31 iyul 2026 18:39
134

Müntəzəm təmaslar və qarşılıqlı etimad bu gün qurulan müttəfiqlik münasibətləri üçün möhkəm zəmin yaradır

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri həm iki ölkənin, həm də ümumilkdə Azərbaycan-Mərkəzi Asiya ölkələrinin münasibətlərində yeni mərhələnin başlanğıcı oldu

Sivilizasiyalar arasında körpü olan Azərbaycana artan maraq, qlobal problemlərin ölkəmizdə  müzakirəsi, ev sahibliyi etdiyi tədbirlərin miqyasının genişlənməsi və sair kimi mühüm hadisələr  bugünümüzün reallıqlarıdır. Tarixi Zəfərimiz, suverenliyimizin tam bərpası Azərbaycanın xarici siyasət uğurlarının davamlılığında,  söz sahibliyində,  hər bir məsələnin həllinə yanaşmasına verilən  yüksək dəyərdə əhəmiyyətli rol oynayır. Hər zaman haqqın, ədalətin,  beynəlxalq hüququn yanında olan Azərbaycanın  30 ilin işğalına 44 gündə son qoyaraq BMT Təhlükəsizlik Şurasının  qətnamələrini təkbaşına icra etməsi illərdir  dünyaya edilən ədalət çağırışının bir daha təsdiqi oldu. Bu gün Azərbaycanın regionda dayanıqlı sülhə, təhlükəsizliyə verdiyi töhfələr ənənəvi tərəfdaşlarla əlaqələrin inkişafına, həmçinin yeni əməkdaşlıq formatlarının yaradılmasına geniş imkanlar açır. Türk dünyasının birliyi bütün dövrlər üçün aktual olub, bu gün də  öz önəmini təsdiqləyir. Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında qeyd etdiyi kimi, Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına əvvəllər və bu gün böyük töhfə verir və verəcək. Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə tarixi, mədəni, etnik köklərimiz gözəl təməl formalaşdırır və bu gün müstəqil dövlətlər kimi biz bütün beynəlxalq təşkilatlarda da vahid mövqedən çıxış edirik, bir-birimizi dəstəkləyirik. Yaxşı günlərdə, çətin günlərdə bir-birimizin yanındayıq.

Son illərdə qarşılıqlı səfərlərin dinamikliyinə diqqət yetirmək kifayətdir. İyun ayında Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ölkəmizdə rəsmi səfərdə oldu. Səfərin  qürurverici məqamlarından biri Türkmənistan Prezidentinin azad Qarabağda olması, Füzulidə və Şuşada görülən bərpa-quruculuq işləri ilə yaxından tanış olması, Cıdır düzündə Prezident İlham Əliyevin Sərdar Berdiməhəmmədova “Mərd” adlı Qarabağ atını hədiyyə etməsi oldu. Bu, ümumilikdə türk dünyasının birliyinin təqdimatı oldu. Hazırda dünya bu birliyi azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində görür.

   Dövlətimizin başçısı İlham Əliyevin iyulun 30-da Qırğız Respublikasına dövlət səfəri də həm iki ölkənin, həm də Azərbaycan-Mərkəzi asiya ölkələri münasibətlərinin uğurlu inkişafının nümayişi oldu. Prezident İlham Əliyev sözügedən səfəri çərçivəsində Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə birlikdə Çolpon-Ata şəhərindəki “Issyk-Kul Golf Resort” kompleksində Qolf Klubun açılışında iştirak etdi.

  Qeyd edək ki,  Qolf Klub İssık-Kul gölünün sahilində “Issyk-Kul Golf Resort” çoxfunksiyalı turizm kompleksinin ərazisində yerləşir. Bu kompleksin ümumi sahəsi 120 hektardır. Bunun da 103 hektarı Qolf Klubun payına düşür. Bu layihənin icrası yalnız yay aylarında deyil, digər fəsillərdə də İssık-Kula turist axınını cəlb etmək üçün böyük rol oynayacaq. Belə ki, burada ilin 10 ayında qolf oynamaq üçün meydança qurulub. Zəruri infrastrukturun yaradıldığı Qolf Klubun ərazisində 80 yerlik mehmanxana da qonaqların ixtiyarına veriləcək. Burada qolf akademiyasının yaradılması və müxtəlif səviyyəli qolf turnirlərinin keçirilməsi nəzərdə tutulur. Turizm, idman, sağlamlıq və əyləncə meyarlarını özündə birləşdirən “Issyk-Kul Golf Resort” kompleksində Qolf Klubla yanaşı, ümumilikdə dörd və beşulduzlu bir neçə hotel, restoranlar, çimərlik sahələri olacaq. Dövlət başçıları “Issyk-Kul Golf Resort” kompleksinin ərazisini gəzdilər, burada qolf oyununun rəmzi başlama mərasimində iştirak etdilər.

Çolpon-Ata şəhərində  Prezident İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə təkbətək görüşü oldu. Həmçinin Prezidentlər mətbuata bəyanatla çıxış etdilər.  Prezident İlham Əliyevin səfəri zamanı 14 sənəd  imzalanıb. Azərbaycan ilə Qırğız Respublikası arasında yaradılan Dövlətlərarası Şuranın  müntəzəm olaraq keçirilən iclasları da münasibətlərin dünəninə, bu gününə baxış əsasında qarşıdakı dövrün hədəflərinin müəyyənləşdirilməsində  əhəmiyyətli rol oynayır.   Dövlətlərarası Şuranın 1-ci iclası 2022-ci ildə Bişkekdə, 2-ci iclası isə 2024-cü ildə Bakıda keçirilib. Prezident İlham Əliyevin Qırğızıstana bu dəfəki  səfəri zamanı Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi. İclasdakı çıxışında Qırğızıstan   Prezidenti Sadır Japarov “Qırğızıstanda Sizə - qardaş Azərbaycanın liderinə və qırğız xalqının əziz dostuna böyük hörmət bəsləyirlər. Sizin rəhbərliyinizlə Azərbaycan inamla inkişaf edir, beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirir, regionda sülhün və sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bu gün ölkə böyük təəssürat doğuran nəticələr nümayiş etdirir, ardıcıl olaraq genişmiqyaslı islahatlar həyata keçirir və milli maraqlarını qətiyyətlə müdafiə edir. Bu son nailiyyətlər Azərbaycan xalqının Ümummilli Lideri, atanız hörmətli Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm təməl üzərində qurulub. Bu quruculuq yolu davam edir. Siz ölkənin gələcək inkişafını təmin edir, regional və beynəlxalq proseslərdə onun rolunu möhkəmləndirirsiniz” söyləyərək onu da vurğuladı ki,  Qırğızıstan ilə Azərbaycanı tarixi köklər və mənəvi yaxınlıq birləşdirir. Dəyərlərimiz öz əksini iki xalqın zəngin mədəni irsində tapıb. Dahi Nizami Gəncəvinin dediyi kimi, qazanılan hər bir dost səmanın bəxş etdiyi bir nemətdir.  Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazanıb.

 Səfərin  Qırğızıstan-Azərbaycan münasibətlərinin xüsusi xarakterini bir daha təsdiqlədiyini önə çəkən Sadır Japarov  vurğuladı ki, möhkəm dostluq və qarşılıqlı hörmət təməlinə əsaslanan ikitərəfli qarşılıqlı fəaliyyətin inkişafında yeni bir mərhələyə qədəm qoyuruq. Qırğızıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlığımızın inkişafına mane ola biləcək həll edilməmiş heç bir məsələ yoxdur. Əksinə, tam etimad və açıqlıq mühiti yaranıb ki, bu da bizə inamla irəliləməyə imkan verir. Məhz belə bir ab-havada ikitərəfli əməkdaşlığın gələcəyini formalaşdıran mühüm prinsiplər və təşəbbüslər yaranır, qərarlar qəbul edilir. Əldə edilən bütün razılaşmaların birgə inkişafa və ortaq məqsədlərə çatmaq üzrə səmimi səylərə əsaslanması xüsusilə vacibdir. Qırğız-Azərbaycan əməkdaşlığı nəqliyyat, energetika, investisiya, təhlükəsizlik, təhsil və digər sahələrdə qarşılıqlı fəaliyyətin daha da genişlənməsi üçün əhəmiyyətli potensiala malikdir.

Dövlətimizin başçısı İlham Əliyev Qırğızıstan Prezidentini və bütün qardaş Qırğız xalqını sosial-iqtisadi inkişaf, ölkənin iqtisadi potensialının möhkəmləndirilməsi, beynəlxalq məsələlərdə rolunun artırılması üzrə əldə olunan böyük nailiyyətlər münasibətilə təbrik edərək bildirdi ki, dostlarınız və qardaşlarınız olaraq, hər bir uğurunuza daim sevinirik və həm inşaat sektorunda, həm də vəsaitlərin xalqın və ölkənin rifahına xərclənməsinə imkan verən maliyyə, büdcənin doldurulması sahəsində fəaliyyətinizin nəticələri aydın şəkildə görünür. Bu, bizdə sevinc hissi doğurur. Çünki biz dost, qardaşıq, xalqlarımızı ortaq köklər birləşdirir və qardaş ölkənin uğurunu öz uğurumuz hesab edirik. Cənab İlham Əliyev Ağdam rayonunun Xıdırlı kəndində Qırğızıstanın hədiyyəsi olan Ayköl Manas adına tam orta məktəbin  fəaliyyət göstərməsinə diqqəti yönəldərək bildirdi ki, Ağdam bölgəsində  birlikdə açılışını etdiyimiz məktəb Manasın adını daşıyır, orada uşaqlar artıq təhsil alırlar. Bu məktəb qardaşlığımızın daha bir rəmzidir, həmçinin xalqlarımızın birliyinin abidəsi kimi daim qalacaqdır. Təkcə Qarabağın deyil, bütün Azərbaycanın sakinləri bunu qiymətləndirirlər: “Mən, həmçinin şadam ki, humanitar sahədə əlaqələrimiz uğurla inkişaf edir: bu yaxınlarda Azərbaycanda keçirilən Qırğızıstan Mədəniyyəti Günləri və Qırğızıstanda Azərbaycan Günləri mədəniyyətimizin necə zəngin olduğunu və xalqlarımızın yaradıcılıq potensialını tam şəkildə üzə çıxaran belə tədbirlərin vacibliyini bir daha nümayiş etdirdi.”

   Prezident İlham Əliyev bu əminliyi də ifadə etdi ki, bütün sahələrdə qarşıya qoyduğumuz məqsədlərin hamısına nail olunacaq. Şadam ki, Qırğız-Azərbaycan Fondu uğurla fəaliyyət göstərir. Fondun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik və bir neçə layihə artıq həyata keçirilir.  Fond inkişaf etdikcə, layihələrin sayı da artacaq. Bu, ortaq məqsədlərimizə xidmət edəcək. Azərbaycan, həmçinin İssık-Kulun infrastrukturunun, burada turizmin inkişafında da iştirak edib. Həmkarlarımızla birlikdə beşulduzlu “Bakı” hotelini açacağıq. Bu da dost-qardaş münasibətlərinin təzahürüdür, həmçinin Azərbaycanın İssık-Kulun turizm potensialının inkişafına kiçik töhfəsidir.

   Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri münasibətlərdə yeni tarixi mərhələ kimi dəyərləndirilir. Tərəflər arasında enerji sektorunda, xüsusən də bərpaolunan enerji və enerji sistemlərinin inteqrasiyası sahəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanmış strateji sazişlər yeni perspektivlər açır. Beləliklə, daxili potensiala və fəal diplomatiyaya arxalanan Azərbaycan Şərqlə Qərb arasında əsas geoiqtisadi və siyasi körpü rolunu daha da möhkəmləndirir. Azərbaycan ilə Qırğızıstan arasında iqtisadi və nəqliyyat-logistika sahələrində əməkdaşlıq da yeni mərhələdədir. Azərbaycan və Qırğızıstan Türk Dövlətləri Təşkilatı başda olmaqla, bütün beynəlxalq platformalarda həmrəylik göstərirlər. Çoxtərəfli strukturlarda nümayiş etdirilən vahid mövqe iki ölkənin beynəlxalq nüfuzunu artırır, dayanıqlı inkişaf, iqlim dəyişikliyi və regional təhlükəsizlik kimi müasir çağırışlara qarşı strateji planları birgə həyata keçirməyə imkan verir. Bu gün Bakı və Bişkek regional sabitliyin və Türk dünyasının birliyinin möhkəmlənməsinə birgə töhfə verməkdə davam edirlər.

   Dövlətimizin başçısı İlham Əliyevin səfəri çərçivəsində  Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi. Qırğızıstan Prezidenti bir daha bildirdi ki, müasir Azərbaycan regional və beynəlxalq proseslərdə mühüm rol oynayan güclü və nüfuzlu dövlətdir. Prezident İlham Əliyevin  Azərbaycana rəhbərlik etdiyi illərdə dövlətçiliyin möhkəmlənməsi, iqtisadiyyatın inkişafı və irimiqyaslı layihələrin həyata keçirilməsi üzrə böyük nailiyyətlər əldə olunub. Onun dəstəyi və daimi yaxınlaşmaq səyləri sayəsində qardaş ölkələrimiz möhkəm dostluğa və qarşılıqlı etimada əsaslanan əsl strateji tərəfdaşlıq münasibətləri əldə edib. Bu gün münasibətlərimiz keyfiyyətcə geniş səviyyəyə yüksəlib və müttəfiqlik xarakteri qazanıb. Mərkəzi Asya ilə Cənubi Qafqaz arasında əlaqələrin inkişafında  rolunuz xüsusi əhəmiyyətə malikdir. Azərbaycanın Mərkəzi Asya dövlət başçılarının Məşvərət görüşlərində iştirakı iqtisadi-ticari, nəqliyyat və energetika sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açır: “Siz, həmçinin öz nüfuzunuzu ardıcıl olaraq regionda möhkəm sülhün bərqərar olmasına, sabitliyin möhkəmlənməsinə və yeni əməkdaşlıq mühitinin yaranmasına yönəldirsiniz. Ölkələrimiz arasında dostluğun möhkəmləndirilməsinə Sizin sadiqliyiniz Qırğız xalqında dərin hörmət hissləri doğurur. Məhz bu səbəbə görə əziz dostum və qardaşım, Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevin Qırğız Respublikasının ali dövlət mükafatı – “Manas” ordeni ilə təltif olunması qərarını qəbul etdim. Bu yüksək mükafat Sizin Qırğızıstan–Azərbaycan münasibətlərinin möhkəmlənməsinə şəxsi töhfənizin təsdiqidir.”

  Sonra  Prezident İlham Əliyevin Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın inkişafına, iki ölkənin xalqları arasında dostluğun möhkəmlənməsinə mühüm töhfəsinə görə 1-ci dərəcəli “Manas” ordeni ilə təltif edilməsi haqqında Qırğızıstan Prezidenti Sadır Japarovun Fərmanı oxundu. Prezident Sadır Japarov 1-ci dərəcəli “Manas” ordenini dövlətimizin başçısına təqdim etdi. Dövlətimizin başçısı İlham Əliyev çıxışında vurğuladı ki, bizim mehriban, dost və qardaş münasibətlərimiz ölkələrimiz arasında bugünkü uğurlu inkişafın mühüm amilidir. Bu əminlik də ifadə edildi ki,  Qırğızıstan-Azərbaycan münasibətlərinin ölkələrimizin və xalqlarımızın rifahı naminə davamlı inkişafı üçün bundan sonra da bütün səylərini göstərəcək.

Sonra Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan ilə Qırğızıstan arasında dostluq, qardaşlıq və tərəfdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı oxundu. Çıxışına davam edən Prezident İlham Əliyev vurğuladı ki,  Qırğızıstana ilk dəfə deyil ki, səfər edir. Amma məhz Sizin prezidentliyiniz dövründə aramızdakı təmaslar müntəzəm xarakter daşıyır. Azərbaycan və Qərğızıstan Prezidentlərinin qarşılıqlı səfərlərinin sayına diqqət yetirsək, onlarla qarşılıqlı səfər həyata keçirilib. Lakin bütün bunlar məhz qardaş Qırğızıstan xalqının ölkə Prezidenti kimi yüksək vəzifəni Sizə etimad etməsindən sonra baş verir. Dəyişiklikləri hamı görür. Bunları həm dostlar, həm də ölkəyə gələn xarici müşahidəçilər görürlər. Onları görməmək mümkün deyil.

Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Prezident Sadır Japarova təqdim etdi. Sadır Japarov göstərilən hörmət və dostluq əlamətinə görə, səmimi minnətdarlığını bildirdi: “Bu mükafat mənim üçün xüsusi əhəmiyyətə malikdir, çünki müasir Qırğızıstan-Azərbaycan münasibətlərinin formalaşmasının əsasını qoyan görkəmli dövlət xadiminin, Azərbaycan xalqının böyük oğlunun adını daşıyır. Mən bu ordeni xalqlarımız arasında möhkəm münasibətlərin, strateji tərəfdaşlığa və müttəfiqliyə ortaq sadiqliyin rəmzi kimi qəbul edirəm. Bu xüsusi jestə, Qırğızıstana göstərdiyiniz diqqətə, xalqlarımızın yaxınlaşmasına daimi səylərinizə görə Sizə minnətdaram.”

  Prezident İlham Əliyevin səfəri çərçivəsində Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirildi. Bu format Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın koordinasiyasına xidmət etməklə yanaşı, regionla sıx siyasi, iqtisadi və nəqliyyat əlaqələrinə malik Azərbaycanın da proseslərdə daha fəal rol almasına imkan yaradır. Xüsusilə Avrasiya məkanında geoiqtisadi rəqabətin gücləndiyi, nəqliyyat marşrutlarının şaxələndirilməsinin prioritetə çevrildiyi bir dövrdə Azərbaycanın sözügedən platformada iştirakı ölkənin regional siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirilir.

Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü ilk dəfə 2018-ci ildə Qazaxıstanın Astana şəhərində keçirilib. Platformanın yaradılmasında əsas məqsəd isə Mərkəzi Asiya ölkələri arasında siyasi dialoqun institusional əsasda inkişaf etdirilməsi, ortaq problemlərin birgə müzakirəsi və regional əməkdaşlığın gücləndirilməsi olub. İndiyədək keçirilən yeddi görüş göstərib ki, bu format artıq yalnız məsləhətləşmə mexanizmi deyil, həm də regionun gələcək inkişaf prioritetlərinin müəyyənləşdirildiyi mühüm siyasi platformadır. Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının Məşvərət Görüşü siyasi dialoq platforması olmaqla yanaşı, həm də Avrasiya məkanında yeni iqtisadi və geosiyasi əməkdaşlıq modelinin formalaşmasına töhfə verən mühüm mexanizmdir. Azərbaycanın platformada tamhüquqlu iştirakı isə ölkənin Mərkəzi Asiya siyasətinin institusional əsaslarını daha da möhkəmləndirir, regional nəqliyyat və enerji layihələrində rolunu artırır, eyni zamanda, Türk dünyasında inteqrasiyanın dərinləşməsinə və qarşılıqlı etimadın möhkəmlənməsinə mühüm töhfə verir. Bu baxımdan Prezident İlham Əliyevin Qırğızıstanda keçirilən Məşvərət Görüşündə iştirakı Azərbaycanın regionun gələcəyinə dair strateji qərarların qəbulunda fəal rol oynayan əsas tərəfdaşlardan biri olduğunu növbəti dəfə təsdiqləyir.

  Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının Görüşündə bildirdi ki,  Azərbaycanın Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı qismində qoşulması bizim formatın müsbət inkişafında yeni mərhələnin rəmzidir. Birgə səylər sayəsində siyasi dialoqun daha da dərinləşməsi, investisiyalar, energetika, sənaye, vahid nəqliyyat-logistika sisteminin formalaşmasına şərait yaradılır. Son illərdə regiondaxili ticarətin davamlı artması müşahidə olunur, işgüzar əlaqələr genişlənir, yeni birgə müəssisələr yaradılır, müştərək investisiya layihələri həyata keçirilir, humanitar əlaqələr möhkəmlənir.

 Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi Məşvərət Görüşü xüsusi əhəmiyyət kəsb edir. Görüşün yekunu olaraq imzalanan Çolpon-Ata Bəyannaməsi tərəflərin ortaq siyasi iradəsini əks etdirən, əməkdaşlığın prioritet istiqamətlərini müəyyənləşdirən və gələcək qarşılıqlı fəaliyyətin əsas prinsiplərini təsbit edən mühüm siyasi sənəd kimi qiymətləndirilir. Bəyannamədə, ilk növbədə, tərəflər arasında əsrlər boyu formalaşmış tarixi, mədəni və sivilizasiya əlaqələrinin xüsusi vurğulanması təsadüfi deyil. Bu müddəa göstərir ki, əməkdaşlıq yalnız cari siyasi və iqtisadi maraqlara deyil, ortaq tarixi köklərə, mədəni yaxınlığa və ümumi mənəvi dəyərlərə söykənir. Xüsusilə türk xalqları arasında mövcud olan ortaq dil, mədəniyyət və ənənələr bu münasibətlərin daha da dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır. Bəyannamədə beynəlxalq hüququn fundamental prinsiplərinə - suveren bərabərlik, dövlətlərin müstəqilliyinə hörmət, ərazi bütövlüyü, dövlət sərhədlərinin toxunulmazlığı və daxili işlərə qarışmamaq prinsiplərinə sadiqliyin bir daha təsdiq olunması xüsusi siyasi əhəmiyyət daşıyır. Bu prinsiplər müasir beynəlxalq münasibətlər sisteminin əsasını təşkil edir və regionda qarşılıqlı etimadın qorunmasına xidmət göstərir.  Azərbaycanın və Qırğızıstanın müttəfiqlik münasibətlərinin rəsmiləşdirilmələri yalnız iki dövlətin əlaqələrinin yeni mərhələyə yüksəldilməsi deyil, Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında strateji əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm addım kimi dəyərləndirilir.

Yeganə Əliyeva, “İki sahil”