Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi, qarşılıqlı əməkdaşlıq Azərbaycan xarici siyasətinin əsas prioritetlərindəndir. Son illərdə Türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə uyğun olaraq sürətlə inkişaf etdirilir. Qırğızıstanla Azərbaycan arasında da qarşılıqlı anlaşma mühiti mövcuddur. Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda həmişə bir-birinin mövqeyini dəstəkləyiblər.
Bu baxımdan, 30 iyulda Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri həm Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətlərinin dərinləşdirilməsi, həm də ümumilikdə Mərkəzi Asiya regionu ilə strateji əməkdaşlığın genişləndirilməsi məqsədinə xidmət edir.
Səfər çərçivəsində gələcək əməkdaşlıq məqsədi ilə bir çox sənədlər imzalanıb və hər iki dövlətin prezidentləri mətbuata birgə bəyanatla çıxış ediblər. Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarov ilə mətbuata bəyanatında vurğuladığı kimi, bu gün biz Sizinlə dövlətlərarası münasibətləri ən yüksək səviyyəyə qaldırdıq, qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinə birgə səyləri bir daha nümayiş etdirdik.
Eyni zamanda, ikitərəfli qarşılıqlı fəaliyyət üzrə bir çox məsələlər - investisiya və digər sahələrdə əməkdaşlığın perspektiv məsələləri müzakirə olunub. Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyasının mövcud olduğunu bildirən cənab Prezident vurğulayıb ki, biz iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edirik. Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 200 milyon dollaradək artıb. "Qırğızıstanda həyata keçirilən çoxlu layihə var və onlar birgə istehsal, yeni iş yerləri yaradır, qarşılıqlı fəaliyyətimizin iqtisadi potensialını möhkəmləndirir", - deyən dövlət başçısı əlavə edib ki, əminəm ki, 200 milyon da son hədd deyil.
Azərbaycan tarixi Zəfərdən sonra azad olunan ərazilərimizdə abadlıq-quruculuq işlərini davam etdirir. Türk dövlətləri də Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda apardığı bərpa-yenidənqurma işlərinə də öz töhfələrini verirlər. Qırğızıstan tərəfindən tikilib istifadəyə verilmiş orta məktəb məhz ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının sarsılmazlığının parlaq nümunələridir. Eyni zamanda, türk dünyasının böyük yazıçısı, diplomat və ictimai xadim Qırğızıstanın Xalq yazıçısı Çingiz Aytmatovun Bakıdakı abidəsinin açılışı da bu birliyin, dostluğun və qardaşlığın rəmzidir.
Əminlillə deyə bilərik ki, ortaq soy-kök, ortaq tarix və mədəniyyət, milli dəyərlər, eləcə də mövcud potensial və həyata keçiriləcək layihələr dövlətlərarası bağları daha da möhkəmləndirəcək.

İmran Qasımov,
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Azərbaycan və Mərkəzi Asiya qarşılıqlı əlaqələrin yeni modeli: Vahid geosiyasi və geoiqtisadi məkan konsepsiyası
Bu tarixi səfər Azərbaycan-Qırğızıstan münasibətlərində müttəfiqlik erasının təməl daşlarını qoydu