Avqustun 22-də Tbilisidə 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Birinci Türkoloji Qurultay 100 il: Tarixdən gələcəyə” adlı tədbir təşkil edilib.
“İki sahil” xəbər verir ki, tədbir Azərbaycanda fəaliyyət göstərən Nəriman Nərimanovun Xatirə Muzeyinin təşəbbüsü və Gürcüstandakı “Maarif” təşkilatının təşkilatçılığı ilə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində keçirilib.
Tədbirdə Bakıdan dəvət olunmuş alim və tədqiqatçılar, həmçinin Gürcüstanda fəaliyyət göstərən ziyalılar iştirak ediblər.
Çıxışlarda 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın türk xalqlarının elm, dil və mədəniyyət tarixindəki rolu, qurultayda müzakirə olunan dil, ədəbiyyat, tarix, etnoqrafiya, mədəniyyət və əlifba məsələləri, eləcə də onun türkoloji elmin inkişafına təsiri barədə məlumat verilib.
Tədbirdə, həmçinin qurultay iştirakçılarının elmi irsi və ötən 100 il ərzində türkoloji düşüncənin keçdiyi inkişaf yolu müzakirə olunub.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin sektor müdiri, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Bakı Şəhər Komitəsinin sədri Səbinə Məmmədova, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin aparıcı məsləhətçiləri Tomris Hacıyeva və Leyla Məmmədova, idarənin sektor müdiri Vəfa Allahverdiyeva, Nəriman Nərimanovun Xatirə Muzeyinin direktoru Ləman Hüseynova, həmçinin tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin (BDU) tarix müəllimi Qənirə Mirzəxanlı, "Maarof" təşkilatının rəhbəri, iqtisad elmləri doktoru Aygül İsayeva, Türkiyənin Gürcüstandakı səfirliyinin təhsil müşaviri Yüksəl Kara və başqaları çıxış edib mövzu ilə bağlı fikirlərini bölüşüblər. Çıxışlarda Birinci Türkoloji Qurultayın Türk dünyasının elmi və mədəni həyatındakı əhəmiyyəti xüsusi qeyd olunub.
Bildirilib ki, tədbirin keçirilməsində məqsəd Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətinin xatırladılması ilə yanaşı, onun əsas ideyalarının ana dilinin qorunması, milli-mədəni irsə bağlılıq, elmi-mədəni əməkdaşlıq və türk xalqları arasında əlaqələrin inkişafının müasir dövrdə aktuallığını vurğulamaqdır.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il 22 oktyabr tarixli Sərəncamı ilə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulub.