14 iyul 2026 02:28
107

Endi Börnham Böyük Britaniyanın növbəti Baş naziri olmağa hazırlaşır

Böyük Britaniyada Leyboristlər Partiyasının rəhbərliyi uğrunda yarışda Endi Börnham partiya deputatlarının böyük əksəriyyətinin dəstəyini qazanaraq növbəti Baş nazir olmağa hazırlaşır.

“İki sahil” “The Independent” qəzetinə istinadla xəbər verir ki, daha 27 leyborist deputatın dəstəyini alan Endi Börnhamı dəstəkləyən deputatların sayı 349-a çatıb. Bu, onu partiya liderliyi uğrunda yeganə namizədə çevirib. Belə ki, digər namizədlərin yarışa qoşulmaq üçün tələb olunan 81 deputatın dəstəyini toplaması artıq mümkün deyil.

Ötən həftə Leyboristlər Partiyasının parlament fraksiyasının təxminən 80 faizi Endi Börnhamın namizədliyini rəsmi şəkildə dəstəkləmişdi. Son dəstək bəyanatları isə onun partiya liderliyini faktiki olaraq təmin edib.

Məlumata görə, Kir Starmeri əvəz edəcək Endi Börnhamın iyulun 17-də keçiriləcək partiyanın növbədənkənar konfransında Leyboristlər Partiyasının lideri elan olunacağı gözlənilir. Onun iyulun 20-dən Böyük Britaniyanın Baş naziri vəzifəsinin icrasına başlaması nəzərdə tutulur.