Malayziyanın “Cohor Darul Tazim” klubu ölkə çempionatlarında ardıcıl məğlubiyyətsiz oyunların sayına görə dünya rekordu müəyyənləşdirib.
“İki sahil” “Reuters”ə istinadən xəbər verir ki, komanda yeni mövsümün 1-ci turunda “Kuçinq”i 3:0 hesabı ilə məğlub edib. Bununla “Cohor Darul Tazim”in çempionatda məğlubiyyətsiz seriyası 109 oyuna çatıb.
Malayziya təmsilçisi Kot-d’İvuarın “ASEK Mimozas” klubunun rekordunu yeniləyib. “ASEK Mimozas” 1989-1994-cü illərdə ölkə çempionatında ardıcıl 108 matçda məğlub olmamışdı. “Cohor Darul Tazim” ötən mövsümün son oyununda bu göstəricini təkrarlamışdı.
Komanda son 4 mövsümdə Malayziya çempionu olub və 2021-ci ilin aprelindən bəri ölkə çempionatında məğlubiyyət üzü görməyib.