14 iyul 2026 13:18
75

Hikmət Hacıyev Şuşada D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Sohail Mahmud, Təşkilatın direktoru Mustafa Özcan və Baş katibin icraçı köməkçisi Muhammad Bilal Xan ilə görüşüb.

“İki sahil” xəbər verir ki, görüşdə Azərbaycanla D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Hikmət Hacıyev Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda D-8 çərçivəsində Media Mükəmməllik Mərkəzinin yaradılması təşəbbüsünün irəli sürüldüyünü xatırladıb. O qeyd edib ki, məhz dövlətimizin başçısının bu təşəbbüsü çərçivəsində ötən il Azərbaycanda ilk dəfə D-8 Media Forumu keçirilib. D-8 Media Mükəmməllik Mərkəzinin fəaliyyətə başlaması isə həmin təşəbbüsün məntiqi davamıdır.

Sohail Mahmud öz növbəsində Azərbaycanda D-8 Media Mükəmməllik Mərkəzinin yaradılması münasibətilə təbriklərini çatdırıb və buna görə təşəkkürünü ifadə edib.

Söhbət zamanı Mərkəzin D-8-ə üzv dövlətlərin media nümayəndələrinin peşəkar hazırlığı, süni intellekt və media sahələrində yeni çağırışların müzakirəsi, dezinformasiyaya qarşı mübarizə istiqamətində təlimlərin təşkili və təcrübə mübadiləsinin aparılması üçün mühüm platforma rolunu oynayacağı vurğulanıb.