“Prezident İlham Əliyev Şuşada keçirilən IV Qlobal Media Forumda media nümayəndələrinin suallarını əhatəli və dolğun şəkildə cavablandırmaqla yanaşı olduqca mühüm mesajlar səsləndirib. Şuşa şəhəri növbəti dəfə qlobal əhəmiyyətli beynəlxalq tədbirə ev sahibliyi edir. Bu dəfə “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumu media nümayəndələrini, ekspertləri, beynəlxalq təşkilatların təmsilçilərini və kommunikasiya sahəsində fəaliyyət göstərən nüfuzlu şəxsləri bir araya gətirib.”
“İki sahil” xəbər verir ki, bu sözləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak etməklə yanaşı müxtəlif ölkələrdən tədbirə qatılan media nümayəndələrinin suallarını cavablandıraraq Azərbaycanın regional və qlobal gündəmdə yer alan məsələlərə dair mövqeyini ətraflı şəkildə diqqətə çatdırıb: “Azərbaycan Prezidentinin himayəsi ilə təşkil olunan Şuşa Qlobal Media Forumu artıq ənənəvi beynəlxalq platformaya çevrilərək media, informasiya təhlükəsizliyi, qlobal kommunikasiya, rəqəmsal transformasiya və beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirə olunduğu nüfuzlu tədbirlər sırasında öz yerini möhkəmləndirib. Bu il Forumun “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunması müasir dövrdə medianın üzərinə düşən məsuliyyətin daha da artdığını göstərir.
Açılış mərasimində çıxış edənlər informasiya müharibələrinin, dezinformasiyanın, saxta xəbərlərin və manipulyativ informasiya axınının qlobal təhlükəsizlik üçün yaratdığı risklərdən bəhs edərək, peşəkar jurnalistikanın, obyektiv informasiya siyasətinin və beynəlxalq media əməkdaşlığının əhəmiyyətini xüsusi vurğulayıblar. Bildirilib ki, münaqişədən sonrakı dövrdə həqiqətlərin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması, etimad mühitinin formalaşdırılması və davamlı sülhün təşviqində medianın rolu əvəzsizdir”.
Deputat bildirib ki, Prezident İlham Əliyev Forum çərçivəsində keçirilən geniş sual-cavab sessiyasında beynəlxalq media nümayəndələrinin ünvanladıqları çoxsaylı suallara tam əahətəli və dolğun şəkildə cavablandırıb: “Dövlətimizin başçısı Azərbaycanın xarici siyasət prioritetləri, regionda sülh gündəliyi, Ermənistan ilə münasibətlərin normallaşdırılması prosesi, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri, Böyük Qayıdış Proqramının icrası, beynəlxalq əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, COP29-un irsi, eləcə də qlobal siyasi proseslər barədə ətraflı fikirlərini bölüşüb.
Ölkəmizin başçısının da bəyan etdiyi kimi Azərbaycan postmünaqişə dövründə bölgədə dayanıqlı sülhün təmin olunması istiqamətində ardıcıl təşəbbüslərlə çıxış edir və regionda uzunmüddətli sabitliyin təmin edilməsində maraqlıdır. Sözsüz ki, informasiya məkanında həqiqətlərin təhrif edilməsinin qarşısının alınması, obyektiv jurnalistikanın dəstəklənməsi və beynəlxalq ictimaiyyətin düzgün məlumatlandırılması müasir dövrün əsas çağırışlarındandır.
Təbii ki, Forum iştirakçıları Şuşanın qısa müddət ərzində beynəlxalq dialoq və əməkdaşlıq məkanına çevrilməsini yüksək qiymətləndirərək, şəhərin yalnız Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də qlobal fikir mübadiləsinin aparıldığı nüfuzlu platforma kimi formalaşdığının şahidi olublar. Bu mənada Şuşada keçirilən beynəlxalq tədbirlər müxtəlif ölkələr arasında əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və yeni tərəfdaşlıqların qurulmasına mühüm töhfə verir.
IV Şuşa Qlobal Media Forumunda müxtəlif ölkələrdən yüzlərlə media rəhbəri, informasiya agentliklərinin nümayəndələri, jurnalistlər, analitiklər, beynəlxalq təşkilatların təmsilçiləri və kommunikasiya üzrə mütəxəssislər iştirak edirlər. Forum çərçivəsində media savadlılığı, süni intellektin jurnalistikaya təsiri, rəqəmsal transformasiya, informasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı mübarizə, münaqişədən sonrakı dövrdə media diplomatiyası və qlobal kommunikasiya sahəsində aktual məsələlərə həsr olunmuş panel müzakirələrin keçirilməsi də nəzərdə tutulur”.
Sevinc Hüseynova hesab edir ki, Şuşa Qlobal Media Forumu artıq beynəlxalq media ictimaiyyətinin diqqət mərkəzində olan mühüm platformaya çevrilib: “Forum həm peşəkar jurnalistlər arasında əməkdaşlığın genişlənməsinə, həm də müasir dövrün informasiya çağırışları ətrafında açıq dialoqun təşviqinə xidmət edir.
Prezident İlham Əliyevin Forum çərçivəsində beynəlxalq media nümayəndələrinin suallarını açıq və ətraflı cavablandırması Azərbaycanın şəffaf dialoqa, beynəlxalq əməkdaşlığa və obyektiv informasiya mübadiləsinə verdiyi önəmin bariz ifadəsi kimi qiymətləndirilir. Dövlət başçısının səsləndirdiyi mesajlar Azərbaycanın regionda sülh, sabitlik və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq modelini dəstəklədiyini, eyni zamanda informasiya mühitində həqiqətin qorunmasının və məsuliyyətli medianın təşviqinin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu bir daha nümayiş etdirdi.
IV Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq informasiya məkanında artan nüfuzunun, Şuşanın qlobal dialoq mərkəzi kimi mövqeyinin möhkəmlənməsinin və ölkəmizin beynəlxalq əməkdaşlığa verdiyi töhfənin daha bir parlaq nümunəsi kimi tarixə düşür”.