28 iyul 2026 16:48
141

Azərbaycan dili: milli dövlətçilik ənənələrinin təcəssümü

Ana dili dünyada hər bir xalqın milli kimliyini, mənəvi dəyərlərini və mədəni irsini yaşadan əsas amillərdən biridir. Dil təkcə ünsiyyət vasitəsi deyil, xalqın tarixi yaddaşı, mədəni irsi, mənəvi dünyası və dövlətçilik ənənələrinin daşıyıcısıdır. Ana dilini qoruyan xalq öz tarixini, milli kimliyini və gələcəyini qoruyur. Azərbaycan xalqı da əsrlər boyu bu həqiqətə sadiq qalaraq zəngin və ahəngdar ana dilini ən böyük milli sərvətlərindən biri kimi yaşatmışdır.

Hər il avqustun 1-də qeyd olunan Azərbaycan əlifbası və Azərbaycan dili günü xalqımızın dilinə olan məhəbbətinin, dövlətimizin isə milli-mənəvi dəyərlərə göstərdiyi yüksək qayğının ifadəsidir. Bu əlamətdar tarix həm də milli özünüdərkin, milli birliyin və müstəqil dövlətçiliyin təntənəsidir.

Azərbaycan dili minilliklər ərzində formalaşaraq zəngin söz ehtiyatına, mükəmməl qrammatik quruluşa və yüksək bədii ifadə imkanlarına malik olmuşdur. Azərbaycan dili xalqımızın milli-mədəni xəzinəsinin əsas komponentlərindən biridir.

Keçmiş ittifaq dövründə milli dillərin sıxışdırılması istiqamətində həyata keçirilən siyasət Azərbaycan dilinin inkişafına da mənfi təsir göstərirdi. Belə mürəkkəb şəraitdə ana dilinin hüquqlarını müdafiə etmək yalnız böyük siyasi nüfuza və milli məsuliyyət hissinə malik şəxsiyyətin həyata keçirə biləcəyi tarixi missiya idi. Ulu Öndər Heydər Əliyev bu məsuliyyəti öz üzərinə götürərək ana dilimizin dövlət dili kimi qorunması uğrunda ardıcıl və prinsipial mübarizə apardı.

1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında müddəanın daxil edilməsi həmin dövr üçün müstəsna əhəmiyyət daşıyan hadisə idi. Bu addım xalqımızın milli maraqlarının müdafiəsinə yönəlmiş uzaqgörən siyasətin təzahürü olmaqla yanaşı, gələcək müstəqilliyimizin ideoloji əsaslarını da möhkəmləndirdi.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ana dilimizin inkişafı yeni mərhələyə qədəm qoydu. 1995-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması və dövlət dilinin tətbiqi ilə bağlı ardıcıl hüquqi islahatlar dil siyasətinin möhkəm hüquqi bazasını formalaşdırdı. Ümummilli Lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman, Dövlət Dil Komissiyasının yaradılması və avqustun 1-nin Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edilməsi ana dilimizin inkişaf tarixində mühüm mərhələ oldu. Bu qərarlar dilimizin yalnız qorunmasına deyil, həm də dövlət idarəçiliyində, təhsildə, elmdə və ictimai həyatın bütün sahələrində tətbiqinin genişlənməsinə xidmət etdi.

Ulu Öndərin siyasi xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının təşəbbüsü ilə Azərbaycan dilinin qloballaşma şəraitində inkişafına dair Dövlət Proqramı qəbul edilmiş, elektron məkanda Azərbaycan dilinin istifadəsi genişləndirilmiş, latın qrafikalı nəşrlərin sayı artırılmış, dilimizin saflığının qorunmasına yönəlmiş mühüm fərman və sərəncamlar imzalanmışdır. Xüsusilə 2025-ci ildə qəbul edilən yeni qərarlar Azərbaycan dilinin normalarına əməl olunmasına dövlət nəzarətinin daha da gücləndirilməsinə xidmət edir.

Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı ana dilinin qorunması qarşısında yeni vəzifələr müəyyənləşdirir. Sosial şəbəkələr, rəqəmsal media və süni intellekt texnologiyaları həyatımızın ayrılmaz hissəsinə çevrildikcə Azərbaycan dilinin bu platformalarda düzgün və zəngin şəkildə istifadəsi xüsusi əhəmiyyət kəsb edir. Dilimizin müasir texnologiyalara uyğun inkişaf etdirilməsi onun gələcək nəsillər üçün də canlı və rəqabətqabiliyyətli qalmasını təmin edir.

Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır” fikri bu baxımdan mühüm çağırışdır. Ana dilinin qorunması yalnız dövlət qurumlarının və ya dilçi alimlərin deyil, müəllimlərin, jurnalistlərin, yazıçıların, yaradıcı ziyalıların, valideynlərin və bütövlükdə cəmiyyətin ümumi məsuliyyətidir.

Azərbaycan dili bu gün dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımızı bir amal ətrafında birləşdirən mənəvi bağdır. Xaricdə yaşayan azərbaycanlıların ana dilinə bağlılığı milli-mədəni kimliyimizin qorunmasına, Azərbaycançılıq ideologiyasının möhkəmlənməsinə və Vətənlə əlaqələrin güclənməsinə xidmət edir.

Ümummilli Lider Heydər Əliyev deyirdi: “Dil hər bir millətin milliliyinin əsasıdır”. Bu fikir bu gün də öz aktuallığını qoruyur. Ana dilimizə sahib çıxmaq tariximizə sahib çıxmaq, milli dəyərlərimizi yaşatmaq və müstəqil dövlətçiliyimizi daha da möhkəmləndirmək deməkdir.

1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü hər bir azərbaycanlı üçün qürur, məsuliyyət və milli həmrəylik günüdür. Dilimizi sevmək, onu düzgün qorumaq, zənginləşdirmək və gələcək nəsillərə saf şəkildə ötürmək həm Ulu Öndərin ideyalarına sədaqətin, həm də Prezident İlham Əliyevin həyata keçirdiyi milli dil siyasətinə dəstəyin bariz ifadəsidir. Azərbaycan dili dünənimizi yaşadan, bu günümüzü birləşdirən və sabahımıza işıq tutan əbədi milli sərvətimizdir.

Nurlan Həsənov,
Milli Məclisin deputatı