16 iyul 2026 10:30
341

Azərbaycan-Slovakiya əməkdaşlığının uğur formulu: etimad, siyasi iradə və ortaq maraqlar

Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Prezidenti Peter Pelleqrinin ölkəmizə rəsmi səfəri çərçivəsində iyulun 14-də Şuşada verdiyi bəyanat dövlətlərarası münasibətlərin hazırkı inkişaf səviyyəsini və gələcək perspektivlərini ortaya qoyur. İki ölkə arasında siyasi dialoq müntəzəm xarakter alıb, qarşılıqlı etimada əsaslanan əməkdaşlıq isə artıq yeni keyfiyyət mərhələsinə yüksəlib. Bu gün Azərbaycan ilə Slovakiya arasında münasibətlər yalnız diplomatik təmaslarla məhdudlaşmır, enerji, iqtisadiyyat, ticarət, hərbi-texniki əməkdaşlıq, bərpa-quruculuq, humanitar və digər istiqamətlərdə konkret layihələr vasitəsilə daha da möhkəmlənir.

Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin sonunda Slovakiyaya etdiyi rəsmi səfər və bu il Slovakiya Prezidenti Peter Pelleqrinin ölkəmizə səfəri iki ölkə arasında qarşılıqlı etimadın və siyasi iradənin ən bariz nümunələrindən biridir. Bu cür intensiv qarşılıqlı səfərlər dövlətlərarası münasibətlərin yüksək səviyyədə olduğunu nümayiş etdirməklə yanaşı, qəbul edilən qərarların operativ şəkildə həyata keçirilməsinə də əlverişli şərait yaradır. Nümayəndə heyətlərinin geniş tərkibi əməkdaşlığın artıq çoxşaxəli xarakter daşıdığını və müxtəlif sahələr üzrə praktik işlərin uğurla davam etdiyini təsdiqləyir.

Azərbaycan və Slovakiya arasında münasibətlərdə xüsusi əhəmiyyət kəsb edən hadisələrdən biri 2024-cü ildə Strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin imzalanması olub. Bu sənəd ikitərəfli əlaqələrin hüquqi-siyasi əsaslarını daha da gücləndirib və gələcək əməkdaşlıq üçün geniş imkanlar yaradıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, belə fəal siyasi təmaslar və birgə layihələrin icra olunması, əlbəttə ki, güclü siyasi iradə tələb edir. Strateji tərəfdaşlıq statusu yalnız siyasi bəyanat deyil, qarşılıqlı maraqlara söykənən uzunmüddətli əməkdaşlıq modelidir və bu amillər hər iki ölkənin milli maraqlarına xidmət edir.

Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət Avropa ölkələri ilə münasibətlərin davamlı inkişafına mühüm töhfə verir. Slovakiya da Azərbaycanın Avropadakı etibarlı tərəfdaşlarından biri kimi müxtəlif beynəlxalq platformalarda qarşılıqlı dialoqun inkişafına önəm verir. Hər iki ölkə beynəlxalq hüququn prinsiplərinə əsaslanan münasibətlərin tərəfdarı olmaqla yanaşı, regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində də əməkdaşlıq edir.

Enerji sahəsi Azərbaycan–Slovakiya əməkdaşlığının əsas istiqamətlərindən biri hesab olunur. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rol Slovakiya üçün də böyük əhəmiyyət daşıyır. Xəzər regionunun zəngin enerji resurslarının Avropaya etibarlı şəkildə çatdırılması istiqamətində həyata keçirilən layihələr Avropa ölkələrinin enerji mənbələrinin şaxələndirilməsinə xidmət edir. Slovakiyanın da bu proseslərə maraq göstərməsi tərəflər arasında iqtisadi əlaqələrin daha da genişlənməsinə zəmin yaradır.

Şuşada səsləndirilən ən mühüm məqamlardan biri Slovakiyanın Qarabağın bərpasında fəal iştirakı ilə bağlı idi. Prezident İlham Əliyev Slovakiya şirkətinin Ağdam rayonunun Baş Qərvənd kəndində həyata keçirdiyi “Ağıllı kənd” layihəsini yüksək qiymətləndirərək bu dəstəyə görə təşəkkürünü ifadə edib. Bu layihə təkcə müasir yaşayış məntəqəsinin qurulması deyil, həm də işğaldan azad edilmiş ərazilərin innovativ texnologiyalar əsasında yenidən qurulmasının uğurlu nümunəsidir. Xarici tərəfdaşların Qarabağın bərpasında iştirakı Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı yenidənqurma siyasətinə beynəlxalq etimadın göstəricisi kimi də qiymətləndirilir. Dövlətimizin başçısı qeyd edib ki, müzakirə edilən məsələlər arasında, təbii ki, ənənəvi məsələlər üstünlük təşkil edirdi: “İqtisadi-ticari əlaqələr, energetika sahəsində, hərbi-texniki sahədə əməkdaşlıq və digər sahələr prioritet təşkil edir. Bütün bu məsələlər ətrafında çox səmimi və açıq müzakirələr aparılmışdır”.

İqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi də görüş zamanı əsas müzakirə mövzularından biri olub. Hər iki ölkə qarşılıqlı investisiyaların artırılması, biznes əlaqələrinin genişləndirilməsi və yeni birgə layihələrin həyata keçirilməsində maraqlıdır. Müxtəlif iqtisadi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ticarət dövriyyəsinin artmasına, yeni investisiya imkanlarının yaranmasına və sahibkarlar arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir.

Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Prezidenti Peter Pelleqrinin ölkəmizə əvvəlki vəzifələrində dəfələrlə səfər etdiyini xüsusi vurğulaması münasibətlərin davamlı xarakter daşıdığını təsdiqləyir. Peter Pelleqrini əvvəlcə Slovakiya parlamentinin sədri, daha sonra Baş nazir, ardınca isə Prezident kimi Azərbaycana səfərlər edib. O, həmçinin COP29 çərçivəsində Bakıda keçirilən beynəlxalq tədbirdə iştirak etməklə ölkələrimiz arasında siyasi dialoqun inkişafına öz töhfəsini verib. Bu ardıcıl təmaslar dövlətlərarası münasibətlərdə institusional davamlılığın formalaşdığını göstərən mühüm amildir.

Şuşada keçirilən görüşün məhz Azərbaycanın mədəniyyət paytaxtında baş tutması da xüsusi siyasi və simvolik məna daşıyır. Şuşa bu gün yalnız tarixi və mədəni irsimizin deyil, eyni zamanda beynəlxalq diplomatik görüşlərin keçirildiyi mühüm siyasi mərkəz kimi də tanınır. Dövlət başçılarının Şuşaya səfərləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin beynəlxalq səviyyədə qəbul edildiyini bir daha nümayiş etdirir. Prezident İlham Əliyevin bəyanatında səsləndirilən “Biz konkret işlərin tərəfdarıyıq” fikri Azərbaycan xarici siyasətinin əsas prinsiplərindən birini ifadə edir. Məhz praktik nəticələrə əsaslanan əməkdaşlıq modeli Azərbaycanı regionun etibarlı tərəfdaşına çevirib. Slovakiya ilə münasibətlər də qarşılıqlı hörmətə, etimada və konkret layihələrə söykəndiyi üçün davamlı inkişaf edir.

Azərbaycan–Slovakiya əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək yeni inkişaf mərhələsinə qədəm qoyub. Siyasi dialoqun intensivliyi, iqtisadi əməkdaşlığın genişlənməsi, enerji təhlükəsizliyi sahəsində tərəfdaşlıq, Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı və beynəlxalq platformalarda qarşılıqlı dəstək münasibətlərin gələcəyinə böyük nikbinlik yaradır. Mövcud siyasi iradə və qarşılıqlı maraqlar fonunda əminliklə demək olar ki, Azərbaycan ilə Slovakiya arasında əməkdaşlıq bundan sonra da daha da dərinləşəcək, yeni layihələr və təşəbbüslərlə zənginləşərək hər iki ölkənin inkişafına mühüm töhfə verəcəkdir.

Meydanəli Yolçiyev?

​​​​YAP Daşkəsən rayon təşkilatının sədri