərbaycan çox xoşuma gəlir. Azərbaycanlılar çox tərbiyəli, mehriban və qonaqpərvər insanlardır. Onlarla ünsiyyətdə heç bir problem yoxdur. Paytaxt Bakı çox gözəl şəhərdir və sürətlə inkişaf edir. Şəhər Xəzər dənizinin sahilində yerləşdiyi üçün burada balıq seçimi də çoxdur.

Yeməklər çox dadlıdır, yerli mətbəxi bəyənirəm. Yayda isti olur, amma qış Ukraynadakı qədər sərt keçmir. Burada temperatur adətən +30, +32 dərəcə olur, lakin dənizə görə rütubət yüksəkdir. Temperatur +25, +27 dərəcəyə çatanda belə nəfəs almaq çətinləşir. Yeganə xilaskar küləkdir. Bakını təsadüfən “küləklər şəhəri” adlandırmayıblar. Məhz bu külək havanı bir qədər sərinləşdirir və istiyə dözməyi asanlaşdırır. Azərbaycan haqqında pis heç nə deyə bilmərəm. Üstəlik, azərbaycanlılar Ukraynaya çox dəstək olur və kömək edirlər. Bu xalqı və insanları çox sevirəm. Hər şey əladır.

– “Neftçi”də işlədiyiniz müddətdə başınıza gələn maraqlı hadisələrdən danışın.

– Mən çox sakit və təmkinli insanam. Həyat yoldaşımla şəhərdə gəzəndə insanlar yaxınlaşıb şəkil çəkdirir, “Neftçi”yə qələbələr arzulayırlar. Belə hallar çox olur. Xüsusilə də hansısa restorana nahar və ya şam yeməyinə gedəndə. Ofisiantların çoxu məni tanıyır, hörmətlə yanaşırlar, söhbət edirik. Ümumiyyətlə, hər şey yaxşıdır. Açığı, danışacaq xüsusi bir hadisə yadıma düşmür.

– Adınız tez-tez Ukrayna millisinin baş məşqçisi vəzifəsi ilə bağlı hallanır. Gələcəkdə millidə işləmək arzunuz varmı?

– Düşünürəm ki, bu, hər bir məşqçinin arzusu olmalıdır. Milli komandada işləmək özünü göstərmək üçün böyük şansdır. Çox maraqlı və məsuliyyətli vəzifədir. Amma anlayıram ki, məndən başqa da buna layiq olan çoxlu mütəxəssis var.

Andrea Maldera (Ukrayna millisinin hazırkı baş məşqçisi) ukraynalı deyil, amma tam haqqı ilə həmin vəzifəni tutur. Ona uğurlar arzulayıram ki, millimiz onun rəhbərliyi altında ən yüksək nəticələr qazansın. Milli komandanın bütün futbolçuları onun haqqında çox müsbət danışırlar. Düşünürəm ki, hər şey yaxşı olacaq.

– Siz Ukraynaya qayıdaraq orduda xidmət etməyə başlamışdınız. Amma “Neftçi”də çalışdığınız dövrdə də bəzi hadisələr baş verdi. Söhbət Kurban Berdıyevlə əl sıxmağınızdan və klubunuzun Moskvanın “Lokomotiv”i ilə əməkdaşlığından gedir. Bu hadisələri necə yaşadınız?

– Mən həmişə ukraynalı olmuşam, indi də ukraynalıyam və həmişə də ukraynalı qalacağam. Açığı, bu barədə yazılanları oxumaq mənə çox çətin idi. Xüsusilə də məni tanıyan insanların bunu yazması. Amma bu, onların haqqıdır. Hamı özünü ağıllı hesab edir və hər şeyi bildiyini düşünür. Həyatda belə hallar olur, insan səhv edə bilər. Əsas odur ki, həmin səhvləri qəbul edib nəticə çıxarsın. Qalan hər şey artıq tarixdir.

– Bu mövzuda klub rəhbərliyi ilə danışmısınız?

– Mən kluba gələn kimi bu məsələni müzakirə etmişdim. Çünki həmin məlumatı hamı kimi mən də xəbərlərdən öyrənmişdim. Bu əməkdaşlıq uşaq akademiyasına aiddir və mən gəlməzdən xeyli əvvəl razılaşdırılmışdı. Bu, mənim işimlə heç bir əlaqəsi olmayan məsələdir. Mən uşaq akademiyasında çalışmıram və onların münasibətlərinə təsir göstərə bilmərəm. Amma sizi əmin edə bilərəm ki, mən heç yerə getmirəm və getməyəcəyəm. Mən Azərbaycanda əsas komanda ilə işləyirəm.