22 iyul 2026 16:39
103

İİTKM Türk dövlətlərinin rəqəmsal iqtisadiyyatına həsr olunan beynəlxalq kitab layihəsinə start verib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyi ilə əməkdaşlıq çərçivəsində “Digital Economy of Turkic States: Global Trends and Regional Realities” (“Türk Dövlətlərinin Rəqəmsal İqtisadiyyatı: Qlobal Trendlər və Regional Reallıqlar”) adlı beynəlxalq kitab layihəsinə start verib. Layihədə Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrdən, həmçinin dünyanın aparıcı universitetləri, beyin mərkəzləri və beynəlxalq təşkilatlarından alim və tədqiqatçılar müəllif və həmmüəllif qismində iştirak etməyə dəvət olunurlar.

“İki sahil” xəbər verir ki, ingilis dilində nəşr olunacaq kitab Türk dövlətlərində rəqəmsal transformasiya, süni intellekt, innovasiya, rəqəmsal infrastruktur, elektron hökumət, kibertəhlükəsizlik, rəqəmsal maliyyə, startap ekosistemi və insan kapitalının inkişafını vahid metodoloji çərçivədə müqayisəli şəkildə təhlil edəcək. Nəşrin əsas məqsədi Türk dünyasında rəqəmsal iqtisadiyyatın mövcud vəziyyətini qiymətləndirmək, ortaq çağırış və imkanları müəyyənləşdirmək, regional əməkdaşlıq istiqamətlərini təqdim etmək və qərarvericilər üçün praktik tövsiyələr hazırlamaqdır.

Kitab giriş hissəsi və iki əsas bölmədən ibarət olmaqla ümumilikdə doqquz fəsli əhatə edəcək. Birinci bölmədə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Şimali Kipr Türk Cümhuriyyəti və Türkmənistan üzrə ölkə hesabatları təqdim olunacaq. İkinci bölmədə isə Türk dövlətlərində rəqəmsal iqtisadiyyatın inkişaf perspektivləri, regional inteqrasiya və strateji əməkdaşlıq imkanları təhlil ediləcək.

Kitabın ön sözünün Türk Dövlətləri Təşkilatının Baş katibi, giriş hissəsinin isə İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı tərəfindən yazılması nəzərdə tutulur. Layihənin Türk dünyasında rəqəmsal iqtisadiyyat üzrə ilk kompleks müqayisəli analitik nəşrlərdən biri olması və ortaq rəqəmsal inkişaf baxışının formalaşdırılmasına töhfə verməsi hədəflənir.

Müəlliflər üçün metodoloji tələblər, kitabın strukturu və iştirak şərtləri ilə bağlı ətraflı məlumat layihənin konsepsiya sənədində təqdim olunub.