28 iyul 2026 13:37
113

Dövlət Komitəsi və AzQAC mina təhlükəsi ilə bağlı maarifləndirmə tədbirləri həyata keçiriblər

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Ağdam, Bərdə, Tərtər rayonlarında, eləcə də Ağdərə rayonunun Suqovuşan kəndində mina və partlamamış hərbi sursatların (PHS) yaratdığı təhlükələrə dair maarifləndirmə tədbirləri həyata keçirilib.

“İki sahil” xəbər verir ki,bu barədə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, məktəblərdə və məcburi köçkünlərin yığcam şəkildə müvəqqəti məskunlaşdıqları ərazilərdə "qapı-qapı" formatında təşkil olunan sessiyaların əsas məqsədi əhali arasında mina və partlamamış hərbi sursatlarla bağlı məlumatlılığın artırılması, təhlükəsiz davranış qaydalarının təşviqi və mümkün risklərin minimuma endirilməsi olub. Maarifləndirmə tədbirləri çərçivəsində könüllülər yaşayış evlərini ziyarət edərək sakinlərə mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr, təhlükəli ərazilərin tanınması, qadağanedici, xəbərdaredici və məlumatlandırıcı nişanların mahiyyəti, habelə təhlükəli hallarla qarşılaşdıqda riayət edilməli davranış qaydaları, aidiyyəti dövlət qurumları və əlaqə vasitələri barədə ətraflı məlumat veriblər. Eyni zamanda, mövzu üzrə hazırlanmış maarifləndirici broşürlər paylanılıb, sakinlərin sualları ətraflı cavablandırılıb.

Tədbirlərin həyata keçirilməsi zamanı aidiyyəti yerli qurumlarla zəruri koordinasiya təmin olunaraq könüllülərin fəaliyyətinin səmərəli təşkili üçün müvafiq şərait yaradılıb.

Maarifləndirmə sessiyalarının iştirakçıları bu cür tədbirlərin mina təhlükəsi ilə bağlı ictimai məlumatlılığın artırılması və təhlükəsiz davranış mədəniyyətinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.