17 avqust 2026 19:27
59

Naxçıvan-əsrlərin güzgüsü

Prezident İlham Əliyevin səfəri Naxçıvanda əks-sədasını verməkdədir. Məlumdur ki, bölgə qədim tarixi abidələri ilə zəngindir və dünyanın bir çox sirlərini özündə hələ də saxlamaqdadır. Böyük şairimiz Nizami Gəncəvinin ifadəsi ilə desək, Naxçıvan Azərbaycanın “sirlər xəzinəsi”dir. Onların öyrənilməsi və gələcək nəsillərə ərməğan edilməsi vacibdir. Çünki keçmişini öyrənməyən gələcəyini müəyyən edə bilməz. Gələcək keçmişin üzərində qurulur. Bu məqsədlə "Gəmiqaya" Tarix-Bədii Qoruğu ərazisinin mövcud vəziyyətinin öyrənilməsi, qoruğun sərhədlərinin və mühafizə zonasının müəyyənləşdirilməsi məqsədilə bir sıra tədbirlər müəyyənləşdirilib. Əvvəlcə qoruq ərazisinə ilkin baxış keçirilib.

Xəbər verilir ki, baxışda Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini və nazir vəzifələrini icra edən Həsən Seyidov və Nazirlik Aparatının əməkdaşları iştirak ediblər.

İlk olaraq "Gəmiqaya" Muzeyi ilə tanışlıq olub. Burada qoruğun tarixi, əvvəllər ərazidə aparılmış tədqiqatlar, “Gəmiqaya” abidələrinin xüsusiyyətləri və aşkar edilmiş maddi-mədəni nümunələri barədə məlumat verilib. Daha sonra "Gəmiqaya" Tarix-Bədii Qoruğunun ərazisinə baxış keçirilib. Baxış zamanı ərazinin coğrafi mövqeyi, tarixi-mədəni irs nümunələrinin yerləşmə xüsusiyyətləri və onların mühafizəsinin təmin edilməsi məsələləri müəyyən edilib. Qoruğun sərhədlərinin dəqiqləşdirilməsi və mühafizə zonasının ayırd edilməsi istiqamətində ilkin müzakirələr aparılıb.

Baxış zamanı, həmçinin, əvvəllər qeydiyyata alınmamış yeni qayaüstü təsvirlər də aşkar edilib. Belə təsvirlərin və mədəniyyət nümunələrinin sayı-hesabı yoxdur. Nəzərə alaq ki, yerin üstündəkilərdən başqa yerin altında qalan və hələ tədqiq edilməyən tariximiz də var. Əsas məsələlərdən biri onların axtarılıb üzə çıxarılmasıdır. Xatırladaq ki, dağıdıcı feodal müharibələri zamanı bir çox maddi-mədəniyyət abidələri, müdafiə sədləri, qalalar, müqəddəs yerlər, təbiət abidələri və s. uçurulub məhv edilmiş və sıradan çıxarılmışdır. Bu cür “nümunələr” Naxçıvan şəhərində, Şərur, Ordubad, Culfa, Şahbuz rayonlarında çoxdur.

 Min illər boyu Naxçıvan əhalisinin iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən Gəmiqaya yaylaqlarının ərazisi bir növ müqəddəsləşmiş, hətta burada təbii məbədlər meydana gəlmişdir. Adı Nuh peyğəmbərin əfsanəsi ilə bağlıdır. Yalçın, şiş qayalı, zirvəsi daim qarla, ağ buludlarla örtülü olan bu dağ uzaqdan mavi səma fonunda bir növ ümmana baş vurub üzən nəhəng gəmiyə bənzəyir. Görünür, belə zahiri oxşarlığa əsasən Kiçik Qafqazın ən  yüksək zirvəsi olan Qapıcıq dağına xalq arasında “Gəmiqaya” adı verilib. Qədim dünyanın müqəddəs panteonlarından sayılan “Gəmiqaya” özünün əzəmətli, fantastik görünüşü ilə insanı heyrətə gətirir. Burada e. ə.III-I minilliklərə aid qayaüstü rəsmlər–piktoqramlar (qədim yazılar) var.  

Qeyd edək ki, "Gəmiqaya" Tarix-Bədii Qoruğu Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 5 may 2006-cı il tarixli qərarı ilə yaradılıb. Qoruq Kiçik Qafqazın Zəngəzur sıra dağlarında, Qapıcıq dağının cənub və şərq yamaclarında yerləşir və Qaranquş yaylağı, Qapıcıq zirvəsi, Nəbiyurdu və Camışölən yurdlarını əhatə edir. Qoruğun ərazisində 2000-dən çox daş üzərində 7000-dən artıq qayaüstü təsvir tədqiq edilib. Adlarından da göründüyü kimi, bu yerlərin hər biri özündə tariximizin bir parçasını yaşadır.

Dəniz səviyyəsindən 3000–3500 metr yüksəklikdə yerləşən “Gəmiqaya” abidələri qədim insanların həyat tərzi, məişəti, dünyagörüşü və təsərrüfat fəaliyyəti haqqında mühüm məlumatlar verən tarixi-mədəni irs nümunələrindəndir. Qayaüstü təsvirlər arasında müxtəlif heyvan və insan fiqurları, ov səhnələri, simvolik işarələr və digər təsvirlərə rast gəlinir. Burada tariximizlə bərabər, ilkin folklor nümunələrimiz də öz əksini tapır. Bu baxımdan təsvirlər çox qiymətlidir. Onlar xalqımızın mədəniyyəti və tarixi barədə qiymətli bilgilər verir.

Xatırladaq ki, 2025-ci il iyulun 11-də UNESCO-nun Parisdə keçirilən 47-ci sessiyasında Azərbaycan tərəfindən təqdim olunmuş "Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi" Dünya İrsinin İlkin Siyahısına daxil edilib. Bu, sadəcə statistika olmayıb Azərbaycanın bəşər sivilizasiyasının bir hissəsi olmasını sübut etmək, qədim xalqlar arasında öz yerini tutmaqdır.

Vəli İlyasov, “İki sahil”