16 iyul 2026 12:43
141

Etibarlı tərəfdaşlıq nümunəsi: fəal siyasi dialoqdan səmərəli iqtisadi əməkdaşlığa

Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Prezidenti Peter Pelleqrinin ölkəmizə rəsmi səfəri çərçivəsində Şuşada verdiyi bəyanat dövlətlərarası münasibətlərin bugünkü vəziyyətini və gələcək inkişaf perspektivlərini əks etdirir. İki ölkə arasında formalaşmış əməkdaşlıq artıq qarşılıqlı siyasi etimadın, ortaq maraqların və uzunmüddətli strateji baxışın möhkəm təməli üzərində inkişaf edir.

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında etibarlı tərəfdaşlığın əsas şərtlərindən biri müntəzəm siyasi dialoqdur. Azərbaycan və Slovakiya arasında son illərdə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşməsi, hökumətlərarası əlaqələrin genişlənməsi və müxtəlif sahələr üzrə aparılan müzakirələr məhz bu dialoqun uğurla inkişaf etdiyinin göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya rəsmi səfəri, Slovakiya Prezidenti Peter Pelleqrinin ölkəmizə səfəri və iki ölkə rəhbərləri arasında davamlı təmaslar münasibətlərin strateji xarakter aldığını nümayiş etdirir.

Azərbaycan və Slovakiya arasında imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə münasibətlərin inkişafına yeni dinamizm gətirib. Bu sənəd siyasi münasibətlərin dərinləşdirilməsi ilə yanaşı, iqtisadiyyat, energetika, nəqliyyat, sənaye, investisiya, müdafiə sənayesi və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün möhkəm hüquqi baza yaradıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, belə fəal siyasi təmaslar və birgə layihələrin icra olunması, əlbəttə ki, güclü siyasi iradə tələb edir.

İkitərəfli münasibətlərin əsas xüsusiyyətlərindən biri əlaqələrin praktiki nəticələrə əsaslanmasıdır. Dövlət başçısının vurğuladığı kimi, hər iki tərəf ikitərəfli münasibətlərə çox böyük önəm verir və deyə bilərəm ki, son illər ərzində çox güclü tərəfdaşlıq yaradılmışdır. Bu yanaşma əməkdaşlığın davamlılığını təmin edən ən vacib amillərdən biridir. Məhz qarşılıqlı maraqlara söykənən layihələr Azərbaycan ilə Slovakiya arasında tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.

Prezident İlham Əliyevin bəyanatında xüsusi yer tutan məsələlərdən biri Slovakiyanın Qarabağın bərpasına verdiyi dəstək idi. Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkətinin həyata keçirdiyi “Ağıllı kənd” layihəsi beynəlxalq əməkdaşlığın uğurlu nümunələrindən biridir. Bu layihə təkcə yaşayış məntəqələrinin yenidən qurulmasına deyil, həm də müasir texnologiyaların tətbiqinə, ekoloji dayanıqlığın təmin edilməsinə və insanların doğma yurdlarına qayıdışı üçün yüksək həyat şəraitinin yaradılmasına xidmət edir.

Azərbaycan azad edilmiş əraziləri regionun ən müasir inkişaf məkanına çevirmək məqsədini uğurla reallaşdırır. Xarici tərəfdaşların bu prosesdə iştirakı Azərbaycanın həyata keçirdiyi quruculuq siyasətinə olan etimadın göstəricisidir. Slovakiyanın bu prosesə verdiyi töhfə isə iki ölkə arasında dostluq münasibətlərinin konkret nəticələrə çevrildiyini nümayiş etdirir.

Energetika sahəsində əməkdaşlıq da ikitərəfli münasibətlərin mühüm istiqamətlərindən biri olaraq qalır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə ildən-ilə artır və bu amil Slovakiya ilə əməkdaşlıq üçün də yeni imkanlar yaradır. Enerji resurslarının etibarlı və dayanıqlı marşrutlarla Avropa bazarına çatdırılması sahəsində Azərbaycanın qazandığı təcrübə iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da genişlənməsinə əlverişli zəmin yaradır.

Şuşada keçirilən görüşün rəmzi əhəmiyyəti də diqqətdən kənarda qalmır. Vaxtilə işğalın ağır nəticələrini yaşamış bu şəhər artıq beynəlxalq diplomatik görüşlərin, siyasi dialoqların və mühüm qərarların qəbul edildiyi nüfuzlu məkana çevrilib. Xarici dövlət başçılarının Şuşaya səfərləri Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra yaranmış yeni reallıqların beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsinin daha bir göstəricisidir.

Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana müxtəlif vəzifələrdə dəfələrlə səfər etməsi də münasibətlərin sabit xarakter aldığını təsdiqləyir. Onun parlament sədri, Baş nazir və Prezident kimi ölkəmizə səfərləri, həmçinin COP29 çərçivəsində Bakıda iştirakı iki ölkə arasında siyasi dialoqun ardıcıl və etibarlı əsaslar üzərində qurulduğunu nümayiş etdirir.

Azərbaycan–Slovakiya münasibətlərinin gələcəyi kifayət qədər perspektivlidir. Güclü siyasi iradə, qarşılıqlı etimad, strateji tərəfdaşlıq ruhu və konkret nəticələrə yönəlmiş əməkdaşlıq modeli yaxın illərdə əlaqələrin daha da dərinləşəcəyini deməyə əsas verir. Bu əməkdaşlıq təkcə iki ölkənin maraqlarına deyil, Avropada enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, iqtisadi inteqrasiyanın genişlənməsinə və regionda dayanıqlı inkişafın təmin olunmasına da mühüm töhfə verməyə davam edəcək.

Nurlan Həsənov,
Milli Məclisin deputatı