29 iyul 2026 00:57
88

Sosial media qadağaları yeniyetmələr üçün gözlənilməz risklər yarada bilərmi?

Alimlər hesab edirlər ki, Avstraliyada tətbiq edilən və bir sıra ölkələrin gündəmində olan sosial media məhdudiyyətləri problemin əsas səbəblərini aradan qaldırmadan uşaqlar və yeniyetmələr üçün arzuolunmaz nəticələrə səbəb ola bilər.

“British Medical Journal” nəşrində dərc olunan məqalədə tədqiqatçılar bildirirlər ki, sosial media yeniyetmələrin, ailələrin, məktəblərin, hökumətlərin və texnologiya şirkətlərinin daxil olduğu mürəkkəb bir ekosistemin tərkib hissəsidir. Bu səbəbdən sosial mediadan problemli istifadə yalnız qadağalar və ya tək bir siyasət vasitəsilə aradan qaldırıla bilməz. Araşdırmada, həmçinin vurğulanır ki, sosial media platformalarının tamamilə qadağan edilməsi yeniyetmələri nəzarət edilməsi daha çətin olan və daha gizli rəqəmsal platformalara yönəldə bilər. Bu isə problemin həllindən daha çox onun formasının dəyişməsinə səbəb ola bilər.

Tədqiqatçılar qeyd edirlər ki, genişmiqyaslı qadağalar təkcə istifadəçilərə deyil, həm də iri texnologiya şirkətlərinin fəaliyyətinə təsir göstərəcək. Onların fikrincə, bu şirkətlər tütün və alkoqol sənayesində olduğu kimi, yeni tənzimləmələrə siyasi, elmi, texnoloji və iqtisadi baxımdan uyğunlaşmağa çalışacaq. Eyni zamanda, bəzi platformalar tətbiq edilən qaydalardan yayınmaq üçün "sosial media" anlayışının yenidən şərh edilməsinə cəhd göstərə bilər. Bundan əlavə, alimlər texnologiya şirkətlərinin daha zəif tənzimlənən platformalara yönələ, lobbiçilik fəaliyyəti və ictimai rəyə təsir göstərməklə qəbul ediləcək siyasətlərə təsir edə biləcəyi barədə də xəbərdarlıq edirlər.

Məqalədə qeyd olunur ki, sosial media məhdudiyyətləri bütün yeniyetmələrə eyni şəkildə təsir göstərməyəcək. Dəstəkləyici ailədə yaşayan, keyfiyyətli təhsil və müxtəlif inkişaf imkanlarına çıxışı olan gənclər bu dəyişikliklərdən daha az təsirlənə bilər. Lakin sosial təcrid yaşayan, təhlükəli mühitdə böyüyən və ya ailə dəstəyi məhdud olan yeniyetmələr üçün sosial media bəzən ünsiyyət, informasiya və psixoloji dəstək mənbəyi rolunu oynayır.

Məqalənin müəlliflərindən olan yeniyetmə iştirakçı bildirib ki, sosial media dostluqların qurulduğu, insanların özlərinə uyğun icmalar tapdığı, fikirlərini ifadə etdiyi və yeni biliklər əldə etdiyi platformadır. Onun sözlərinə görə, bəzi yeniyetmələr ailələri ilə bölüşə bilmədikləri problemləri sosial media vasitəsilə dostları ilə müzakirə edir və dəstək alırlar.

Yeniyetmənin bu fikirlərinə əsaslanan tədqiqatçılar hesab edirlər ki, müəyyən platformalar qadağan edilsə belə, gənclərin əksəriyyəti sosial mediadan tamamilə imtina etməyəcək. Onlar yeni tətbiqlərə sürətlə keçəcək və rəqəmsal mühitdə alternativ platformalar tapacaqlar. Bu səbəbdən alimlər geniş qadağalar əvəzinə, sosial medianın təsirlərini kompleks şəkildə qiymətləndirən, elmi sübutlara əsaslanan və çevik siyasətlərin hazırlanmasını təklif edirlər. Onların fikrincə, qiymətləndirmələr yalnız ekran qarşısında keçirilən vaxt və ya psixi sağlamlıq göstəriciləri ilə məhdudlaşmamalı, eyni zamanda, məktəblə əlaqələr, sosial münasibətlər, texnologiya şirkətlərinin reaksiyası və uzunmüddətli sosial nəticələr də nəzərə alınmalıdır.

Məqalədə vurğulanır ki, məhz belə geniş yanaşma qəbul edilən qərarların daha balanslı, çevik və elmi əsaslı olmasına, eləcə də zamanla təkmilləşdirilməsinə imkan yarada bilər. Əks halda, hökumətlər problemin kök səbəblərini aradan qaldırmayan, lakin gözlənilməz mənfi nəticələr doğuran siyasətlər həyata keçirmək riski ilə üzləşə bilərlər.

Qeyd edək ki, Avropa İttifaqı üzv ölkələrdə azyaşlıların sosial mediaya çıxışını məhdudlaşdıracaq yeni tədbirlər üzərində işlədiyini açıqlayıb. Hazırda isə Avstraliya, Böyük Britaniya, Çin, Hindistan və ABŞ-da sosial media platformalarına məhdudiyyətlərin tətbiqi ilə bağlı qanunlar qəbul edilib və ya bu istiqamətdə müzakirələr davam etdirilir. Bu təşəbbüslər əsasən “TikTok”, “YouTube”, “Instagram” və “Facebook” kimi platformaları əhatə edir.

Şahnigar Əhmədova, “İki sahil”