16 iyul 2026 13:13
91

Vüsal Qasımlı “Bir Pəncərə” Rəqəmsal Logistika Platformasının təqdimat mərasimində çıxış edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə yaradılan “Bir Pəncərə” Rəqəmsal Logistika Platformasının rəsmi təqdimat mərasimində açılış nitqi ilə çıxış edib.

“İki sahil” xəbər verir ki, Vüsal Qasımlı çıxışında bildirib ki, “Bir pəncərə” Rəqəmsal Logistika Platforması Azərbaycanın nəqliyyat xidmətləri balansının daha da yaxşılaşmasına mühüm töhfə verə bilər. O qeyd edib ki, 2026-cı ilin birinci rübündə Azərbaycanın tədiyyə balansında qarşılıqlı xidmətlər dövriyyəsinin 30 faizi nəqliyyat xidmətlərinin payına düşüb. Ümumi dəyəri 1,3 milyard ABŞ dolları olan nəqliyyat xidmətlərinin 69 faizi qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi hesabına formalaşıb.

İİTKM-in icraçı direktoru əlavə edib ki, hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,5 faiz artıb, idxalı isə 10,6 faiz azalıb. Nəticədə nəqliyyat xidmətləri üzrə profisit 54,4 faiz artaraq 0,5 milyard ABŞ dollarına yüksəlib. Bu dinamika nəqliyyat xidmətlərinin Azərbaycanın xidmətlər balansında dayanıqlı və artan töhfəyə malik istiqamətə çevrildiyini göstərir.

Vüsal Qasımlının sözlərinə görə, DLP idxal, ixrac, tranzit, nəqliyyat və logistika proseslərini vahid rəqəmsal ekosistemdə birləşdirərək prosedurları sadələşdirir, vaxt və xərclərə qənaəti təmin edir, biznes mühitinin daha da yaxşılaşdırılmasına xidmət edir. Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizləri üzərində strateji mövqeyinin daha da möhkəmləndirilməsi və ölkənin regional nəqliyyat-logistika mərkəzi kimi rolunun gücləndirilməsi baxımından platforma mühüm əhəmiyyət daşıyır. “Bir pəncərə” Rəqəmsal Logistika Platforması gələcəkdə Azərbaycanın Dünya Bankının Logistika Performansı İndeksində (Logistics Performance Index – LPI) daha yüksək nəticələr əldə etməsi üçün mühüm institusional və rəqəmsal baza formalaşdıracaq. Bu isə uzunmüddətli perspektivdə ölkənin nəqliyyat-logistika sektoruna investisiya cəlbediciliyinin artmasına müsbət təsir göstərəcək. O əlavə edib ki, platforma “Yaşıl dəhliz” buraxılış sistemindən istifadəni və səlahiyyətli iqtisadi operator statusuna inteqrasiyanı yaxşılaşdıracaq.

Tədbirdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədr müavini Natiq Şirinov və “Bir pəncərə” Rəqəmsal Logistika Platformasının layihə rəhbəri Ehtiram Quliyev çıxış ediblər.

Bildirilib ki, DLP “Ticarət bələdçisi”, “Ticarət xidmətləri”, “Rezervasiya” (Booking) və “Hesabatlılıq” modullarından ibarətdir. Hazırda “Ticarət bələdçisi” modulu istifadəyə verilib, “Ticarət xidmətləri” modulunun isə növbəti mərhələdə istifadəsi planlaşdırılır. Platforma vasitəsilə icazə və lisenziyaların vahid elektron müraciət əsasında əldə edilməsi, yük sahibləri ilə daşıyıcılar arasında əməkdaşlığın genişləndirilməsi və məlumat əsaslı analitik hesabatların hazırlanması mümkün olacaq.

Qeyd edək ki, “Bir pəncərə” Rəqəmsal Logistika Platforması regionda logistika xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən mühüm təşəbbüslərdən biri olmaqla Azərbaycanın beynəlxalq nəqliyyat və logistika qovşağı kimi mövqeyinin möhkəmləndirilməsinə və xarici ticarət proseslərinin daha səmərəli təşkilinə xidmət edəcək.