28 iyul 2026 11:15
96

Azərbaycan Avropanın etibarlı tərəfdaşıdır

Qarşılıqlı səfərlərin dunamikliyi  münasibətlərimizin dünəninə, bu gününə baxış əsasında gələcəklə bağlı müəyyənləşdirilən hədəflərin aydın mənzərəsini təqdim edir

Xarici siyasətimizin əsas prioritet istiqamətlərindən biri  Avropa İttifaqı (Aİ)  ilə əməkdaşlıqdır. Azərbaycanın quruma üzv ölkələrin üçdə bir hissəsi ilə  Azərbaycanın strateji  tərəfdaşlıq haqqında sənəd imzalaması göstərir ki, ölkəmiz Avropa üçün çox mühüm  əhəmiyyət  daşıyır. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycanın yerləşdiyi coğrafi məkan ölkəmizin dövlətlər, xalqlar arasında körpü rolunu şərtləndirir.  Avropanı Asiya ilə birləşdirən Azərbaycan birləşdirici  roluna daim yeni-yeni əlavələr edir. İyul ayı ərzində Azərbaycanın Avropa İttifaqı  ilə əməkdaşlığına işıq salan mühüm məqamlardan biri kimi qarşılıqlı səfərlərin dinamikliyini qeyd edə bilərik. İyulun əvvəlində Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ölkəmizdə işgüzar  səfərdə oldu. Azərbaycanın bu gün Avropa İttifaqının strateji tərəfdaşı olduğunu deyən Ursula Fon der Lyayen bildirdi ki, Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlər möhkəm təməllər üzərində inkişaf edir.  Mərkəzi Asiya ilə Avropa arasında regional bağlantılarda Azərbaycanın vacib rolu qeyd olundu, ölkəmizlə Avropa İttifaqı arasında enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi xüsusi vurğulandı. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində roluna toxunularaq, onun etibarlı tərəfdaş olması, xüsusilə 2022-ci ildən sonra ölkəmizdən Avropa İttifaqına qaz ixracının həcminin artması məmnunluqla qeyd edildi. Dövlətimizin başçısı İlham Əliyev mətbuata bəyanatında qeyd etdi ki,  Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik. Bu ilin martında biz Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanı, sonra may ayında isə Avropa diplomatiyasının rəhbəri xanım Kallası qəbul etdik. Bu gün isə Avropa Komissiyasının Prezidenti bizimlədir. Əməkdaşlığımızı genişləndirmək və tərəfdaşlığımızı gücləndirmək məqsədilə hər iki tərəfin qarşılıqlı iradəsini əks etdirən münasibətlərimizdə görünməmiş dinamika müşahidə olunur. Biz Avropa Komissiyası ilə münasibətləri yüksək dəyərləndiririk.

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 14-də ölkəmizdə səfərdə oldu. Cənab İlham Əliyev vurğuladı ki, Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla gedir. Siyasi təmaslarımız müntəzəm xarakter alır. Doğrudan da belə dinamik əlaqələrin inkişafı iki tərəfin niyyətini göstərir. Bu gün Slovakiya-Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir. 2024-cü ildə biz strateji tərəfdaşlığa dair Birgə Bəyannamə imzalamışıq və bəyannamənin icrası göz önündədir. Çünki belə fəal siyasi təmaslar və birgə layihələrin icra olunması, əlbəttə ki, güclü siyasi iradə tələb edir.

Cənab İlham Əliyevin Almaniyaya rəsmi səfəri də Azərbaycan-Avropa İttifaqı əlaqələrinin hazırkı inkişaf səviyyəsinin təqdimatı oldu. Ümumiyyətlə,   Azərbaycan  1996-cı ildən Avropa İttifaqı ilə tərəfdaşlıq və əməkdaşlıq sazişi, daha sonra 2004-cü ildən Avropa Qonşuluq Siyasəti və nəhayət, 2009-cu ildən Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlıq edir. Azərbaycanın Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlığı geniş sahələri-siyasi, iqtisadi, demokratik inkişaf, multikulturalizm,  investisiya, enerji təhlükəsizliyi, nəqliyyat, sosial müdafiə sahələrini əhatə edir və bu əməkdaşlıq gündən-günə genişlənir. 2018-ci ildə dövlət başçısı İlham Əliyevin Belçikaya səfəri zamanı ölkəmizlə qurum arasında imzalanan «Tərəfdaşlıq prioritetləri» özündə bütün məqamları ehtiva edir. Belə ki, münasibətlərin inkişafına baxış fonunda perspektivlər müəyyənləşdirilərək onların icrası istiqamətində addımlar atılır.   Bu gün Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycan iqtisadiyyatına investisiya yatıran xarici ölkələr arasında Avropa İttifaqı ölkələri üstünlük təşkil edir.  Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına milyardlarla  dollar investisiya yatırılıb. Təbii ki, bu, Azərbaycanın əlverişli investisiya və biznes mühitinə malik olduğunun əyani təsdiqidir. 

Bu gün Azərbaycan Aİ ilə müxtəlif sahələr üzrə  geniş əməkdaşlıq əlaqələrinə malikdir. Artıq dünyanın potensial qaz ixracatçısına çevrilən Azərbaycan regionun və Avropanın enerji xəritəsini zənginləşdirir, XXI əsrin əsas qaz təchizatçısı kimi diqqəti özünə daha çox cəlb edir.  Azərbaycan Avropa üçün yeganə yeni enerji mənbəyidir. Azərbaycan enerji diplomatiyası vasitəsilə bütövlükdə dünyanın böyük dövlətlərinə, eləcə də Avropa İttifaqı ölkələrinə mehriban dostluq və əməkdaşlıq münasibətlərini nümayiş etdirir. Bu münasibətlər dövlətlərarası əlaqələrin inkişafına möhkəm zəmin yaradır. XX əsrdə reallaşan “Əsrin müqaviləsi”ndən sonra XXI əsrdə davam etdirilən bu layihələr Azərbaycanı Avropanın enerji təhlükəsizliyində əsas rol oynayan aktorlardan birinə çevirməklə ölkəmizin dünyadakı nüfuzunun və əhəmiyyətinin artmasına şərait yaradır.  Azərbaycan Avropa ilə Asiyanı dəmir yolu ilə birləşdirən ölkəyə çevrilib. Enerji və nəqliyyat təhlükəsizliyini, iqtisadi tərəqqini  prioritet hesab edən ölkəmiz Asiya ilə Avropanı birləşdirən, iki qitə arasında yeni nəqliyyat əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yolunu bütün maneə və çətinliklərə baxmayaraq uğurla reallaşdırdı. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin inkişafında maraqlıdır və bunu dövlət siyasətinin prioriteti hesab edir.

Bu gün Azərbaycan Asiya ilə Avropa arasında yerləşən, regionumuzda dərin kökləri, Avropa ilə güclü əlaqəsi olan, Avropa dəyərlərini paylaşan bir ölkədir. Ölkəmizlə  Avropa İttifaqı əlaqələrinin genişlənməsi, Azərbaycanın enerji layihələrinə siyasi dəstək ifadə edilməsi,  Azərbaycanın sülhsevər və dünyəvi dövlət kimi regional əməkdaşlıq və təhlükəsizlik məsələlərində oynadığı rolun etirafı bir daha təsdiqləyir ki, tarixi Zəfərimiz ölkəmizin qarşısında bütün sahələrdə geniş imkanlar açmaqla yanaşı, mövqelərini möhkəmləndirir.

Əvvəldə də qeyd etdiyimiz kimi, 2022-ci il iyulun 18-də Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən  Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” bir daha əlaqələrin  inkişaf səviyyəsinə işıq saldı. Cənab İlham Əliyev bu məqamı xüsusi qeyd etdi ki,  Azərbaycanın başladığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir.  Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoquna başlanılıb.  Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirilir. Külək və Günəş enerjisinə artıq sərmayə qoyuluşu prosesinə başlanılıb. Sözügedən  Memorandum gələcək üçün bir növ yol xəritəsi kimi dəyərləndirilir.

Göründüyü kimi, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsi regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi mövqeyini daha da möhkəmləndirir.

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri  çərçivəsində imzalanan Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə, həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə  iki ölkə arasında əlaqələrin bundan sonrakı inkişafının təqdimatı oldu.  Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri müxtəlif güc mərkəzləri ilə qarşılıqlı hörmətə, milli maraqlara və bərabərhüquqlu əməkdaşlığa əsaslanan münasibətlərin inkişaf etdirilməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və çoxqütblü xarici siyasət kursu son illərdə ölkəmizin həm regional, həm də qlobal səviyyədə etibarlı tərəfdaş kimi mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib.  Almaniya İtaliyadan sonra Azərbaycanın Qərbi Avropanın böyük dövlətləri ilə strateji çərçivə sənədi imzaladığı ikinci ölkədir. Bu, Azərbaycanın Avropanın aparıcı siyasi və iqtisadi gücləri ilə münasibətlərinin dərinləşməsinin ardıcıl xarakter aldığını nümayiş etdirir.

Avropa İttifaqının aparıcı siyasi və iqtisadi lokomotivi olan Almaniya Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Məhz buna görə Berlinlə strateji gündəliyin formalaşdırılması yalnız ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, həm də Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivləri üçün mühüm siyasi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, imzalanan Birgə Bəyannamədə Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığının strateji əhəmiyyəti ayrıca vurğulanır. Almaniyanın bu yanaşmanı açıq şəkildə dəstəkləməsi Azərbaycanın Avropa ilə əməkdaşlığının daha da genişləndirilməsinə verilən mühüm siyasi dəstəyin ifadəsidir. Həmçinin Bəyannamədə yenilənmiş Azərbaycan-Avropa İttifaqı Tərəfdaşlıq Prioritetlərinə açıq dəstəyin ifadə olunması Azərbaycan-Avropa İttifaqı münasibətlərinin yeni mərhələsinə verilən töhfə kimi qiymətləndirilə bilər. Bu yanaşma tərəflər arasında siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya əlaqələri, yaşıl enerji və rəqəmsal transformasiya kimi istiqamətlərdə əməkdaşlığın inkişafı üçün əlavə imkanlar yaradır.

Avropa İttifaqı ilə əməkdaşlıq yüksələn xətt üzrə davam edir. Eyni zamanda, Avropa İttifaqının on ölkəsi ilə strateji tərəfdaşlıq sənədləri imzalanıb. İtaliya ilə strateji tərəfdaşlıqdan sonra Almaniya ilə də belə bir mühüm sənədin imzalanması Azərbaycanın Avropanın iki aparıcı sənaye və iqtisadi dövləti ilə münasibətlərini strateji səviyyəyə yüksəltdiyini nümayiş etdirir. Bu faktlar bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi çoxqütblü və balanslaşdırılmış xarici siyasət Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, yeni siyasi və iqtisadi tərəfdaşlıqların formalaşmasına, ölkəmizin qlobal enerji təhlükəsizliyi, nəqliyyat, iqtisadi əməkdaşlıq və regional sabitlik sahələrində etibarlı tərəfdaş kimi nüfuzunun artmasına xidmət edir. Dövlətimizin başçısı İlham Əliyev bu əminliyi ifadə etdi ki, imzalanmış sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq. Biz artıq strateji dialoqun başlanmasını arzulayırdıq və buna nail olmuşuq. Eyni zamanda, iqtisadi əlaqələrin genişləndirilməsi üçün bu gün imzalanmış Birgə Bəyannamə əminəm ki, çox fəal işləyib yaxşı nəticələr hasil edəcəkdir: “İkitərəfli gündəliyimiz kifayət qədər genişdir. Biz bu barədə Sizinlə həm təkbətək görüşdə, həm də geniş tərkibdə görüş əsnasında fikir mübadiləsi aparmışıq. Almaniya Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqdadır. Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcəkdir.”

Ölkələr arasında əlaqələrin inkişafında iqtisadi amil əsasdır. Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadəsi  ölkəmizə həm enerji, həm də qeyri-neft sektorunda əməkdaşlığa geniş imkanlar yaradır. Azərbaycan Avropanın həm etibarlı tərəfdaşı, həm də regionun gələcəyini şərtləndirən strateji subyektdir. Avropa ölkələri ilə qurulan yeni tərəfdaşlıq modeli Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına və beynəlxalq arenadakı mövqelərinin daha da möhkəmlənməsinə  töhfə verəcək.

Yeganə Əliyeva, “İki sahil”