15 iyul 2026 11:21
82

"Spotify" musiqi seçimi üçün danışıq səlahiyyətli süni intellekt assistentini təqdim edib

Dünyanın ən böyük musiqi platformalarından biri olan "Spotify", səsli və mətn sorğularının köməyi ilə musiqi pleylislərini idarə etməyə imkan verən danışıq funksiyalı yeni süni intellekt (Sİ) köməkçisini sınaqdan keçirməyə başlayıb. Sözügedən yeni funksiya platformanın həm "iOS", həm də "Android" əməliyyat sistemləri üçün nəzərdə tutulmuş mobil tətbiqlərində aktivləşdirilib.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, yeni interaktiv funksiya sayəsində istifadəçi süni intellektdən xüsusi bir situasiya, an və ya əhval-ruhiyyəyə uyğun musiqi qoşmağı xahiş edə bilər. Daha sonra isə dialoqu davam etdirərək ilkin sorğunu daha da dəqiqləşdirmək mümkündür. Məsələn, Sİ köməkçisinə pleylistə konkret ifaçını əlavə etməyi, daha yeni buraxılmış və ya daha ritmik, enerjili bəstələri seçməyi tapşırmaq olar. O, həmçinin bəyənilən mahnıları yaddaşda saxlamaq, onları növbəyə əlavə etmək və ifaçıların profillərinə abunə olmaq bacarığına da malikdir.

Süni intellekt assistenti təkcə musiqilər, podkastlar və səsli kitablar barədə sualları cavablandırmır, həm də istifadəçinin fərdi dinləmə tarixçəsini dərindən analiz edir. Belə ki, istifadəçilər köməkçidən onların musiqi zövqünün zamanla necə dəyişdiyini öyrənə, konkret mahnını ilk dəfə nə vaxt dinlədiklərini soruşa və ya son dövrlərdə hansı janrlara daha çox üstünlük verdiklərini dəqiqləşdirə bilərlər.

Hazırda bu xidmətin beta versiyası ingilis dilində fəaliyyət göstərir. Funksiyadan ABŞ, İrlandiya və İsveçdə yaşayan, "Spotify Premium" abunəçisi olan yetkinlik yaşına çatmış şəxslər istifadə edə bilirlər.

"Spotify" bu sistemin qüsursuz işləməsi üçün həm özünün xüsusi süni intellekt texnologiyalarından, həm də kənar tərtibatçıların (üçüncü tərəf) qabaqcıl dil modellərindən birgə istifadə edir.