06 avqust 2026 11:20
188

Arıqlamaq üçün gündə bir dəfə yemək sağlamlıq üçün təhlükəlidir?

Yay aylarında arıqlamaq istəyənlərin üz tutduğu bir sıra sərt pəhrizlər sağlamlıq üçün risk yarada bilər. Mütəxəssislər xüsusilə yalnız bir növ qida ilə qidalanmağı və gün ərzində cəmi bir dəfə yemək yeməyi nəzərdə tutan pəhrizlərdən uzaq durmağı tövsiyə edirlər.

Türkiyəli dietoloq Gamze Ustabaşın sözlərinə görə, bu formada qidalanmaq orqanizmin enerji çatışmazlığına uyğunlaşmasına və enerji sərfiyyatını azaltmasına səbəb ola bilər. Nəticədə insan qısa müddətdə çəki itirsə də, sonradan verdiyi çəkini sürətlə geri ala bilər. Mütəxəssis, həmçinin bildirir ki, orqanizmin normal fəaliyyəti üçün  müxtəlif qida maddələri, karbohidratlar, zülallar, yağlar, vitaminlər və minerallar balanslı şəkildə qəbul edilməlidir. Yalnız bir növ qida ilə qidalanmaq və ya gün ərzində bütün qidanı bir dəfəyə qəbul etmək vitamin və mineral çatışmazlığı, elektrolit balansının pozulması və qanda şəkərin səviyyəsində kəskin dəyişikliklərə səbəb ola bilər. Xüsusilə xroniki xəstəlikləri olan insanlarda belə məhdudlaşdırıcı pəhrizlər mövcud problemlərin daha da ağırlaşmasına gətirib çıxara bilər.

Çəki niyə yenidən artır?

Ustabaşın sözlərinə görə, uzun müddət çox az kalori qəbul edilməsi orqanizmin enerjiyə qənaət etməsinə səbəb olur. Belə vəziyyətdə maddələr mübadiləsi yavaşlaya və orqanizm enerjini daha çox qorumağa meyillənə bilər. Bu cür pəhrizlərin uzun müddət davam etdirilməsi zülal çatışmazlığına da gətirib çıxara bilər. Nəticədə saç tökülməsi və dəri xəstəlikləri kimi hallar ortaya çıxa bilər. Bu halların qarşısını almaq üçün mütəxəssis sağlam qidalanmada tərəvəz, paxlalılar, ət və balıq kimi müxtəlif qida qruplarına yer verilməsinin vacibliyini vurğulayır.

Dietoloq həftə ərzində təxminən iki dəfə balıq yeməyi tövsiyə edir: “Balıq omeqa-3 yağ turşularının mənbəyi olmaqla yanaşı, beynin fəaliyyəti və dəri sağlamlığı üçün də faydalı qida hesab olunur. Hamiləlik dövründə isə balıq seçiminə xüsusi diqqət yetirilməlidir. Civə miqdarı yüksək ola bilən iri və yırtıcı balıqların qəbulu məhdudlaşdırılmalı, daha aşağı civə tərkibli balıq növlərinə üstünlük verilməlidir.”

Mütəxəssis isti havalarda süd və süd məhsulları, eləcə də krem tərkibli qidaların daha tez xarab ola biləcəyini xatırladaraq bildirib ki, bu məhsulların düzgün temperaturda saxlanılması qida zəhərlənməsi riskinin azaldılması baxımından vacibdir.  Gündə yalnız bir dəfə qidalanan insanların isə gün ərzində kifayət qədər enerji və qida maddəsi qəbul etməsi mümkün deyil. Bu halda zülal, karbohidrat və yağların balanslı şəkildə alınmaması sağlamlıq problemlərinə səbəb ola bilər. O, ümumilikdə gün ərzində 2-3 əsas qida qəbulunun, yeməklər arasında isə təxminən 4-5 saat fasilənin saxlanılmasını tövsiyə edir.

Dietoloq sosial media platformalarında yayılan sürətli arıqlama vəd edən pəhrizlərə kor-koranə əməl etməməyə, qidalanma planını isə mütəxəssis məsləhəti ilə müəyyənləşdirməyə çağırır.

Şahnigar Əhmədova, “İki sahil”