12 iyul 2026 20:20
85

Kanada Siqh Federasiyasının prezidenti: Şuşa Qlobal Media Forumu açıq dialoqa və həqiqətin təşviqinə xidmət edir

Dünyada baş verən hadisələr fonunda IV Şuşa Qlobal Media Forumunun mövzusu son dərəcə vacibdir. Qlobal Cənubda yaşayan bir çox azlıq icmaları Bakıya səslərinin toplandığı əsas məkanlardan biri kimi baxırlar. Bu cür media forumları bizlərə digər jurnalistlərdən öyrənmək və fikirlərini açıq şəkildə ifadə etmək imkanı yaradır.

“İki sahil” xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində IV Şuşa Qlobal Media Forumunun iştirakçısı Kanada Siqh Federasiyasının prezidenti Bual Moninder Singh deyib.

O bildirib ki, IV Şuşa Qlobal Media Forumunun əsas məqsədi açıq müzakirələrə şərait yaratmaq, dezinformasiyaya və yanlış məlumatların yayılmasına qarşı çıxmaq, icmalara qarşı təbliğatdan istifadə edilməməsini təşviq etməkdir. Bu Forum onu göstərir ki, Bakı və Azərbaycan hazırda azlıq icmalarına öz səslərini çatdırmaq üçün platforma təqdim edir. Bu, bəzi digər yerlərdə müşahidə etdiyimiz vəziyyətdən fərqlənir. Həmin yerlərdə media adətən yalnız bir mövqeyi, əksər hallarda isə təbliğat xarakterli narrativi ictimaiyyətə təqdim edir.