13 avqust 2026 22:45
92

Naxçıvan regionun nur adasına çevriləcək

1990-cı illərdə Naxçıvanda işıqların iki saat yanıb iki saat söndürüldüyü vaxtları yaddan çıxarmayanlar çoxdur. Qısaca desək, muxtar respublikada enerji mənbəyi olmadığından enerji böhranı yaşanırdı. Ümummilli Liderimiz Heydər Əliyevin kabinetində neft çırağı gecələr saat dördə qədər yanırdı. O anlarda Ali Məclisin yanından keçənlər pəncərədən gələn zəif işığa baxaraq: - Hələ işləyir,- deyirdilər. Ancaq illər keçdi, o zəif çırağın ziyası gücləndi, bütün Naxçıvana yayıldı. Ancaq o illərdən otuz üç il keçib. Yeni açılan ticarət obyektləri, tikilən çoxmərtəbəli binalar, evlər, elektriklə işləyən müəssisələr və s. çoxhəcmli eherji tələb edir.

Prezident İlham Əliyev bir neçə gün əvvəlki səfərində Naxçıvanda elektrik enerjisinin daha artırılması məsələsini kökündən həll etmək məqsədi ilə bir sıra sərəncamlar və qərarlar qəbul edib. Nəzərdə tutulur ki, Naxçıvan Muxtar Respublikasında 2026-2027-ci illərdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, yol, nəqliyyat və təhsil infrastrukturunun yenilənməsi, habelə abadlıq-quruculuq işləri davam etdiriləcək.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Naxçıvan MR-in sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi üçün dövlət büdcəsindən və Naxçıvanın büdcəsindən ümumilikdə 258 milyon manat vəsait nəzərdə tutulub.

Həmin vəsaitdən Ordubad rayonunun Tivi kəndində Gilançay üzərində ümumi gücü 15,6 MVt olan Tivi Su Elektrik Stansiyasında tikinti-quraşdırma işlərinin davam etdirilməsi üçün "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinə 66 milyon manat, ümumilikdə 156,3 min nəfər əhalinin yaşadığı 26 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 420 kilometr olan 2 kəndlərarası, 5 şəhər və 10 kənd ərazisindəki avtomobil yollarının əsaslı təmiri üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 70 milyon manat (yolların siyahısı əlavə olunur) ayrılıb.

Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1000 yerlik yataqxana kompleksinin tikintisi məqsədilə Elm və Təhsil Nazirliyinə 25 milyon manat, Naxçıvan, Şərur, Culfa, Ordubad və Şahbuz şəhərlərində ümumilikdə 2 164 mənzilli 92 yaşayış binasının tam, Naxçıvan, Culfa və Şərur şəhərlərində cəmi 3 087 mənzilli 70 yaşayış binasının isə yalnız fasad hissəsinin əsaslı təmiri üçün müvafiq şəhər (rayon) icra hakimiyyətlərinə 15 milyon manat, Naxçıvan Muxtar Respublikasında ümumilikdə 640 yerlik 5, o cümlədən Naxçıvan şəhərinin Bulqan kəndində 100 yerlik, Ordubad rayonunun Dəstə kəndində 100 yerlik, Şərur şəhərində 100 yerlik, Culfa rayonunun Əbrəqunus kəndində 240 yerlik, Kəngərli rayonunun Qarabağlar kəndində 100 yerlik yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisi üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 20 milyon manat, şəhərlərarası ictimai nəqliyyat parkının yenilənməsi məqsədilə ilkin mərhələdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 53 milyon manat, Naxçıvan, Şərur, Culfa və Ordubad şəhərlərində ümumilikdə 122 yaşayış binasının 5 335 mənzilinə xidmət göstərən 45 istilik qazanxanasının əsaslı təmiri üçün müvafiq şəhər (rayon) icra hakimiyyətlərinə 9 milyon manat ayrılıb.

Sərəncamda həmçinin qeyd olunub ki, son illərdə Naxçıvan Muxtar Respublikasının davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi, infrastruktur təminatının və sosial xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, habelə əhalinin məşğulluğunun və rifah halının yaxşılaşdırılması məqsədilə bir sıra mühüm dövlət proqramları və tədbirlər planları təsdiq olunmuş, o cümlədən "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında", "Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında", "Naxçıvan Sənaye Parkının yaradılması haqqında", "Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında", "Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında", "Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında", "Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin yenidən qurulması və bərpası ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Prezidentinin Fərmanı və sərəncamları qəbul edilib. Sənədlər göstərir ki, bölgənin inkişafını  enerji bolluğu təmin edəcək. Bunun üçün isə imkan da var, şərait də.

Yuxarıda şərh olunanlar Naxçıvanda həyata keçiriləcək tədbirlərin yalnız bir hissəsidir. Bunların hamısı yerinə yetiriləndən sonra Naxçıvan inkişaf etmiş işıqlı, yaraşıqlı bir diyara çevriləcək, Azərbaycanın tarixi Şərq qapısı olacaq, insanların burada yaşamaq və yaratmaq həvəsi coşub-daşacaqdır. Şair Hüseyn Əzimin mahnısında yazdığı sözlər real həyatı əks etdirəcəkdir:

Ey könül mülkünün barı Naxçıvan,

Ellərin sevimli yarı Naxçıvan.

Vəli İlyasov, “İki sahil”