27 iyul 2026 16:29
105

Azərbaycan dilinin qorunmasına və inkişafına yüksək dövlət qayğısı mövcuddur

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün Ulu Öndər  Heydər Əliyevin  9 avqust 2001-ci il tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər Bu Fərmanı latın bqrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.

Azərbaycan dilinin qorunmasında Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri olub. Hələ 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilən zaman oraya dövlət dili haqqında maddənin salınmaması ilə heç cür barışmayan Ulu Öndər bu məsələdə sonadək öz prinsipial mövqeyini göstərib. 1978-ci il aprelin 2-də doqquzuncu çağırış Ali Sovetin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təkidi ilə 73-cü maddəni yeni dəyişikliklə vermək qərara alınır. Bu dəyişiklik Azərbaycan SSR-nin dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirir. Bütün çətinliklərə baxmayaraq, Ulu Öndərin bu cür tarixi qərara nail olması mənəvi varlığımızın əsası sayılan dilimizin inkişafında böyük addım oldu.

Ulu Öndərin dilimizə ən böyük töhfələrindən də biri oldu ki, onu qloballaşan dünyanın mənfi təsirlərindən qorumaq üçün ciddi işlər həyata keçirdi.  Dahi şəxsiyyətin 2001-ci il iyulun 18-də imzaladığı «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında», həmin il avqustun 9-da imzaladığı «Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında» fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir.

Azərbaycan dilinin qorumaq üçün mühüm addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlətimizin başçısının «Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında» 2004-cü il 12 yanvar tarixli, «Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında» 2004-cü il 14 yanvar tarixli, «Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında» 2007-ci il 30 dekabr tarixli sərəncamları ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqinə imkan yaradıb.

Azərbaycan Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı» ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm əhəmiyyətə malikdir. Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Sənəd, eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur. Prezident İlham Əliyevin «Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında» 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı «Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında» Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir.

Xatırladaq ki, «Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır» fikirlərini  Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı söyləyib. Ölkəmizin başçsı bildirib ki, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər. Prezident 10 il əvvəl də bu məsələni qaldırdığını vurğulayaraq vəziyyətdən narahat olduğunu vurğulayıb: «On il ərzində lazımi tədbirlər görüldü ki, biz dilimizi kənar kəlmələrdən qoruya bilək. Amma yenə də oradan-buradan eşidirəm, - həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında, - buna heç bir gərək yoxdur. Yəni, biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər».

Azərbaycan Prezidenti bu məsələ ilə daim məşğul olacağını, lazımı tədbirlər görüləcəyini də bildirib. Bu, dövlət başçısının Azərbaycan dilinin qorunması, inkişafı ilə bağlı atdığı növbəti addımdır və onun dövlət dilinin inkişafı və müdafiəsinə hər zaman diqqət verdiyinin göstəricisidir.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri