21 iyul 2026 18:49
218

Auditorlar Palatasında 2026-cı ilin birinci yarımilinin yekunlarına həsr olunmuş iclas keçirilib

2026-cı ilin 21 iyul tarixində Auditorlar Palatasında cari ilin birinci yarımilinin yekunlarına həsr olunmuş iclas keçirilib.

Müzakirə zamanı Auditorlar Palatası tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi rəqəmsal transformasiya siyasətinə uyğun olaraq auditdə informasiya texnologiyalarının və süni intellekt əsaslı innovativ həllərin tətbiqinin genişləndirməsi, auditor xidmətlərinin rəqəmsallaşdırılması, müstəqil auditor xidmətinin tənzimlənməsində operativliyin, səmərəliliyin və şəffaflığın daha da artırılması məqsədilə görülmüş işlər, həmçinin “Auditorun şəxsi kabineti” informasiya sisteminin yeni versiyasının hazırlanması diqqətə çatdırılıb. Həmin sistemin yeni funksional imkanlarI auditorlarla elektron qarşılıqlı əlaqənin daha operativ, çevik və müasir əsaslarla təşkilinə şərait yaradacaq.

İclasda Palatanın fəaliyyət planında 2026-cı ilin birinci yarımili üzrə nəzərdə tutulmuş işlərin icra vəziyyəti, əldə olunmuş nəticələr və qarşıdakı dövr üzrə fəaliyyət istiqamətləri müzakirə olunub.

Qeyd olunub ki, hesabat dövründə auditor fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, auditor xidməti bazarında şəffaflığın artırılması, peşə hazırlığının təkmilləşdirilməsi, sertifikatlaşdırma proqramlarının hazırlanması və keyfiyyətə nəzarət mexanizmlərinin inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilib. Auditorların bağladıqları müqavilələr və təqdim etdikləri audit rəyləri üzrə, eləcə də auditor xidməti bazarında qanunvericiliyin tələblərinə uyğun olmayan fəaliyyət hallarının aşkar edilməsi məqsədilə mütəmadi monitorinqlər və qiymətləndirmələr aparılıb. Həmçinin auditor xidmətlərinin keyfiyyətinin qiymətləndirilməsi məqsədilə sorğular keçirilib.

Cari ilin I yarımili ərzində Auditorlar Palatası Şurasının 4 iclası keçirilib, iclaslarda auditor xidmətlərinin genişləndirilməsi, auditin idarəetmə sisteminin təkmilləşdirilməsi, rəqəmsal həllərin tətbiqi və elektron xidmətlərin inkişafı, peşə etikası və beynəlxalq standartların tətbiqi, metodoloji sənədlərin və müxtəlif qaydaların təsdiqi, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində normativ bazanın təkmilləşdirilməsi, komitələrin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində 30 məsələ müzakirəyə çıxarılıb və müvafiq qərarlar qəbul edilib.

Qeyd edilib ki, 2026-cı il Auditorlar Palatasının yaradılmasının 30 illiyi ilə əlamətdardır. Bununla əlaqədar “Auditorlar Palatası – 30 il” kitabının hazırlanması, Palatanın fəaliyyətinə həsr olunmuş sənədli filmin çəkilməsi, fərdi jurnalist yazısı, o cümlədən gənc auditorlar və auditor assistentləri arasında peşə müsabiqələrinin təşkili, sentyabr ayında beynəlxalq elmi-praktik konfransın keçirilməsi, yubiley nəşrlərinin hazırlanması və digər layihələr üzrə geniş hazırlıq işləri aparılır. Həmin layihələrin əksəriyyətinin yaxın vaxtlarda ictimaiyyətə təqdim olunması nəzərdə tutulur.

İclasda diqqətə çatdırılıb ki, 2026-cı ilin ikinci yarısında Auditorlar Palatası üçün elektron xidmətlərin tam tətbiqi, yeni sertifikatlaşdırma proqramlarının istifadəyə verilməsi, metodoloji bazanın daha da zənginləşdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və Türk Dövlətlərinin Mühasiblər və Müstəqil Auditorlar Birliyinin Əsasnaməsinin imzalanması da daxil olmaqla Auditorlar Palatasının 30 illik yubileyi çərçivəsində nəzərdə tutulan layihələrin uğurla başa çatdırılması əsas fəaliyyət prioritetləri olacaq.

İclasın yekununda Auditorlar Palatasının aidiyyəti struktur bölmələrinə 2026-cı ilin ikinci yarımilində qarşıda duran vəzifələrin icrasının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi tapşırılıb.