Avqustun 11-də Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri tarixi hadisə kimi qiymətləndirilir. Məlumdur ki. uzun illər blokadada olmuş Naxçıvanın bu gün regionun ən mühüm geosiyasi məkanlarından və yeni mühüm nəqliyyat və iqtisadi qovşaqlarından birinə çevrilməsi üçün burada əhəmiyyətli işlər görülüb və bu işlərin davamı üçün ölkəmizin başçısı yeni addımlar atır. Bu səfər təkcə Naxçıvanın sosial-iqtisadi inkişafı baxımından deyil, bütövlükdə Azərbaycanın regional mövqeyi, Cənubi Qafqazda yeni nəqliyyat-kommunikasiya xəritəsinin formalaşması və Şərqlə Qərb arasında əlaqələrin genişlənməsi baxımından əhəmiyyətilidir.
Qeyd edək ki, Prezident İlham Əliyev səfər çərçivəsində bir çox sosial obyektlərin açılışında iştirak edib. Bunlar arasında Naxçıvanın nəqliyyat infrastrukturunun yenilənməsi və DOST Mərkəzinin açılışı əsas yer tutur. Muxtar respublika əhalisinin nəqliyyat xidmətini yuksəltmək üçün 200 ən müasir elektrikli avtobus və bir neçə sərnişin stansiyaları istifadəyə verilib. Bu avtobuslar vasiətəsi ilə ildə 4,5 milyon sərnişinin daşınması planlaşdırılır. Bundan başqa, dünyada bir nömrəli Azərbaycan brendi olan DOST mərkəzi də naxçıvanlıların istifadəsinə verilib. Bu mərkəz sakinlərin sosial problemlərinin sürətli və operativ həllinə yardımçı olacaqdır.

Eyni zamanda, ölkəmizin başçısı və birinci xanım Mehriban Əliyeva sosial obyektlərin -518 mənzilli sosial evlərin, turizmin inkişafı üçün “Naxçıvan” Mehmanxana Kompleksinin, Ordubadda SES-in təməlqouma mərasimində də iştirak ediblər. Səfərin ümumi mənzərəsini görəndə bir daha aydın olur ki, Naxçıvanda yeni tərəqqi dövrü başlayır. Çünki yaxın gələcəkdə buradan əsas ticarət yolları, logistika xətləri keçəcək. Əgər indiyədək bu yollar Gürcüstan üzərindən keçirdisə gələcəkdə böyük tranzit həcmləri Naxçıvana da yönələcək. Xüsusilə Zəngəzur dəhlizinin açılması ilə İran, Türkiyə və Ermənistanla sərhəddə yerləşən Naxçıvanın 200 milyonluq bazara çıxışı təmin ediləcəkdir. Bir sözlə, tarixən Yaxın Şərqə gedən yollar yenidən Naxçıvandan keçəcək. Çünki yaxın gələcəkdə muxtar respublikanın Mərkəzi Asiya ilə Avropanı birləşdirən və 15 milyon ton yükaşırma gücü olan dəhlizə çevrilmək perspektivi mövcuddur.

Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı birmənalı olaraq bildirildi ki, burada bərpaolunan enerji potensialı yüksəkdir və yaxın gələcəkdə bu istiqamətdə əhəmiyyətli layihələr həyata keçiriləcəkdir. Bu barədə ölkəmizin başçısı Azərbaycan Televiziyasına müsahibəsi zamanı deyib: “Mən hesab edirəm ki, təkcə Günəş elektrik enerjisinin istehsalı Naxçıvanda təqribən ən azı 500 meqavat ola bilər, ən azı. Ola bilər 1000 meqavat da olsun. Burada əsas məsələ bunun ixrac imkanlarıdır. Bunun üçün, əlbəttə ki, aidiyyəti ölkələrin qurumları ilə danışıqlar aparılmalıdır və aparılır”.
Prezident müxtar respublikadakı mövcud ötürücü elektrik xətlərinin də yenilənməsini qarşıya bir vəzifə kimi qoyub: “Eyni zamanda, ötürücü xətlərin imkanlarını genişləndirməliyik. Çünki təbii ki, bu gün həm İrana, həm Türkiyəyə Naxçıvandan da elektrik xətləri var, ancaq onların imkanı bir qədər məhduddur. Yəni 500 meqavat, hətta 1000 meqavat elektrik enerjisini ixrac etmək üçün burada təbii ki, hələlik iki istiqamət var: biri Türkiyə, biri İran. Amma gələcəkdə bu, Avropa da ola bilər.”
Bundan başqa, Prezident İlham Əliyev Zəngəzur dəhlizindən də enerji ötürüləcəyi anonsunu verib: “…Zəngəzur dəhlizini konkret layihələrlə təmin etməyimiz daha geniş məna daşıyır. Təbii ki, Zəngəzur dəhlizini - bu ideyanı və bu təşəbbüsü biz irəli sürəndə, ilk növbədə nəqliyyat seqmenti nəzərdə tutulurdu. Amma biz bu gün buna daha geniş baxırıq. Misal üçün, Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi bizdə hazırdır.”
Zəngəzur dəhlizindən ötürüləcək enerjinin konkret mənbəyi haqda danışan ölkəmizin başçısı deyib ki, işğaldan azad edilmiş Cəbrayıl rayonunda çox böyük yarımstansiya inşa olunmuşdur: “O yarımstansiyanın əsas funksiyası ötürücü fəaliyyətdir. Yəni belə yarımstansiyalara çevirici yarımstansiyalar deyirlər. Bu, daxili təminat üçün yox, yəni böyük enerji həcmlərinin ötürülməsi üçün tikilib. O hazırdır. O, məhz Zəngəzur elektrik dəhlizi üçün tikilmişdir.”

Layihənin detallarını açıqlayan Prezident İlham Əliyev deyib ki, Ermənistan ərazisində bizim mütəxəssislər tərəfindən aparılan təhlil nəticəsində hətta yerlər də müəyyən edildi - harada elektrik dirəkləri quraşdırılmalıdır: “Ümid edirəm ki, Ermənistan tərəfi də bu məsələni uzatmayacaq. Çünki bu, birinci onların özlərinə lazım ola bilər. Çünki onların bu gün əsas enerji mənbəyi atom elektrik stansiyasıdır. Onun da idarəetməsi onların əlində deyil. Bu birincisi. İkincisi, bu stansiya köhnəlib və bütün bölgə üçün təhlükə mənbəyidir. Dəfələrlə Azərbaycan və Türkiyə müxtəlif beynəlxalq platformalarda bu məsələ ilə bağlı öz narahatlıqlarını ifadə ediblər. O stansiyanın ömrünün uzadılması sonsuz proses ola bilməz, gec-tez bağlanmalıdır. Təbii ki, o bağlanarsa, Ermənistan tamamilə enerji böhranına yuvarlanacaq. Ona görə, necə deyərlər, bir əlavə mənbənin olması ancaq xeyir gətirə bilər”.
Onu da qeyd edək ki, Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda muxtar respublikanın inkişafı üçün dövlət büdcəsindən 258 milyon manat vəsait ayrılıb. Sözügedən Sərəncamda Ordubad rayonunun Tivi kəndində Gilançay üzərində ümumi gücü 15,6 MVt olan Tivi Su Elektrik Stansiyasında tikinti-quraşdırma işlərinin davam etdirilməsi üçün “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə 66,0 (altmış altı) milyon manat ayrılıb. Bütün bunlara rəğmən demək olar ki, Naxçıvan Muxtar Respublikası yaxın bir neçə il ərzində enerji idxalçısından, potensial ixraacatçıya çevriləcək. Burada bərpa olunun enerji mənbələrinin inkişafı təməl prinsip kimi dəyərləndirilib.
Elçin Zaman, "İki sahil"