İşğaldan azad olunmuş ərazilərimizə qayıdan soydaşlarımıza dövlət xidmətlərinin daha rahat, əlçatan və şəffaf formada təqdim edilməsi məqsədilə davamlı tədbirlər həyata keçirilir
Tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının reallıqları fonunda azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri hazırda müasir şəhərsalmanın Azərbaycan modelini dünyaya təqdim edir. Ağdam, Zəngilan və Xankəndi şəhərlərində keçirilən Azərbaycan Milli Şəhərsalma forumlarının yol açdığı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında bütün bu reallıqlara işıq salındı. 176 ölkədən 57 mindən çox iştirakçını “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda bir araya gətirən Forumda səsləndirilən fikirlər də Azərbaycanın təkmil dirçəliş modelinə böyük dəstəyin ifadəsi oldu. Belə ki, “Bizim hamımızı bu gözəl bir məkana topladığınıza görə sizə təşəkkürümüzü bildiririk” söyləyən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax onu da əlavə etdi ki, maraq səviyyəsi və iştirak burada müstəsnadır. Bu xarakterli heç bir forum indiyədək bu qədər geniş və müxtəlif qlobal auditoriyanı bir araya gətirməmişdir. Bu isə mənzil və dayanıqlı şəhər inkişafının ortaq gələcəyimizin mərkəzində dayanmasını bizə daha da yaxşı şəkildə göstərir.

Bu kimi fikirlər Azərbaycanın şəhərsalma təcrübəsinin müasir çağırışları özündə əks etdirdiyini, zəngin təcrübəyə malik olduğunu, dayanıqlı inkişafın təmin edilməsini qarşıya prioritet məsələ kimi qoyduğunu təsdiqləyir. Hərtərəfli inkişaf kompleks tədbirlərin həyata keçirilməsini bir tələb kimi qarşıya qoyur ki, dövlətimizin həyata keçirdiyi siyasətdə bu amil əsasdır. Hansı sahəyə diqqət yetirsək təkmil islahatların yol açdığı uğurları görərik. Azərbaycanın milli inkişaf strategiyasında şəhərsalma prioritet istiqamətlərdən birini təşkil edir. Ölkədə şəhərsalma və urbanizasiya sahəsində qəbul edilmiş yanaşmalar iqtisadi dayanıqlılığa, sosial-iqtisadi rifaha, iqlim dəyişmələrinə uyğunlaşmaya töhfə verir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycan dövlətinin şəhərsalma sahəsində strateji baxışını və icra imkanlarını nümayiş etdirir.
İşğalın davam etdiyi otuz il ərzində Ermənistan tərəfindən Azərbaycanın şəhər və kəndləri tamamilə viran edilmiş, tarixi-mədəni irsimiz dağıdılmış, torpaqlar geniş miqyasda mina çirklənməsinə məruz qalmış, bir milyondan artıq azərbaycanlı öz yurd-yuvasından didərgin salınmışdır. 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər sayəsində həmin ərazilərin işğaldan azad edilməsi ölkəmiz üçün bərpa, yenidənqurma və dirçəliş dövrünün əsasını qoydu. Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri soydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışını təmin edir. Belə ki, müasir şəhərsalma prinsiplərinin tətbiqi ilə Qarabağ və Şərqi Zəngəzur regionlarının dayanıqlı infrastrukturunun qurulması, yaşayış məntəqələrinin yenidən salınması və əhalinin qayıdışı üçün zəruri şəraitin yaradılması istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirilir. Burada son beş ildən artıq dövrdə 3 yeni beynəlxalq hava limanı, avtomobil və magistral yolları, yeni dəmir yolu infrastrukturu inşa olunub, həmçinin yaşayış evləri, səhiyyə müəssisələri, təhsil ocaqları və digər sosial infrastrukturun tikintisi davam etdirilir.
İşğaldan azad edilmiş ərazilərin bərpası prosesində enerji infrastrukturunun yenidən qurulmasına və enerji təhlükəsizliyinin təmin edilməsinə xüsusi önəm verilir. Yaşıl enerji zonası elan edilmiş və 10 min meqavat yaşıl enerji üzrə texniki potensiala malik Qarabağ və Şərqi Zəngəzurda Günəş və külək enerjisi layihələri sürətlə həyata keçirilir. Burada “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Regionda iqtisadi inkişafın və məşğulluğun təmin edilməsi məqsədilə sənaye parkları, iqtisadi zonalar yaradılır. Bütün bunlar yerli istehsal imkanlarının genişləndirilməsi və yeni iş yerlərinin açılması ilə yaşayış məntəqələrinin dayanıqlı inkişafına töhfə verir. Eyni zamanda, salınan yeni yol infrastrukturu sayəsində Qarabağ və Şərqi Zəngəzurun Bakı və ölkənin digər əraziləri ilə birbaşa əlaqələndirilməsi bu regionların sürətli iqtisadi və sosial inkişafına xidmət edir.

Azərbaycanın müasir şəhərsalma təcrübəsini dünyaya təqdim edən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında “İndi hökumətimizin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Bu ərazi 30 il müddətində erməni işğalı altında idi və tamamilə dağıdılaraq məhv edilmişdir. Beynəlxalq müşahidəçilər və ziyarətçilər Ağdamı Xirosima ilə müqayisə edirdilər, onlar Ağdamı “Qafqazın Xirosiması” adlandırırdılar. Çünki şəhər, sadəcə, mövcud deyildi. Şəhər tamamilə yerlə-yeksan edilmişdir və o, Xirosimadan fərqli olaraq, atom bombasının atılması nəticəsində bir günə bu vəziyyətə düşməmişdir. Bu, 30 illik işğal ərzində edilmişdir və bu zaman binalar, tarixi binalar və ictimai binalar, evlər tamamilə sökülərək dağıdılmışdır” söyləyən cənab İlham Əliyev Böyük Qayıdış Proqramının uğurla həyata keçirilməsi nəticəsində əldə edilən nəticələrdən bəhs edərkən “Mən, əlbəttə ki, çox rəqəm gətirə bilərəm, lakin yalnız ikisini qeyd edim” söyləyərək bildirdi ki, artıq 5 il ərzində çəkdiyimiz tunellərin uzunluğu 70 kilometrdir. Digər beşi də tikiləcək. 500 körpüdən 435-i inşa olunub. Bununla yanaşı, elektrik stansiyaları, su təchizatı kəmərləri, su anbarları, evlər, məktəblər, xəstəxanalar, üç beynəlxalq hava limanı tikilib, dəmir yolları çəkilib. Bütün bunlar cəmi beş il ərzində inşa olunub. Yalnız dağıtmaq, məhv etmək və əziyyətlər vermək üçün gələnlərdən fərqli olaraq, məhz torpağın yiyələri bu cür davranırlar. Bu gün 85 mindən artıq azərbaycanlı keçmişdə işğal altında olmuş ərazilərdə yaşayır. Onlar işləyir, yaşayır, təhsil alır və onların məşğulluğu hökumətimizin ən mühüm hədəflərindən biridir. Həmin sahələrdə artıq salınmış və salınacaq çoxsaylı sənaye zonaları öz torpağında yaşamaq kimi fundamental hüququndan məhrum olmuş yüz minlərlə insanın sürətli qayıdışına birmənalı dəstək olacaq. Hesablamalara görə, 2035-ci ilə qədər Qarabağ və Şərqi Zəngəzurda 200-ə yaxın şəhər, kənd, qəsəbə bərpa olunacaq. Böyük Qayıdış Proqramının birinci mərhələsinin başa çatacağı dövrə - cari ilin sonuna qədər 140 min keçmiş məcburi köçkünün öz doğma yurd-yuvasına qayıdışı nəzərdə tutulub. Azərbaycanın hər bir hədəfə zamanında və yüksək səviyədə nail olması günümüzün reallıqlarındandır. Bütün işləri sıfırdan, öz daxili imkanları hesabına həyata keçirən ölkəmiz həm bu torpaqların əsl sahibi olduğunu, həm də iqtisadi və maliyyə imkanlarını nümayiş etdirir. Hər zaman vurğulandığı kimi, ilklərə imza atan Azərbaycan dünya hərb tarixində də ilkə imza ataraq müharibədən dərhal sonra bərpa-quruculuq işlərinə başladı. Əvvəldə də qeyd etdiyimiz kimi, beş ildə üç beynəlxalq statusa malik olan hava limanının tikilib istifadəyə verilməsi Azərbaycanın iqtisadi gücünün təsdiqidir. Cənab İlham Əliyev daim bölgələrdə infrastruktur layihələrinin icrasını əsas hədəf kimi qarşıya qoyur. Yol iqtisadiyyatın inkişafında, insanların rahatlığının təmin edilməsində, sahibkarlara dəstəkdə vacib amildir. Hər bir bölgənin inkişafında yol infrastrukturunun rolunu nəzərə alsaq, bu gün bu fikri böyük əminliklə qeyd edə bilərik ki, yol-nəqliyyat sistemimiz beynəlxalq standartlara cavab verir. Yol infrastrukturunun təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. Azərbaycan bu gün Avrasiya məkanında dinamik innovativ inkişaf edən lider dövlət, həm də iki qitə arasında mühüm və ən əlverişli nəqliyyat mərkəzidir. Ölkəmiz bu mövqeyini düşünülmüş siyasət, gələcəyə hesablanmış strategiya və zamanın, dövrün tələblərinə uyğun olaraq həyata keçirilən islahatlar, yeni iqtisadi və sosial layihələrin icra edilməsi nəticəsində qazanıb.

2003-cü ildən etibarən iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar öz uğurlu nəticəsini verir. Neft gəlirlərinin istifadəsində şəffaflığın yüksək səviyyədə təmin olunması qeyri-neft sektorunun inkişafına geniş yol açdı. Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində yol-nəqliyyat kompleksinin müasir infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilir, Fərman və sərəncamlar imzalanır. İmzalanan sənədlərə uyğun olaraq çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunmuş və olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ən ucqar kənd yolları belə müasir standartlara uyğun qurulub. Qeyd etdiyimiz kimi, yollar həm insanların rahatlığını təmin edir, həm də ölkə iqtisadiyyatının hərtərəfli inkişafında mühüm rol oynayır. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ölkənin geosiyasi maraqlarına, malik olduğumuz enerji resurslarının səmərəli istifadəsinə yol açan enerji layihələrinin uğurlu icrasına, qeyri-neft sektorunun hərtərəfli inkişafına, ərzaq, enerji və nəqliyyat təhlükəsizliyinin təminatına xidmət edib və bundan sonra da edəcək.
Dövlət Proqramlarında nəzərdə tutulan vəzifələrin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsi bölgələrin simasını dəyişdi, infrastruktur yeniləndi, şəhərlə kənd arasındakı fərq minimuma endirildi, demoqrafik tarazlıq təmin olundu. Həyata keçirilən və dövlətin daim nəzarətində olan təşəbbüslərin həllində yeganə məqsəd ölkəmizin iqtisadi qüdrətini artırmaq, dünya iqtisadi sistemində mövqeyini möhkəmləndirmək, xarici investisiyaların Azərbaycana cəlbini sürətləndirməkdir. Mühüm əhəmiyyətli işlahatların və layihələrin tətbiqi ilə dünya birliyində islahatçı ölkə kimi tanınan, təşəbbüsləri beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən və yüksək dəyərləndirilən Azərbaycanın reytinqi ildən-ilə yüksəlir. Tarixi Zəfərimizin reallıqları əsasında Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də də möhkəm iqtisadi təmələ əsaslanan ölkəmizdə qarşıdakı on il üçün görüləcək işlər, icra mexanizmi tam aydınlığı ilə göstərilib. Qarşıdakı on ildə həyatımızın bütün sahələrinə bələdçilik edəcək sənəddə qüdrətli dövlət, yüksək rifah cəmiyyətinin inkişafı naminə müəyyənləşdirilən vəzifələr elmi cəhətdən təhlil edilir. İşğaldan azad edilmiş ərazilərin bərpası, erməni vandalları tərəfindən dağıdılmış yaşayış məskənlərinin müasir şəhərsalma qaydalarına uyğun görkəmə salınması, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaqla, nəzərdə tutulan vəzifələrin həlli Azərbaycanın inkişafına böyük təkan verəcək. Sənəddə qeyd olunduğu kimi, mərhələ üzrə həyata keçiriləcək vəzifələr 2030-cu ilə qədər Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə, qüdrətli dövlətə çevrilməsinə etibarlı zəmanətdir. Azərbaycanın dövlət büdcəsinin sosialyönümlü olması nəzərə alınmaqla müəyyənləşdirilən prioritetlərdə ölkə vətəndaşlarının rifah səviyyəsinin artırılmasına, yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə əsaslanan yeniliklərə xüsusi diqqət yetirilir. Azad edilmiş ərazilərdə qısa müddətdə yaşayış üçün münbit şəraitin formalaşdırılması, həyata keçirilən infrastruktur layihələri, energetika sisteminin bərpası, yeni beynəlxalq hava limanlarının inşası iqtisadi inkişafın sürətləndirilməsi və əlverişli investisiya mühitinin formalaşdırılması baxımından əhəmiyyətlidir. Hazırda qarşıda dayanan əsas vəzifələrdən biri azad edilmiş ərazilərin zəngin resurslarından, infrastruktur potensialından səmərəli istifadənin təmin edilməsidir. Dövlət əlverişli biznes mühiti yaratmaqla, həmin ərazilərdə iqtisadi fəaliyyətin canlandırılmasına və dayanıqlı məskunlaşmanın təmin olunmasına çalışır.
İşğaldan azad olunmuş ərazilərimizə qayıdan soydaşlarımıza dövlət xidmətlərinin daha rahat, əlçatan və şəffaf formada təqdim edilməsi məqsədilə tədbirlər davam etdirilir. Bu çərçivədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən növbəti Səyyar "ASAN xidmət" Laçın şəhərində təşkil edilib. İyulun 30-dək vətəndaşlar şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat xidmətləri, əmlak xidmətləri və əmək pensiyalarının təyin edilməsi xidmətlərindən yararlana bilirlər. Bu günədək Səyyar "ASAN xidmət" çərçivəsində Zəngilan rayonunun Ağalı kəndində, Ağdərə rayonunun Talış kəndində, Cəbrayıl və Xankəndidə də vətəndaşlar səyyar xidmətlərdən yararlanıblar.
Yeganə Əliyeva, “İki sahil”