16 avqust 2026 19:47
113

Fransada vergi portalına kiberhücum olub

Fransanın Baş Maliyyə İdarəsi cümə günü öz informasiya sisteminə qanunsuz müdaxilə edildiyini təsdiqləyərək, 678 min fiziki və hüquqi şəxsin bu hadisədən zərər çəkdiyini açıqlayıb.

Fransanın Baş naziri Sebastyen Lekornu vergi administrasiyasına qarşı həyata keçirilmiş genişmiqyaslı kiberhücumla bağlı bazar ertəsi avqustun 17-də hökumətlərarası böhran qərargahını (CIC) çağırıb.

“İki sahil” xəbər verir ki, bu barədə avqustun 16-da Baş nazirin Aparatı məlumat yayıb.

Məlumatda bildirilib ki, "Baş nazir Jirond departamentinə səfərini başa vurduqdan sonra təhlükəsiz videokonfrans formatında kibertəhlükəsizlik üzrə hökumətlərarası böhran qərargahına sədrlik edəcək."

İclasda aidiyyəti nazirliklərin rəhbərləri iştirak edəcək və əsas məsələlərdən biri məlumatlarına qanunsuz giriş edilmiş 678 min fiziki şəxs və şirkətin bazar ertəsindən başlanacaq məlumatlandırılması prosesinin hazırlanması olacaq.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edilib və məhkəmə araşdırması davam edir. Milli Məlumatların Qorunması Komissiyasına bildiriş göndərilib və avqustun 17-dən etibarən zərərçəkmiş istifadəçilərlə fərdi qaydada əlaqə saxlanılaraq sızdırılmış ola biləcək məlumatlar və görülməsi tövsiyə olunan təhlükəsizlik tədbirləri barədə onlara ətraflı məlumat veriləcək.

Hökumətlərarası böhran qərargahında həmçinin "dövlətin yeni rəqəmsal idarəetmə modeli", "hökumətlərarası kibertəhlükəsizlik, süni intellekt və nazirliklərin təhlükəsizliyinin gücləndirilməsi üçün ayrılmış 200 milyon avroluq əlavə vəsait", eləcə də "gücləndirilmiş müdafiə doktrinası" müzakirə olunacaq.