İstanbulda Türk Dövlətləri Təşkilatı (TDT), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), İbn Haldun Universiteti və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən III Türk Dünyası Yay Forumu çərçivəsində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Vəfa Abdullayeva-Nəbiyeva "Türk dünyasında əlifba islahatı və mədəni intibah" mövzusunda məruzə ilə çıxış edib.
“İki sahil” xəbər verir ki, məruzədə Ortaq Türk əlifbasının qəbul edilməsinin türk dövlətləri arasında dil birliyinin möhkəmləndirilməsi, elmi və təhsil əməkdaşlığının genişləndirilməsi, rəqəmsal kommunikasiya imkanlarının artırılması, eləcə də ortaq mədəni irsin gələcək nəsillərə daha səmərəli şəkildə ötürülməsi baxımından əhəmiyyəti vurğulanıb. Həmçinin Ortaq Türk əlifbasının türk xalqları arasında inteqrasiyanın gücləndirilməsi, ortaq informasiya məkanının formalaşdırılması və mədəni əlaqələrin inkişafına verəcəyi töhfələrdən bəhs edilib.
Forumun sonunda dosent Vəfa Abdullayeva-Nəbiyeva türk dili, mədəniyyəti və ortaq dəyərlərinin təbliği istiqamətindəki fəaliyyətinə görə "Divanü-lüğət-it türk" mükafatı ilə təltif olunub.