Hər il avqustun 26-da qeyd olunan Laçın şəhəri günü Azərbaycan tarixində həm dərin kədərin, həm də misilsiz qürurun günüdür. Bu tarix təkcə təqvimdəki rəqəm deyil, eyni zamanda işğalın ağır yükünü çiyinlərində daşımış, lakin Vətən müharibəsinin şanlı zəfəri ilə yenidən doğulmuş bir şəhərin dirçəliş rəmzidir. Laçının keçdiyi yol, qədim tarixindən tutmuş müasir "yaşıl enerji" mərkəzinə çevrilən bu gününədək olan proses, Azərbaycan dövlətinin sarsılmaz iradəsinin və xalqının birliyinin parlaq təcəssümüdür.
Laçın rayonunun dövlətçilik tarixində xüsusi yeri vardır. 1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılmış və şəhər statusu almışdır. 1930-cu il avqustun 8-də isə Laçın rəsmi olaraq inzibati ərazi vahidi statusu qazanmış, qədim diyarın mərkəzinə çevrilmişdir. Ümumi sahəsi 1835 kvadrat kilometr olan bu strateji əhəmiyyətli rayonda 1 şəhər, 1 qəsəbə və 125 kənd yerləşir. Təbii sərvətlər baxımından olduqca zəngin olan Laçın 72 min hektar yaylaq sahəsinə və 34 min hektar meşə massivinə malikdir. Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd, qərbdən isə Ermənistanla həmsərhəd olan bu torpaq hər zaman mühüm geostrateji mövqeyə sahib olmuşdur.
Ancaq bu gözəl diyar 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu və qanlı faciələrin məkanına çevrildi. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qaldı, üç yüzdən çox hərbi və mülki şəxs həlak oldu və ya itkin düşdü. İşğalçılar burada məhvərçilik siyasəti həyata keçirdilər – 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət obyekti, 30 rabitə şöbəsi, 133 idarə və istehsalat müəssisəsi, həmçinin 5 musiqi məktəbi, 1 internat və peşə məktəbi talan edilərək yerlə-yeksan edildi. Bundan əlavə, 54 dünya əhəmiyyətli və 200-dən çox yerli tarixi abidə erməni vandalizminə məruz qaldı. Rəsmi İrəvan Cenevrə konvensiyalarını kobudcasına pozaraq ərazinin coğrafi adlarını dəyişdirdi, təbii sərvətləri talan edib qazanc mənbəyinə çevirdi, hətta Suriyadan gətirilən erməni əsilli qaçqınları məqsədli şəkildə yerləşdirməklə demoqrafik mənzərəni saxtalaşdırmağa çalışdı. Laçının işğalı təkcə bir şəhərin itkisi deyildi; bu, Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqənin yaradılması demək idi və sonrakı ağır itkilərimizin başlanğıc nöqtəsinə çevrildi.
Tarixi ədalət öz yerini tapmaqda gecikmədi. Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində 2020-ci il dekabrın 1-də imzalanan üçtərəfli bəyanata əsasən Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri tam nəzarətə götürüldü. Həmin gün Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində qürurla bildirdi ki, azərbaycanlılar tarixi torpaqlarına qayıdırlar. Laçının azad olunması uğrunda gedən döyüşlərdə şəxsi igidlik və şücaət göstərən 8418 hərbi qulluqçu "Laçının azad olunmasına görə" medalı ilə təltif edilmişdir. Dövlət başçısının 31 iyul 2023-cü il tarixli fərmanı ilə avqustun 26-sı rəsmi şəhər günü təsis edilərək əbədiləşdirilmişdir.
İşğaldan azad olunduqdan sonra Laçında başlanan yenidənqurma işləri bu gün möhtəşəm mənzərə yaratmışdır. Prezident İlham Əliyevin "Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik" sözləri bu gün Laçının dağları, meşələri və müasir şəhər silueti ilə reallığa çevrilmişdir. Bu dirçəlişin ən diqqətçəkən istiqaməti şübhəsiz ki, "yaşıl enerji" strategiyasıdır. Laçın hazırda Azərbaycanın bərpa olunan enerji mərkəzlərindən birinə çevrilmişdir. Rayonda ümumi gücü 65,5 MVt, illik istehsal potensialı 194 milyon kilovat-saat olmaqla 9 su elektrik stansiyasının fəaliyyətə başlaması planlaşdırılmışdır. 2021-ci ildə 8 meqavatlıq Güləbird SES istifadəyə verilmiş, ermənilər tərəfindən tamamilə dağıdılmış "Ağbulaq" (14,25 MVt), "Mişni" (8,25 MVt) və "Alxaslı" (6 MVt) stansiyaları yenidən qurulmuşdur. 2026-cı il iyulun 11-də isə "Ağbulaq-1" (14,7 MVt), "Ağbulaq-2" (14,25 MVt) və "Şeylanlı" (4 MVt) su elektrik stansiyalarının rəsmi açılışı olmuşdur. Hazırda Laçının 8-10 meqavatlıq elektrik tələbatı tamamilə yaşıl enerji hesabına ödənilir, artıq enerji isə ölkənin ümumi sisteminə ötürülür. 2040-cı ilə qədər bölgənin enerji tələbatının 80 MVta çatacağı gözlənilir və bu tələbat da məhz bərpa olunan mənbələr hesabına qarşılanacaqdır.
Bununla yanaşı, Laçında su təhlükəsizliyi sahəsində də tarixi addım atılmışdır. 2026-cı il iyulun 11-də "Həkəriçay" su anbarının təməli qoyulmuşdur. Layihəyə görə, Həkəri çayı üzərində ümumi tutumu 100 milyon kubmetr olan nəhəng su anbarı inşa ediləcək, 172 kilometr uzunluğunda magistral boru kəməri vasitəsilə isə Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonlarında yaşayan təxminən 700 min nəfər keyfiyyətli içməli su ilə təmin olunacaqdır. Su anbarı üzərində ümumi gücü 10,81 MVt olan 3 yeni su elektrik stansiyasının tikintisi də nəzərdə tutulub.
Müasir infrastrukturun inkişafı Laçının nəqliyyat qovşağına çevrilməsinə şərait yaratmışdır. Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi bu sahədə mühüm hadisədir. Uzunluğu 75,8 kilometr olan bu yol mövcud marşrutdan 32,2 kilometr qısa olacaq, iki, üç və dörd hərəkət zolaqlı olmaqla yüksək standartlara cavab verəcəkdir. Bu yolun üzərində ümumi uzunluğu 13,3 kilometr olan 17 tuneldən 16-sının tikintisi yekunlaşmaq üzrədir, həmçinin ümumi uzunluğu 4163 metr olan 23 müasir körpü inşa edilir. 2025-ci il mayın 28-də isə Laçın Beynəlxalq Hava Limanının qapıları açılmışdır. Dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən bu hava limanı Azərbaycanın ən yüksəkdəki aeroportudur. 130 hektardan çox ərazini əhatə edən limanın uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni isə 60 metrdir. Saatda 200 sərnişin qəbul edə bilən terminal binası Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə isə 60 kilometr məsafədə yerləşir. Bu hava limanı həm strateji əhəmiyyət daşıyır, həm də regionun gələcək turizm potensialını kökündən dəyişəcəkdir.
Dirçəliş təkcə daş-beton işləri ilə məhdudlaşmır. Laçında insanların rahat yaşaması üçün geniş sosial və mədəniyyət obyektləri yaradılır. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan" "15 dəqiqəlik şəhər" prinsipinə əsaslanır. Bu plana görə, yaşayış məhəllələri, xəstəxana, İşğal və Zəfər muzeylərini özündə birləşdirən Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, habelə müasir turizm obyektləri inşa ediləcək. 2025-ci ildə Laçın hətta MDB-nin mədəniyyət paytaxtı elan edilmişdir. Bunun təsdiqi olaraq, "Hoçazfilm" yaradıcılıq studiyasının çəkiliş pavilyonu istifadəyə verilmişdir. Qarabağın çoxşaxəli yaradıcılıq məkanı olan bu studiya həm işğal dövrünün salnaməsini yaradacaq, həm də regiona gələn yerli və xarici film istehsalçılarına xidmət göstərəcəkdir.
İqtisadi dirçəliş də mühüm yer tutur. Laçın Aqro-Sənaye Parkında 46 müəssisənin fəaliyyət göstərməsi planlaşdırılır. Artıq "PIRSHAGHI" ayaqqabı fabrikinin filialı fəaliyyətə başlamış, müasir avadanlıqlarla təchiz olunmuş burada ayda 1500 cüt ayaqqabı istehsalı nəzərdə tutulur. "LATIFA" tikiş fabrikində gündə 2 min ədəd tekstil məhsulu istehsal olunacaq. Sənaye zonasında yaradılmış mebel fabrikinin illik gücü isə 3 min kubmetrdir. Rayonda həmçinin heyvandarlıq, arıçılıq və balıqçılıq da inkişaf edir. "Həkəri Balıq Təsərrüfatı" Qarabağda ilk nərəyetişdirmə müəssisəsi olaraq ildə 35 ton Kür nərəsi, 1,5 ton çökə və 5 ton forel istehsal edəcək. Bununla yanaşı, Zerti kəndində açılmış "Laçın" İstirahət Kompleksi 11,2 hektar ərazidə 324 qonağı qəbul etmək gücünə malikdir, burada 500 nəfərlik tədbir zalı və müasir konfrans otaqları fəaliyyət göstərir.
Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı uğurla davam edir. 2026-cı ilin iyul ayınadək Laçın şəhərinə 614 ailə (2264 nəfər), Zabux kəndinə 217 ailə (823 nəfər), Sus kəndinə 59 ailə (215 nəfər), Bəylik kəndinə isə 89 ailə (363 nəfər) daimi yaşamaq üçün köçürülmüşdür. Bütövlükdə Laçında 1000-dən çox yaşayış evi tikilmiş və bərpa edilmişdir. Laçın şəhərində 626 fərdi ev, çoxmənzilli binalarda 138 mənzil istifadəyə verilmiş, hazırda yeni tikinti işləri davam etdirilir. 510 şagird yerlik Laçın rayon 2 nömrəli tam orta məktəb, 176 yerlik Zabux kənd məktəbi, Sus kəndində 132 yerlik orta məktəb və 50 yerlik uşaq bağçaları müasir standartlara uyğun qurulmuşdur. Bəylik və Sus kəndlərində küçələrin, sosial obyektlərin işıqlandırılmasında günəş panellərindən istifadə olunmaqla "yaşıl enerji" tətbiq edilir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş Laçına etdiyi səfərlər bu dirçəliş salnaməsinin ayrılmaz hissəsidir. 2021-ci il fevralın 14-də Güləbird kəndində bayrağın ucaldılması və su elektrik stansiyasının açılışı ilə başlayan zəfər yürüşü, 2022-ci il iyunun 26-da hava limanının təməlinin qoyulması və yol tikintisi ilə davam etmişdir. 2022-ci il sentyabrın 21-də Laçın şəhərində Azərbaycan bayrağı ucaldılmış, 2023-cü il mayın 28-də şəhərin baş planı təqdim olunmuşdur. 2023-cü il avqustun 25-26-da Mişni və Alxaslı SESlərin açılışı, mebel fabriki, "Hoçazfilm" studiyası, yeni məktəb və balıq təsərrüfatının istifadəyə verilməsi Laçının dirçəlişinin mərhələlərini təşkil etmişdir. 2024-cü il mayın 10-da Sus kəndində görülən işlərlə tanışlıq və Zabux-Qarıqışlaq SESlərin istifadəyə verilməsi, 2025-ci il mayın 27-də isə "LATIFA" və "PIRSHAGHI" fabriklərinin, rəqəmsal idarəetmə mərkəzinin, Bəylik kəndinin və "Laçın" İstirahət Kompleksinin açılışları, eyni gündə Prezidentin Pakistanın baş naziri və Türkiyə Prezidenti ilə yüksək səviyyəli görüşləri keçirilmişdir. 2026-cı il iyulun 11-də isə növbəti böyük nailiyyət – "Həkəriçay" su anbarının təməlinin qoyulması və üç yeni su elektrik stansiyasının açılışı ilə Laçın inkişafının yeni mərhələsinə qədəm qoymuşdur.
Nəticə etibarilə, Laçın bu gün keçmişin işğal xatirələrindən tamamilə fərqli olaraq, müasir, ekoloji təmiz, yüksək infrastrukturla təchiz olunmuş və beynəlxalq arenada tanınan bir şəhərə çevrilmişdir. Dağların əhatəsində yüksələn bu müasir şəhər Azərbaycan xalqının sarsılmaz iradəsinin, dövlət başçısının uzaqgörən siyasətinin və qazi-şəhidlərimizin qanının bəhrəsidir. 26 Avqust – Laçın şəhəri günü təkcə tarixi zəfərin deyil, həm də gələcəyə inamın, yurdsevərliyin və dirçəliş əzminin parlaq təntənəsidir. Bu gün Laçına baxaraq demək olar ki, cənnət təsvirinin gerçəkliyə çevrilmiş formasıdır; Prezidentin ifadəsi ilə desək, əzəmətli dağlar, gözəl təbiət və zövqlə inşa edilmiş müasir binalar – hər şey Azərbaycanın qazandığı nailiyyətlərlə eyni səviyyədədir. Laçın əbədiyaşar olacaq, çünki bu torpaq azadlığın, birliyin və quruculuğun rəmzidir.
Vasif Səfiyarov,
YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi
Azərbaycan və Özbəkistan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında strateji körpü yaradır
Dövlət səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin yüksəlişini tarixiləşdirdi