23 iyul 2026 17:10
96

“PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirilib

Energetika naziri Pərviz Şahbazov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti Yanq Tianfu ilə görüşüb.

“İki sahil” xəbər verir ki, görüşdə Azərbaycan ilə “PowerChina” şirkətlər qrupu arasında bərpa olunan enerji sahəsində uğurla inkişaf edən əməkdaşlıqdan məmnunluq ifadə olunub. Şirkətin Azərbaycanda həyata keçirilən yaşıl enerji layihələrində fəal iştirak etdiyi qeyd edilib. Bildirilib ki, “PowerChina”nın törəmə şirkəti “Huadong Engineering Co., Ltd.” 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası layihəsinin baş podratçısı olub, hazırda isə “Masdar”ın 200 MVt gücündə “Abşeron” Külək Elektrik Stansiyası layihəsinin baş podratçısı qismində fəaliyyət göstərir.

Görüşdə “PowerChina Resources Ltd.” şirkəti ilə 160 MVt gücündə günəş elektrik stansiyası layihəsi, eləcə də Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb. 160 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə görülmüş işlər nəzərdən keçirilib. “PowerChina Resources Ltd.” tərəfindən həyata keçirilən layihələrin Energetika Nazirliyinin prioritet layihələri sırasında yer aldığı vurğulanıb. Söhbət zamanı bərpa olunan enerji mənbələrinin elektrik şəbəkəsinə təhlükəsiz inteqrasiyası, elektrik enerjisinin ötürmə infrastrukturunun inkişafı və enerji saxlama sistemlərinin (BESS) tətbiqi perspektivlərinə toxunulub. Bildirilib ki, yeni generasiya güclərinin sistemə inteqrasiyası elektrik şəbəkəsinin inkişafı üzrə aparılan texniki-iqtisadi əsaslandırmanın nəticələri nəzərə alınmaqla həyata keçiriləcək. Bu çərçivədə layihələrin icrası zamanı enerji sisteminin dayanıqlılığının təmin edilməsi əsas prioritetlərdən biri kimi qiymətləndirilib.

Yekunda layihələrin uğurla həyata keçirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsi və texniki səviyyədə məsləhətləşmələrin intensivləşdirilməsi barədə razılıq əldə olunub.