Almaniya Avropa İttifaqının aparıcı siyasi-iqtisadi gücü olmaqla yanaşı, Avropanın qərarvermə proseslərində xüsusi çəkiyə malik dövlətdir. Bu baxımdan Azərbaycan–Almaniya münasibətlərinin inkişafı yalnız ikitərəfli əməkdaşlıq baxımından deyil, həm də Azərbaycan–Avropa İttifaqı əlaqələrinin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır. İyulun 21-də Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində aparılan müzakirələr, imzalanan strateji sənədlər və verilən bəyanatlar iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini nümayiş etdirir. Bu münasibətlər artıq yalnız iqtisadi və ticarət əlaqələri ilə məhdudlaşmır, siyasi dialoqdan enerji təhlükəsizliyinə, nəqliyyatdan yaşıl iqtisadiyyata, biznes əməkdaşlığından regional sabitliyə qədər geniş sahələri əhatə edən strateji tərəfdaşlıq formatı formalaşdırır. Tarixi əhəmiyyət kəsb edən bu səfər çərçivəsində dövlətimizin başçısı Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts tərəfindən “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin, eləcə də Biznes Şurasının yaradılması barədə sənədlərin imzalanması münasibətlərimizi daha yüksək pilləyə qaldırdı. Bu sənəd münasibətlərin institusional əsaslarını daha da möhkəmləndirərək enerji, sənaye, investisiya, rəqəmsal transformasiya, yaşıl iqtisadiyyat, elm və innovasiya kimi istiqamətlər üzrə uzunmüddətli əməkdaşlığın yol xəritəsini formalaşdırdı. Bununla yanaşı, Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması və fəaliyyəti ilə bağlı imzalanmış Birgə Bəyannamə iqtisadi diplomatiyanın yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ikitərəfli gündəliyimiz kifayət qədər genişdir: “Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır. Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcəkdir”. Bu gün Azərbaycanda 200-dən çox Almaniya şirkəti uğurla fəaliyyət göstərir. Keçirilən yüksək səviyyəli görüşlər və imzalanan birgə bəyannamələr göstərir ki, yaxın gələcəkdə qarşılıqlı sərmayə qoyuluşu artacaq və Almaniya biznesinin ölkəmizdəki iştirak dairəsi daha da genişlənəcəkdir. İcra olunacaq konkret fəaliyyət planları və yaradılacaq işçi qrupları əldə olunmuş razılaşmaların tezliklə real nəticələr verməsini təmin edəcək.
Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələri Almaniya şirkətləri üçün yeni əməkdaşlıq imkanları yaradır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu ildən-ilə artır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu ildən başlayaraq Azərbaycan öz təbii qazını Almaniyaya ixrac etməyə başlamışdır. Bununla yanaşı, Azərbaycan nefti uzun illərdir ki, Almaniya bazarına çatdırılır. Bu gün Azərbaycan qazı Avropa İttifaqının 10 üzv dövlətinə nəql edilir. Bu fakt ölkəmizin etibarlı enerji təchizatçısı kimi mövqeyini daha da möhkəmləndirir. Eyni zamanda, yaşıl enerji sahəsində həyata keçirilən layihələr əməkdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirir. Xəzər dənizinin külək enerjisi potensialı, günəş elektrik stansiyaları və yaşıl enerji dəhlizi layihələri Almaniya ilə yeni tərəfdaşlıq imkanları yaradır.
Almaniyanın logistika və sənaye potensialı ilə Azərbaycanın nəqliyyat infrastrukturu arasında əməkdaşlığın genişləndirilməsi Avropa–Asiya iqtisadi əlaqələrinin daha səmərəli təşkilinə xidmət edə bilər. Bu isə Azərbaycanın regional nəqliyyat mərkəzi kimi rolunu daha da gücləndirir. Azərbaycanın son illərdə həyata keçirdiyi genişmiqyaslı infrastruktur layihələri ölkəni Avrasiya məkanının əsas nəqliyyat qovşaqlarından birinə çevirib. Azərbaycanın Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olması ölkəmizin Orta Asiya ilə Avropa arasında körpü rolunu daha da gücləndirib. Orta Dəhliz üzrə yükdaşımaların artması, Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və müasir avtomobil magistralları Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib.
Prezident İlham Əliyev bəyanatında Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması istiqamətində əldə olunan nailiyyətləri də vurğulayıb. Dövlət başçısı qeyd edib ki, sülh sazişinin paraflanması, Vaşinqtonda, Ağ Evdə Prezident Trampın iştirakı və imzası ilə Birgə Bəyannamənin imzalanması faktiki olaraq 30 il davam edən münaqişəyə son qoydu. Dövlətimizin təşəbbüsü ilə həyata keçirilən humanitar və iqtisadi addımlar, o cümlədən Ermənistana yanacaq təminatı və Azərbaycan ərazisindən tranzit yüklərin daşınması Cənubi Qafqazda qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. Prezident İlham Əliyev Almaniya hökumətinin sülh prosesinə verdiyi töhfəni də yüksək qiymətləndirərək, danışıqların müxtəlif mərhələlərində bu dost ölkənin konstruktiv rol oynadığını qeyd edib.
Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri və Berlin görüşlərinin nəticələri iki ölkə münasibətlərinin yeni strateji mərhələyə daxil olduğunu nümayiş etdirir. İmzalanmış sənədlər, strateji dialoqun başlanması, iqtisadi və enerji əməkdaşlığının genişləndirilməsi, biznes əlaqələrinin möhkəmləndirilməsi və regional sülhə dəstək iki ölkə arasında tərəfdaşlığın uzunmüddətli inkişafına möhkəm zəmin yaradır.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri