Dövlət başçımız İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və praqmatik xarici siyasət kursunun əsas prioritet istiqamətlərindən biri də Avropa dövlətləri ilə qarşılıqlı hörmətə, bərabərhüquqlu tərəfdaşlığa və ortaq maraqlara əsaslanan münasibətlərinin daha da inkişaf etdirilməsidir. Hazırda ölkəmizin beynəlxalq nüfuzunun daha da artması, etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsi və çoxtərəfli diplomatiyada əldə etdiyi uğurlar Avropa ölkələri ilə siyasi, iqtisadi və humanitar əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə əlverişli zəmin yaradıb.
Bu kontekstdə Almaniya Federativ Respublikası ilə münasibətlər xüsusi strateji əhəmiyyət kəsb edir. Avropanın aparıcı siyasi və iqtisadi güclərindən biri olan Almaniya ilə əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir. İki ölkə arasında formalaşmış yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq, iqtisadi əlaqələrin genişləndirilməsi, enerji təhlükəsizliyi, investisiyalar, nəqliyyat-logistika, sənaye, yüksək texnologiyalar və yaşıl enerji sahələrində əməkdaşlığın dərinləşdirilməsi Azərbaycan–Almaniya münasibətlərinin davamlı inkişafını şərtləndirən əsas amillərdəndir.
Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərləri, keçirilən yüksək səviyyəli görüşlər və imzalanan mühüm sənədlər ölkələrimiz arasında əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu münasibətlər yalnız ikitərəfli maraqlara xidmət etmir, eyni zamanda Avropa ilə Cənubi Qafqaz arasında siyasi dialoqun, iqtisadi inteqrasiyanın və regional sabitliyin möhkəmlənməsinə mühüm töhfə verir.
Almaniya Federativ Respublikası Azərbaycan Respublikasının dövlət müstəqilliyini 1992-ci ildə tanımış, həmin il də iki ölkə arasında diplomatik münasibətlər rəsmən qurulmuşdur. İkitərəfli münasibətlərin institusional əsaslarının formalaşdırılması istiqamətində mühüm addımlar atılmış, Azərbaycanın Almaniya Federativ Respublikasındakı Səfirliyi 2 sentyabr 1992-ci ildə, Almaniyanın Azərbaycan Respublikasındakı Səfirliyi isə 22 sentyabr 1992-ci ildə fəaliyyətə başlamışdır. Bununla da Azərbaycan–Almaniya münasibətlərinin hüquqi və diplomatik bazası yaradılmış, əməkdaşlığın ardıcıl inkişafı üçün möhkəm təməl formalaşdırılmışdır.
İyulun 20-də Prezident İlham Əliyev Almaniya Federativ Respublikasına rəsmi səfərə etdi. Səfər çərçivəsində dövlət başçımız Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşdü. Bununla belə, Prezidenti İlham Əliyev Berlində Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts ilə təkbətək və geniş tərkibdə görüşlər keçirdi. Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”ni imzaladılar. Tədbirdə, həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə imzalandı.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts Berlində mətbuata bəyanatlarla çıxış etdilər.
Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində verdiyi bəyanat ölkələrimiz arasında münasibətlərin yeni strateji mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi.
Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqamlardan biri Azərbaycan ilə Almaniya arasında strateji dialoqun rəsmən başlanması oldu. Bununla da, münasibətlər klassik diplomatik çərçivədən çıxaraq daha sistemli və institusional əməkdaşlıq modelinə keçdi. İmzalanmış Birgə Bəyannamə siyasi dialoqun davamlılığını təmin etməklə yanaşı, iqtisadi, enerji, nəqliyyat və investisiya sahələrində əməkdaşlığın yeni mexanizmlər əsasında inkişafına zəmin yaradacaq.
Almaniyanın Avropa İttifaqının aparıcı dövlətlərindən biri kimi Cənubi Qafqaz siyasətində artan rolu Azərbaycanın xarici siyasət prioritetləri ilə üst-üstə düşür. Bu baxımdan Bakı-Berlin münasibətlərinin möhkəmlənməsi təkcə iki ölkənin maraqlarına deyil, həm də regionda sabitlik, əməkdaşlıq və qarşılıqlı etimad mühitinin güclənməsinə töhfə verə bilər.
İqtisadi əməkdaşlıq Prezident İlham Əliyevin bəyanatında mühüm yer tutdu. Hazırda 200-dən artıq Almaniya şirkətinin Azərbaycanda fəaliyyət göstərməsi ölkənin investisiya mühitinə olan etimadın göstəricisidir. Yeni əməkdaşlıq sənədlərinin imzalanması, qarşılıqlı sərmayələrin təşviqi və Almaniya şirkətlərinin Azərbaycan bazarında fəaliyyət imkanlarının genişləndirilməsi iqtisadi münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçəcəyindən xəbər verir.
Enerji sektoru Azərbaycan–Almaniya tərəfdaşlığının əsas istiqamətlərindən biri kimi ön plana çıxır. Azərbaycanın bu ildən etibarən Almaniyaya təbii qaz ixracına başlaması Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin rolunu daha da gücləndirir. Hazırda Azərbaycan qazının Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılması, eyni zamanda neft ixracı və gələcəkdə yaşıl enerji layihələrinin reallaşdırılması Bakı ilə Berlin arasında enerji əməkdaşlığını uzunmüddətli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir. Bu proses Avropanın enerji mənbələrinin şaxələndirilməsi siyasəti baxımından da xüsusi əhəmiyyət daşıyır.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da səfərin əsas nəticələrindən biridir. Azərbaycanın həyata keçirdiyi iri infrastruktur layihələri ölkəni Avropa ilə Mərkəzi Asiyanı birləşdirən əsas tranzit mərkəzlərindən birinə çevirib. Almaniyanın bu sahədə zəngin texnoloji və sənaye potensialı Azərbaycanın tranzit imkanlarının daha da genişləndirilməsi üçün əlavə imkanlar yaradır. İmzalanmış sənədlərin icrası məqsədilə yaradılacaq işçi qrupları konkret layihələrin qısa müddətdə həyata keçirilməsinə xidmət edəcək.
Prezident İlham Əliyev çıxışında Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması prosesinə də geniş yer ayırdı. Onun sözlərinə görə, Vaşinqtonda Prezident Donald Trampın iştirakı ilə imzalanmış Birgə Bəyannamə uzun illər davam edən münaqişənin başa çatdırılması istiqamətində tarixi dönüş nöqtəsi olub. Azərbaycanın sülh gündəliyinə sadiq qalaraq Ermənistanın enerji təhlükəsizliyinə dəstək verməsi və tranzit daşımalarının genişləndirilməsi regionda qarşılıqlı asılılıq və iqtisadi inteqrasiya mexanizmlərinin formalaşmasına yönəlmiş praktik addımlar kimi təqdim edildi.
Bəyanatda Almaniyanın bu prosesdə oynadığı rol da xüsusi qeyd olundu. Berlin uzun illər ərzində tərəflər arasında dialoqun davam etdirilməsi üçün siyasi platforma təqdim edib, xarici işlər nazirləri səviyyəsində keçirilən görüşlər isə etimadın formalaşmasına töhfə verib. Azərbaycan Almaniyanın sülh prosesinə verdiyi dəstəyi yüksək qiymətləndirərək bu əməkdaşlığın gələcəkdə də davam etdirilməsində maraqlı olduğunu nümayiş etdirdi.
Prezident İlham Əliyev Avropa İttifaqı ilə münasibətlərin inkişafına da toxunaraq, bu il Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfərlərini siyasi baxımdan mühüm hadisələr kimi qiymətləndirdi. Bu səfərlər Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın yeni mərhələyə keçdiyini göstərməklə yanaşı, Almaniyanın bu prosesdə aparıcı rolunu bir daha ön plana çıxarır.
Ümumilikdə, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri və səfər zamanı səsləndirilən mesajlar göstərir ki, Azərbaycan–Almaniya münasibətləri artıq yalnız iqtisadi əməkdaşlıq çərçivəsi ilə məhdudlaşmır. Strateji dialoq, enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, investisiyalar, regional sülh və Avropa İttifaqı ilə əməkdaşlıq kimi istiqamətlər hər iki ölkənin uzunmüddətli tərəfdaşlıq modelini formalaşdırır. Bununla belə, imzalanmış sənədlərin praktik icrası bu əməkdaşlığın real nəticələrə çevrilməsini təmin edəcək və Azərbaycan ilə Almaniya arasında münasibətləri yeni keyfiyyət mərhələsinə yüksəldəcək.
Ziyafət Əsgərov,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini