14 iyul 2026 17:44
88

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Göygöldə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

“İki sahil” xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Nazirliyin Aparat rəhbəri Azad Cəfərli iyulun 14-də Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında Göygöl rayonu və Gəncə şəhərindən olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Vətəndaşların müraciətləri əsasən subsidiya ödənişləri, işlə təmin olunma, damazlıq heyvan, texnika və avadanlıq lizinqi, aqrar sahədə elmi fəaliyyət, toxumçuluq, tingçilik və digər məsələlərlə bağlı olub.

Aparat rəhbəri Azad Cəfərli hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Aparat rəhbəri vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı Sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb.

Daha sonra Azad Cəfərli Göygöl rayonunun Aşıqlı kəndində fermer Mustafayev Rafailə məxsus 160 hektarlıq taxıl sahəsinə, Göygöl şəhərində fermer Zalov Fuada məxsus meyvə bağına baxış keçirib. Baxış zamanı fermer və sahibkarlarla aqrar sektorda innovativ texnologiyaların tətbiqi, kənd təsərrüfatına dövlət dəstəyi tədbirləri və aqrar sahənin digər aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın prioritet istiqamətləri, aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsi, toxumçuluq potensialının inkişaf etdirilməsi baytarlıq və fitosanitar xidmətlər sisteminin gücləndirilməsi ilə bağlı nəzərdə tutulan tədbirlər barədə geniş məlumat verilib.