Həyata keçirilən tədbirlər dövlətin sosial siyasətinin əsas prinsipi olan "İnsan amili və vətəndaş rifahı" xəttinin real müstəvidə tətbiqidir
Paytaxtdan regionlara
Azərbaycanda əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyevin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə yaradılan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ötən 10 il ərzində ölkənin sosial-iqtisadi mənzərəsini dəyişən mühüm layihələrə imza atmışdır. Agentlik fəaliyyətə başladığı gündən etibarən paytaxt Bakı və digər iri şəhərlərdə genişmiqyaslı yaşayış komplekslərinin inşasını reallaşdırıb. Belə ki, agentlik Bakıda və regionlarda ümumilikdə 19 layihəyə başlayıb. Bunlardan 16-sı güzəştli mənzil layihəsi, 3-ü isə Qarabağa "Böyük Qayıdış" çərçivəsində icra olunan layihələrdir. Güzəştli mənzil layihələrindən 8-nin inşası tamamlanıb, 8 layihənin icrası isə hazırda davam etdirilir. Tamamlanmış layihələr - Yasamal Yaşayış Kompleksi, Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi, Hövsan Yaşayış Kompleksi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Sumqayıt şəhərində 2 layihə, Gəncə Yaşayış Kompleksi, və Lənkəran Yaşayış Kompleksidir. İnşası tamamlanmış layihələrdə 12 000-ə yaxın mənzil, 5 məktəb, 9 uşaq bağçası, 1 müasir tibb mərkəzi və 1 ticarət mərkəzi tikilib. Bu komplekslərdəki mənzillər həm "Güzəştli mənzil" sistemi vasitəsilə, həm də dövlət sifarişi əsasında vətəndaşlara təqdim edilib. Beləliklə, 10 il ərzində Agentliyin layihələrindən ümumilikdə 11 mindən çox ailə mənzil əldə edib. Qeyd edək ki, mənzillərin bazar qiymətindən aşağı və 30 ilədək uzanan güzəştli ipoteka krediti (illik 4 faiz) ilə təklif edilməsi gənc ailələrin maliyyə yükünü yüngülləşdirib. Mənzillər vətəndaşlara tam təmirli və mətbəx mebeli ilə təhvil verilir; kompleks daxilində məktəblər, uşaq bağçaları, idman meydançaları və istirahət parkları salınır. Eyni zamanda, müasir şəhərsalma prinsiplərinə uyğun olaraq nəqliyyat infrastrukturu yaradılır, ictimai nəqliyyat sisteminə inteqrasiyası təşkil edilir, piyadaların və nəqliyyat vasitələrinin rahat, maneəsiz və təhlükəsiz hərəkəti təmin olunur.
Dəstək tədbirləri
Prezident İlham Əliyevin tapşırığı ilə bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri sürətlə həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur tamamilə yenidən qurulur, ən müasir infrastruktur yaradılır, yeni yollar, hava limanları, elektrik stansiyaları tikilir, ağıllı kəndlər, qəsəbələr və şəhərlər salınır. Qarabağa və Şərqi Zəngəzura "Böyük Qayıdış" çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarında daimi məskunlaşması üçün ölkə başçısının tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən yaşayış kompleksləri inşa olunub, Xocalı şəhərindəki yaşayış binaları isə əsaslı təmir edilib.
Bununla yanaşı, Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Azərbaycan hökuməti zəlzələnin baş verdiyi Kahramanmaraş vilayətində zərər çəkmiş yaşayış məntəqələri üçün yeni məhəllə tikintisinə dəstək verib. Türkiyə Hökumətinin dəstəyi ilə layihə ərazisi "Azərbaycan məhəlləsi" adlandırılıb. Azərbaycan Respublikasının icraçı qurumu qismində Mənzil İnşaatı Dövlət Agentliyi fəaliyyət göstərir. Agentlik tərəfindən "Azərbaycan məhəlləsi"ndə ibtidai məktəb və uşaq bağçası binası, həmçinin 4 yaşayış məhəlləsi inşa edilərək təhvil verilmişdir. 2025-ci il iyun ayının 19-da "Azərbaycan" məhəlləsində yerləşən mədəniyyət mərkəzinin təməli qoyulub.
Naxçıvan Layihəsi: Muxtar Respublikada yeni yaşayış standartı
MİDA-nın regional əhatə dairəsini genişləndirmək strategiyasının tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikasında da irihəcmli sosial yaşayış kompleksinin inşasına başlanılıb. Belə ki, Naxçıvan şəhərində avqustun 11-də Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan 518 mənzildən ibarət yeni sosial evlər kompleksi regionun modernləşmə strategiyasında mühüm dönüş nöqtəsi hesab olunur. Bu layihə sadəcə mənzil fondunun genişləndirilməsi deyil, dövlətin sosial siyasətinin regionlarda real, dayanıqlı və insanamərkəzli nəticələrinin bariz təzahürü kimi diqqət çəkir. Təxminən 5 hektar geniş ərazini əhatə edəcək müasir kompleksdə 6 və 7 mərtəbəli 16 binanın inşası nəzərdə tutulur. Mənzil bölgüsü müxtəlif tərkibli ailələrin ehtiyacları dəqiq nəzərə alınaraq layihələndirilib: 1 otaqlı mənzillər 93 ədəd, 2 otaqlı mənzillər 37 ədəd, 3 otaqlı mənzillər 351 ədəd (mənzil fondunun əsas payını təşkil edir), 4 otaqlı mənzillər 37 ədəd. Mənzillərin müxtəlif sahə və otaq bölgüsündə təqdim olunması gənc ailələrdən tutmuş çoxuşaqlı ailələrə qədər geniş sosial təbəqənin rahat yaşayışını təmin etməyə imkan verəcək.
MİDA layihəsinin Naxçıvanda icra olunması muxtar respublika üçün bir çox strateji üstünlüklər vəd edir: İlk növbədə əlçatan mənzil imkankarı: Gənc ailələr, dövlət qulluqçuları, müəllimlər, həkimlər, şəhid ailələri və müharibə iştirakçıları üçün güzəştli şərtlərlə və uzunmüddətli ipoteka krediti ilə mənzil əldə etmək imkanı yaradılır. Bu həm də yerli tikinti sektoruna təkan verəcək. Belə ki, 24 milyon manatdan çox investisiya resursunun ayrılması local tikinti materialları bazarını daha da canlandıracaq, podratçı təşkilatların və yerli işçi qüvvəsinin layihəyə cəlb olunması ilə yüzlərlə yeni iş yerinin açılmasına şərait yaranacaq. Həmçinin, Naxçıvan şəhərində enerjiyə qənaət edən, müasir lift, təhlükəsizlik və kommunikasiya sistemləri ilə təchiz olunmuş yeni yaşayış kompleksi şəhərin ümumi mənzil fondunu yeniləyəcək.
Ümumiyyətlə, bu layihə Naxçıvan Muxtar Respublikasının kompleks inkişafına dair dövlət proqramlarının məntiqi davamıdır, desək yanılmarıq. Yüzlərlə ailənin mənzil şəraitini köklü şəkildə yaxşılaşdıracaq bu kompleks Naxçıvanın gələcək şəhərsalma modelini müəyyənləşdirərək, regionda həyat keyfiyyətinin yeni standarta yüksəldiyini nümayiş etdirəcək.
Sevinc Azadi, “İki sahil”