24 avqust 2026 15:04
104

“Euronews” Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərindən yazıb

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri, səfər çərçivəsində keçirilən görüşlər və imzalanan sənədlər Avropa mediası tərəfindən diqqətdə saxlanılıb.

“İki sahil” xəbər verir ki, “Euronews” telekanalının saytında Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri geniş işıqlandırılıb.

“Özbəkistan və Azərbaycan müttəfiqliyi gücləndirir: 1 milyard dollarlıq hədəf və Trans-Xəzər əlaqələrinin inkişafı” adlı məqalədə Daşkənddə prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” imzaladığı və yeni iqtisadi layihələrə start verdikləri bildirilir.

Yazıda Azərbaycan və Özbəkistanın 2030-cu ilədək ikitərəfli ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı qarşıya məqsəd qoyduğu bildirilir. Prezidentlər, həmçinin danışıqlar zamanı iqtisadi və nəqliyyat əməkdaşlığının daha da dərinləşdirilməsi barədə razılığa gəliblər. Qeyd olunur ki, prezidentlər təkbətək görüş keçirib, eləcə də Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası rəhbərlik ediblər.

Məqalədə Şavkat Mirziyoyevin mətbuata bəyanatla çıxışı zamanı Azərbaycanı etibarlı müttəfiq, strateji tərəfdaş və qardaş dövlət adlandırdığı qeyd olunur. Prezident İlham Əliyevin isə Mərkəzi Asiya və Azərbaycanı vahid geosiyasi və geoiqtisadi region adlandırdığı bildirilir. Hər iki lider Mərkəzi Asiyanı Cənubi Qafqaz və Avropa ilə birləşdirən Trans-Xəzər şəbəkəsi üzrə logistika infrastrukturunun yaxşılaşdırılmasına və yükdaşımaların artırılmasına diqqət yetirməklə Orta Dəhliz vasitəsilə əlaqəliliyin gücləndirilməsi barədə razılığa gəliblər.

Qeyd olunur ki, tərəflər pensiya təminatı, mədəniyyət və turizm, xarici işlər və ədliyyə nazirlikləri arasında əməkdaşlıq, eləcə də şəhərlər arasında qardaşlıq əlaqələri haqqında sənədlər imzalayıblar. Bu çərçivədə Ürgəncin Xankəndi və Naxçıvanla, Buxaranın isə Laçınla qardaş şəhər olması nəzərdə tutulur.

Həmçinin Prezident İlham Əliyevin səfərdən əvvəl Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində ötən il iki ölkə arasında ticarət dövriyyəsinin 795 milyon dollara çatdığını və bu göstəricinin əvvəlki illə müqayisədə üç dəfədən çox yüksək olduğunu bildirdiyi vurğulanır.

Məqalədə qeyd olunur ki, səfər çərçivəsində Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub, Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılış mərasimi keçirilib. Prezident İlham Əliyev Özbəkistanın ali dərəcəli “Dostluq” ordeni, Prezident Şavkat Mirziyoyev isə Azərbaycanın “Heydər Əliyev” ordeni ilə təltif edilib.

Eyni zamanda, yazıda 2023-cü ildə iki ölkənin 500 milyon dollar kapitala malik Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətini yaratdığı xatırladılır. Bundan başqa, Azərbaycan bankının Özbəkistan bazarına və SOCAR-ın Özbəkistanın pərakəndə satış bazarına daxil olduğu bildirilir, “Sea Breeze Uzbekistan” layihəsindən bəhs edilir. Həmçinin qeyd olunur ki, Azərbaycan və Özbəkistan 2027-ci ildə keçiriləcək FIFA U-20 dünya çempionatına birgə ev sahibliyi edəcək.