16 iyul 2026 10:12
78

Azərbaycan-Slovakiya münasibətləri: etimad və tərəfdaşlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursunda qardaş və dost ölkələrlə strateji tərəfdaşlığın möhkəmləndirilməsi ilə yanaşı, müxtəlif regionları təmsil edən dövlətlərlə siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi də mühüm prioritetlərdən biridir. Bu siyasət Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Bu kontekstdə Slovakiya Respublikası ilə əlaqələrin inkişafı və qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.

Slovakiya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 24 yanvar 1992-ci ildə tanımış, iki ölkə arasında diplomatik münasibətlər isə 23 noyabr 1993-cü ildə təsis edilmişdir. Sonrakı dövrdə həyata keçirilən yüksəksəviyyəli qarşılıqlı səfərlər ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə vermişdir. Prezident İlham Əliyevin 2004-cü il 18–19 mart tarixlərində Slovakiyaya işgüzar səfəri, 2025-ci ilin 8  dekabr tarixində isə rəsmi səfəri, həmçinin Slovakiyanın baş nazirləri Peter Pelleqrinin 2018-ci ildə və Robert Fitsonun 2024-cü ildə Azərbaycana səfərləri siyasi dialoqun möhkəmlənməsinə, əməkdaşlıq istiqamətlərinin genişlənməsinə və tərəfdaşlıq münasibətlərinin yeni mərhələyə yüksəlməsinə xidmət etmişdir.

Cari ilin 14 iyul tarixində Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrin ökəmizə rəsmi səfərə gəldi. Səfər çərçivəsində prezidentlər Şuşa şəhərində təkbətək və geniş tərkibdə görüşlər keçirdilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Ağdam rayonunun Baş Qərvənd kəndində görülən işlərlə tanış olub, slovak şirkəti tərəfindən tikilən Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəb binasının təməlini qoyublar.

Səfər çərçivəsində prezidentlər Şuşa şəhərində mətbuata bəyanatla çıxış ediblər.

Prezident İlham Əliyevin çıxışı Azərbaycan–Slovakiya münasibətlərinin dinamik inkişafını və strateji tərəfdaşlığın məzmununun daha da zənginləşdiyini nümayiş etdirdi. Dövlət başçımızın səsləndirdiyi fikirlər ikitərəfli əməkdaşlığın mövcud vəziyyətini qiymətləndirməklə yanaşı, gələcək inkişaf istiqamətlərinə dair mühüm siyasi mesajlar da ehtiva etdi.

Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycan ilə Slovakiya arasında siyasi dialoq artıq müntəzəm xarakter alıb. Yüksək səviyyəli qarşılıqlı səfərlər, dövlət başçıları arasında davamlı təmaslar və hökumətlərarası əməkdaşlıq mexanizmlərinin fəallaşması ölkələrimizin münasibətlərə verdiyi xüsusi önəmin göstəricisidir. Cənab Prezidentin ötən ilin sonunda Slovakiyaya rəsmi səfəri, eləcə də Prezident Peter Pelleqrinin Azərbaycana səfəri qarşılıqlı etimadın və siyasi iradənin möhkəm əsaslara söykəndiyini təsdiqləyir.

Şuşada keçirilən görüş zamanı bir daha aydın oldu ki, Azərbaycan–Slovakiya münasibətləri yalnız siyasi dialoqla məhdudlaşmır. nümayəndə heyətlərinin geniş tərkibi enerji, iqtisadiyyat, nəqliyyat, müdafiə sənayesi, humanitar və digər istiqamətlər üzrə əməkdaşlığın intensiv xarakter aldığını göstərir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, tərəflər təkcə fikir mübadiləsi aparmır, eyni zamanda konkret layihələrin həyata keçirilməsi istiqamətində praktik addımlar atırlar. Bu yanaşma münasibətlərin institusional əsaslarının möhkəmləndiyini göstərən mühüm amildir.

Dövlət başçısının xüsusi vurğuladığı məsələlərdən biri 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamənin uğurla icra edilməsidir. Bu sənəd  ölkələrimiz arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinin hüquqi və siyasi əsasını formalaşdırıb. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, belə sənədlərin real nəticələr verməsi güclü siyasi iradə və qarşılıqlı etimad tələb edir. Hazırda həyata keçirilən birgə layihələr həmin siyasi iradənin praktik nəticəsidir.

Bəyanatın diqqətçəkən məqamlarından biri Slovakiyanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirakına verilən yüksək qiymət idi. Prezident İlham Əliyev Slovakiya şirkətinin Ağdam rayonunun Baş Qərvənd kəndində həyata keçirdiyi “Ağıllı kənd” layihəsini nümunə göstərərək bu əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını vurğuladı. Bu layihə Slovakiyanın Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi yenidənqurma siyasətinə verdiyi dəstəyin konkret ifadəsi olmaqla yanaşı, beynəlxalq tərəfdaşlığın real nəticələrini də nümayiş etdirir.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu fonunda Slovakiya ilə enerji əməkdaşlığının inkişafı qarşılıqlı maraqlara əsaslanır. Bununla yanaşı, ticarət dövriyyəsinin artırılması, investisiya layihələrinin təşviqi və sənaye əməkdaşlığının genişləndirilməsi də gələcək əməkdaşlığın əsas istiqamətlərindəndir.

Öz növbəsində,  Prezident İlham Əliyevin Prezident Peter Pelleqrinin Azərbaycana müxtəlif dövlət vəzifələrində dəfələrlə səfər etməsini xüsusi vurğuladı. Bu isə Slovakiya rəhbərliyinin Azərbaycanla münasibətlərə uzunmüddətli və ardıcıl yanaşmasının göstəricisidir.

Şuşada səsləndirilən fikirlər göstərir ki, Azərbaycan–Slovakiya münasibətləri artıq klassik diplomatik əməkdaşlıq çərçivəsini aşaraq strateji tərəfdaşlıq müstəvisində inkişaf edir. Siyasi etimad, qarşılıqlı maraqlar, iqtisadi əməkdaşlığın genişlənməsi və Qarabağın bərpası kimi mühüm istiqamətlər bu tərəfdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyini göstərir. Prezident İlham Əliyevin vurğuladığı kimi, hər iki ölkə konkret nəticələrə hesablanmış əməkdaşlığın tərəfdarıdır və məhz bu praqmatik yanaşma Azərbaycan–Slovakiya əlaqələrinin gələcək inkişafının əsas təminatlarından biri hesab olunur.

Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini