13 avqust 2026 01:17
93

Ukrayna ordusu Rusiyanın dörd hərbi gəmisini vurub

Avqustun 12-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Krasnodar vilayətinin Novorossiysk şəhərində yerləşən hərbi-dəniz bazasına zərbə endirib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Ukrayna tərəfinin məlumatına əsasən, zərbələr nəticəsində Rusiyanın dörd hərbi gəmisi zədələnib. Bunların 11356 layihəli "Admiral Makarov" və "Admiral Essen" freqatları, 21631 layihəli "Buyan-M" kiçik raket gəmisi və 22160 layihəli "Vasili Bıkov" patrul gəmisi olduğu bildirilir.

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) qeyd edib ki, "Admiral Makarov" və "Admiral Essen" "Kalibr" qanadlı raketlərinin daşıyıcılarıdır.

Hücum zamanı Krasnodar vilayətində liman və neft infrastrukturlarının bir sıra obyektləri də vurulub. Zərbələrin S-300 zenit-raket kompleksinin tərkibindəki 30N6E radiolokasiya stansiyasına, Novorossiysk limanının 2-ci körpüsündəki mobil atəş qrupuna, "Qruşovaya" neft bazasının "Şeşharis" terminalının tunel portalına, eləcə də 3, 6 və 7 saylı körpülərin infrastrukturuna endirildiyi bildirilib.

SBU əməliyyatda Ukrayna pilotsuz uçuş aparatları, "Palyanitsa" reaktiv dronları, "Neptun" raketləri və dəniz platformalarından istifadə edilən zərbə sistemlərinin tətbiq olunduğunu açıqlayıb. Ukrayna tərəfi Novorossiysk hərbi-dəniz bazasını Rusiyanın Qara Dəniz Donanmasının əsas obyektlərindən və başlıca dayaq məntəqələrindən biri hesab edir.

Rusiya tərəfi isə hələlik Ukraynanın bu zərbələr nəticəsində dörd hərbi gəminin zədələndiyi barədə məlumatını təsdiqləməyib.