14 iyul 2026 19:35
95

“Ulu Öndər Heydər Əliyev yolu: Müstəqilliyin, Zəfərin və Böyük Qayıdışın təməli” mövzusunda tədbir keçirilib - FOTO

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qaradağ Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlməsinin 57-ci ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev yolu: Müstəqilliyin, Zəfərin və Böyük Qayıdışın təməli” mövzusunda tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, eyni zamanda, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov 1969-cu ilin 14 iyul tarixinin Azərbaycanın müasir dövlətçilik tarixində dönüş nöqtəsi olduğunu bildirib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin birinci hakimiyyəti dövründə atılan uzaqgörən addımlar respublikamızın gələcək müstəqilliyinin, iqtisadi və intellektual potensialının möhkəm bünövrəsini qoyub.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov çıxışında Ulu Öndərin xilaskarlıq missiyasından söhbət açıb. Emil Abbasov bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gələn Ümummilli Lider ölkəni xaosdan və parçalanmaqdan xilas etdi, müasir inkişafın əsasını qoydu. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramı və işğaldan azad edilmiş ərazilərdəki genişmiqyaslı quruculuq işləri məhz Heydər Əliyev irsinin təntənəsidir.

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Mübariz Qurbanlı çıxışında Heydər Əliyev ideyalarının milli dövlətçilik üçün müstəsna əhəmiyyətini vurğulayıb.  Qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və suverenliyimizin tam bərpa olunması Ulu Öndərin illər öncə müəyyənləşdirdiyi strateji hədəflərin reallığa çevrilməsinin əyani sübutudur.

Milli Məclisin deputatı Səbinə Xasayeva öz çıxışında gənclərin azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə olunmasında və qadınların ölkənin ictimai-siyasi həyatında fəallığının artırılmasında Ulu Öndərin rolunu xüsusi vurğulayıb. Deputat bildirib ki, müasir Azərbaycan gəncliyi Ulu Öndər Heydər Əliyev yoluna sadiq qalaraq ölkəmizin tərəqqisinə öz töhfəsini verməkdədir.

Lökbatan Tibb Mərkəzinin direktoru, tibb elmləri doktoru, professor Elçin Hüseynov Ulu Öndər Heydər Əliyevin Azərbaycan səhiyyəsinin inkişafındakı müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, Ümummilli Liderin hələ sovet dövründən başlayaraq tibb sahəsinə göstərdiyi diqqət və qayğı bu gün müasir, modern səhiyyə sistemimizin möhkəm təməlini qoyub. Professor vurğulayıb ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə səhiyyə infrastrukturu tamamilə yenidən qurulub, İcbari Tibbi Sığortanın tətbiqi ilə əhalinin keyfiyyətli tibbi xidmətlərə əlçatanlığı maksimum dərəcədə təmin olunub.

Qaradağ rayonundakı 180 nömrəli tam orta məktəbin direktoru, YAP veteranı Atakişi Cəfərov Ümummilli Liderin təhsilə, elmə və milli kadr hazırlığına verdiyi böyük diqqətdən danışıb. Bildirib ki, Sovet dövründən başlayaraq gənclərin keçmiş İttifaqın nüfuzlu ali məktəblərinə göndərilməsi Azərbaycanın bu gün malik olduğu intellektual kapitalın təməlini təşkil edir.

II Qarabağ – Vətən müharibəsi qazisi Bəhram Rəcəbli çıxışında ölkəmizdə şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına göstərilən dövlət qayğısından bəhs edib. Bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qazanılan Zəfər hər bir Azərbaycan gənci və hərbçisi üçün əbədi qürur mənbəyidir.

Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarının  təbliğində və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvləri Fəxri fərmanlarla təltif olunublar. Həmçinin Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.

Şəmsiyyə Əliqızı, “İki Sahil”