16 iyul 2026 09:54
85

 Kreatin xərçənglə mübarizədə faydalı ola bilərmi?

Aparılan yeni araşdırmaya görə, daha çox idmançılar tərəfindən əzələ gücünü və fiziki performansı artırmaq məqsədilə istifadə olunan kreatin əlavəsi xərçənglə mübarizədə də faydalı ola bilər.

ABŞ-ın Kaliforniya Universitetinin Los-Anceles filialının (UCLA) alimləri bildirirlər ki, kreatin yalnız atletik performansı artırmır, eyni zamanda, orqanizmin xərçəng hüceyrələrinə qarşı müdafiəsində mühüm rol oynayan immun hüceyrələrinin fəaliyyətini də gücləndirə bilər.

Əvvəlki tədqiqatlarda siçanlar üzərində aparılan sınaqlar kreatinin virus və xərçəng hüceyrələrini məhv edən T-limfositlərin (T hüceyrələrinin) fəaliyyətini gücləndirdiyini göstərmişdi. Yeni araşdırmada isə alimlər müəyyən ediblər ki, kreatin həmçinin şiş hüceyrələrinin hissəciklərini tanıyaraq onları T hüceyrələrinə təqdim edən və immun cavabı aktivləşdirən dendritik hüceyrələrin fəaliyyətini də artırır. Onu da qeyd edək ki, hazırda tətbiq olunan immunoterapiya üsullarının əksəriyyəti məhz T hüceyrələrinin aktivləşdirilməsinə əsaslanır. Lakin bu müalicə üsullarına xəstələrin yarıdan azı müsbət cavab verir. Tədqiqatçılar hesab edirlər ki, kreatinin dendritik hüceyrələrə təsiri immunoterapiyanın effektivliyini artırmağa kömək edə bilər.

Araşdırmanın rəhbərlərindən biri, UCLA-nın mikrobiologiya, immunologiya və molekulyar genetika üzrə professoru Lili Yanq bildirib ki, immunoterapiya ümidverici nəticələr versə də, bütün xəstələr üçün eyni dərəcədə təsirli olmur. Onun sözlərinə görə, tədqiqat göstərir ki, kreatin təkcə T hüceyrələrinin xərçənglə mübarizəsini gücləndirmir, həm də bu hüceyrələri istiqamətləndirən və dəstəkləyən immun mexanizmlərini aktivləşdirir. Bu isə kreatini müasir immunoterapiyanın təsirini gücləndirə biləcək perspektivli əlavəyə çevirir.

"iScience" elmi jurnalında dərc olunan araşdırma çərçivəsində alimlər melanomalı siçanlara hər gün kreatin inyeksiyası tətbiq edərək onun şişlərin inkişafına təsirini qiymətləndiriblər. Nəticələr göstərib ki, kreatin yalnız şişlərin böyüməsini ləngitmir, eyni zamanda, şiş toxumasına daxil olan dendritik hüceyrələrin aktivliyini də artırır. Müalicə olunan dendritik hüceyrələr digər immun hüceyrələrini şiş nahiyəsinə cəlb edən kimyəvi siqnalları daha yüksək səviyyədə ifraz edib. Araşdırma zamanı, həmçinin müəyyən olunub ki, kreatin dendritik hüceyrələrdə enerji ehtiyatlarını artırır.

Alimlər bu prosesi təkrar doldurulan batareya ilə müqayisə edirlər. Onların fikrincə, kreatin dendritik hüceyrələrə enerji toplamağa və ehtiyac yarandıqda həmin enerjidən istifadə etməyə imkan verir. Bu xüsusiyyət onlara qida maddələri uğrunda sürətlə çoxalan şiş hüceyrələri ilə mübarizə aparmağa kömək edir.

Araşdırmanın həmmüəllifi, UCLA-nın professoru Lili Yanqın laboratoriyasında çalışan magistrant Ceyms Elsten-Braun bildirib ki, kreatindən iki istiqamətdə istifadə perspektivi görünür. Onun sözlərinə görə, bu maddə immunoterapiya alan xəstələrdə immun reaksiyasını gücləndirən əlavə vasitə kimi, həmçinin dendritik hüceyrə əsaslı vaksinlərin tətbiqindən əvvəl onların effektivliyini artırmaq məqsədilə istifadə oluna bilər.

Tədqiqatın nəticələri kreatin əlavəsinin immun sisteminin xərçəngə qarşı reaksiyasını gücləndirə biləcəyini göstərsə də, alimlər bunun hələ ilkin mərhələ araşdırması olduğunu vurğulayırlar. Belə ki, tədqiqat insanlar üzərində deyil, hüceyrələr və laboratoriya siçanları üzərində aparılıb. Bu səbəbdən əldə olunan nəticələrə əsaslanaraq hələlik tibbi və ya qidalanma ilə bağlı tövsiyələr vermək mümkün deyil. Tədqiqatçılar qeyd edirlər ki, kreatin uzun illərdir istifadə olunan və ümumilikdə təhlükəsiz hesab edilən qida əlavəsidir. Bununla belə, xərçəng müalicəsi alan şəxslər hər hansı əlavə qəbul etməzdən əvvəl mütləq həkimləri ilə məsləhətləşməlidirlər.

Şahnigar Əhmədova, "İki sahil"