“Meta” şirkəti istifadəçilərin nə vaxt güldüyünü, ah çəkdiyini və danışıq tərzini təhlil edərək onların emosional vəziyyətlərini müəyyənləşdirə bilən süni intellekt sistemi üçün patent müraciəti edib.
ABŞ Patent və Əmtəə Nişanları İdarəsinə təqdim olunan və iyulun 2-də dərc edilən patent müraciətində istifadəçinin emosional vəziyyətini konkret zaman kəsiyində qiymətləndirə bilən, onun yerləşdiyi məkanı və fəaliyyətini izləyən süni intellekt əsaslı cihaz təsvir olunur. Sənəddə qeyd edilir ki, əldə olunan şəxsi emosional göstəricilər istifadəçiyə öz psixoloji vəziyyəti haqqında məlumat vermək məqsədilə təqdim ediləcək.
Patentə əsasən, emosiyaların təhlili üçün hazırlanmış maşın öyrənməsi modeli həm danışıq zamanı istifadə olunan ifadələri, həm də səs tonu, gülüş, ah çəkmə kimi qeyri-verbal siqnalları analiz edərək insanın emosional vəziyyətini müəyyənləşdirə bilir.
Müraciətdə nümunə kimi göstərilir ki, istifadəçi evdən videobağlantı vasitəsilə danışarkən passiv üslubdan istifadə edərsə, sistem bunu qeydə alaraq təhlil edəcək. Daha sonra toplanan məlumatlar əsasında istifadəçiyə müəyyən dövr ərzində emosional vəziyyəti ilə bağlı qiymətləndirmə təqdim olunacaq. Məsələn, sistem "Bu ay minnətdarlıq hissinizi daha çox ifadə etmisiniz" kimi rəy verə bilər.
Patent barədə ilk məlumat yayan “Patentlyze” platforması bildirir ki, sistemin istifadəçinin olduğu məkan, fəaliyyəti və tətbiqlərdən istifadəsi ilə əlaqəli davamlı səs məlumatlarını emal etməsi bu müraciəti “Meta”nın son dövrlərdə təqdim etdiyi ən diqqətçəkən patentlərdən birinə çevirir.
Platformanın qiymətləndirməsinə görə, emosional vəziyyətin izlənməsini sağlamlığa və ya həyat tərzinə dəstək kimi təqdim etmək əslində davamlı emosional müşahidə sistemini gizlədən yanaşma təsiri bağışlayır və bu səbəbdən patent ictimai müzakirəyə layiqdir.
Patent müraciəti “Facebook” və “Instagram” platformalarının sahibi olan “Meta” şirkətinin şəxsi məlumatların toplanması imkanlarını daha da genişləndirə biləcəyi ilə bağlı məxfilik hüquqlarını müdafiə edən təşkilatların narahatlığını da artırıb. Hazırda “Meta” internet üzərindən istifadəçilərin davranışlarını izləyərək onların maraq dairəsi və vərdişləri haqqında ətraflı profillər formalaşdırır. Şirkət bu məlumatlardan daha hədəflənmiş reklamların təqdim olunması üçün istifadə edir. Qeyd olunur ki, reklam gəlirləri “Meta”nın ümumi gəlirlərinin 97 faizdən çoxunu təşkil edir.
Texnologiya sahəsində fəaliyyət göstərən “Fairplay” təşkilatının icraçı direktoru Coş Qolin “New York Post” qəzetinə açıqlamasında bildirib ki, bu patent istifadəçilərin emosional həssaslıqlarını reklam məqsədilə qiymətləndirməyə yönəlmiş daha geniş planın tərkib hissəsi təsiri bağışlayır. Onun sözlərinə görə, bu cür texnologiyalar xüsusilə yeniyetmələr və digər həssas istifadəçi qrupları üçün ciddi risk yaradır. Qolin hesab edir ki, bu vəziyyət şəxsi məlumatların toplanmasını məhdudlaşdıran və azyaşlılara yönəlmiş hədəfli reklamları qadağan edən məxfilik qanunvericiliyinin qəbulunun vacibliyini bir daha göstərir.
Şahnigar Əhmədova, “İki sahil”