14 iyul 2026 14:59
167

Heydər Əliyevin siyasi rəhbərliyə gəlişi və müasir Azərbaycanın inkişaf strategiyasının başlanğıcı

İyulun 14-də Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı və Masallı Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “14 İyul 1969: Heydər Əliyevin siyasi rəhbərliyə gəlişi və müasir Azərbaycanın inkişaf strategiyasının başlanğıcı” mövzusunda tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbir iştirakçıları ilk olaraq Masallı Heydər Əliyev Mərkəzində ekskursiyada iştirak edərək, Ümummilli Liderin zəngin dövlətçilik fəaliyyətini əks etdirən geniş ekspozisiya və fotomateriallarla yaxından tanış olublar.

Ekskursiyanın ardınca Ulu Öndərin Azərbaycana rəhbərliyinin birinci dövrünü əhatə edən video təqdimat nümayiş olunub. Sənədli xronikada dahi rəhbərin 1969–1982-ci illərdə həyata keçirdiyi köklü islahatlar, iqtisadi dirçəliş və milli oyanış prosesi tarixi faktlarla iştirakçıların diqqətinə çatdırılıb.

Ulu öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edildikdən sonra Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək 1969-cu il iyulun 14-nün Azərbaycanın müasir tarixinə dönüş nöqtəsi və milli intibahın başlanğıcı kimi həkk olunduğunu geniş şəkildə diqqətə çatdırıb. Seyfəddin Əliyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərliyə gəlişi sadəcə hakimiyyət dəyişikliyi deyil, ölkənin bütün sahələrini əhatə edən böyük canlanmanın, iqtisadi, siyasi və mədəni yüksəlişin təməl daşı idi. Onun hakimiyyətinin birinci dövründə Azərbaycan geridə qalmış aqrar respublikadan qısa müddətdə nəhəng sənaye mərkəzinə, SSRİ-də özünü tam təmin edən qabaqcıl dövlətlərdən birinə çevrildi.

Rayon təşkilatının sədri dahi rəhbərin uzaqgörən fəaliyyətinin əsas istiqamətlərinə toxunaraq bildirib ki, məhz həmin illərdə gələcək müstəqil dövlətin iqtisadi bazası yaradıldı, yüzlərlə iri sənaye müəssisəsi, zavod və fabriklər istifadəyə verildi. Ən önəmlisi isə, Heydər Əliyevin milli kadr korpusunun formalaşdırılması sahəsindəki tarixi addımları sayəsində minlərlə azərbaycanlı gənc ittifaqın ən nüfuzlu ali hərbi və mülki məktəblərinə təhsil almağa göndərildi və bu potensial bu gün də dövlətimizə xidmət edir. Sədr vurğulayıb ki, 1969-cu ildə əsası qoyulan müasir inkişaf strategiyası və milli oyanış prosesi Azərbaycanın dövlət müstəqilliyini qaçılmaz etdi. Bu gün həmin dahi strategiya Ulu Öndərin layiqli varisi, Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir, Zəfər qazanmış qüdrətli ölkəmiz dünyada yeni rəhbərlik zirvələrini fəth edir.

Tədbirdə Masallı Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva çıxış edərək qeyd etmişdir ki, Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə sıx bağlıdır. Ulu Öndər rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Ulu Öndərin 1969-cu ildən Azərbaycana rəhbərlik etdiyi dövr xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur.

Daha sonra çıxış edən Tahirə Məmmədova, Gülər Piriyeva və başqaları 14 iyul tarixinin Azərbaycanın dövlətçilik salnaməsindəki müstəsna yerindən, Dahi Rəhbərin xalqın milli özünüdərk və azadlıq hissinin oyanmasındakı əvəzsiz xidmətlərindən bəhs ediblər. Bildirilib ki, məhz Heydər Əliyevin uzaqgörən, milli maraqlara söykənən siyasəti və sarsılmaz iradəsi sayəsində ölkəmiz qısa müddətdə hərtərəfli şəkildə intibah dövrünə qədəm qoyaraq dövrün ən qabaqcıl, dinamik inkişaf edən və rəqabətədavamlı respublikalarından birinə çevrilmişdir.