İxrac idxalı necə üstələdi?
Azərbaycanın xarici ticarət coğrafiyasının genişlənməsi iqtisadi dayanıqlılığa müsbət təsir göstərən amillərdən biridir. Bu gün ölkəmiz 176 dövlətlə ticarət əlaqəsi qurub. Əsas ticarət tərəfdaşlarımız sırasında Çin, ABŞ, İtaliya, Türkiyə, Rusiya və Almaniya kimi böyük dövlətlərin bazarları yer alır. Məlumdur ki, ticarət tərəfdaşlarımızın şaxələnməsi Azərbaycanın xarici bazarlardan asılılığını azaltmaqla yanaşı, ixrac üçün əlavə imkanlar da yaradır. 2026-cı ilin ilk yarısında ölkənin xarici ticarətində diqqətçəkən məqamlardan biri müsbət dinamikanın qorunması və xüsusilə ixracın idxalı üstələməsinin əhəmiyyətli dərəcədə artması olub.
Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın xarici ticarətində ilin ilk 7 ayının artım göstəriciləri də diqqətçəkir. Ölkəmiz bu müddətdə xaricə 19 milyard 335,6 milyon dollarlıq məhsul satıb, xaricdən isə 9 milyard 880,7 milyon dollarlıq məhsul alıb. Ümumi nəticədə isə 9 milyard 454,9 milyon dollarlıq müsbət saldo formalaşıb. Başqa sözlə, hər 100 dollarlıq idxalın qarşılığında Azərbaycan təxminən 196 dollar ixrac edib. Təbii ki, həmin göstəricilərin təməlində müsbətdəyişikliklər dayanır.
Burada bir sıra məhsullar üzrə müsbət dinamika mövcuddur. Qızıl və pambıq ixracı artıb, meyvə-tərəvəz ixracında yüksəliş müşahidə olunur. Qeyd etmək lazımdır ki, 2026-cı ilin yanvar-iyun aylarında qeyri-neft sektoru üzrə ixrac, qeyri-monetar qızıl istisna olmaqla, 16,9 % artaraq 1,878 milyard dollara çatıb. Aqrar məhsulların ixracı 23,9 %, aqrar-sənaye məhsullarının ixracı isə 35,3 % yüksəlib. Aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 759,8 milyon dollara çatıb. Bu rəqəmlər müsbət siqnaldır. Çünki ixrac coğrafiyası və məhsul strukturu baxımından Azərbaycan iqtisadiyyatında yeni istiqamətlər güclənir.
Meyvə-tərəvəz, pambıq, pambıq ipliyi, alüminium, qara metallar, şəkər, bitki və heyvan mənşəli yağlar kimi məhsulların ixracında ciddi artımlar qeydə alınıb. Məsələn, yanvar-iyun aylarında şəkər ixracı 3,4 dəfə, pambıq ipliyi 2,1 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 40,1 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 30,1 faiz, meyvə-tərəvəz ixracı isə 18,9 faiz artıb. Qeyri-neft ixracında artıq artımın mənbələri genişlənir. Kənd təsərrüfatı məhsullarının, emal sənayesinin, metallurgiya və kimya məhsullarının, tekstil və digər sənaye mallarının xarici bazarlara çıxışı artır. Bu isə o deməkdir ki, ixracın şaxələndirilməsi istiqamətində davamlılıq mövcuddur. Eyni zamanda, ölkəmizin daxili bazarında da bolluq yaratmaq imkanları artıb. Azərbaycan bir tərəfdən yerli məhsulların xarici bazarlara çıxışını genişləndirir , digər tərəfdən daxili bazarda öz istehsal imkanlarını genişləndirə bildiyi ölçüdə idxala olan ehtiyacı azaldır.
O da məlumdur ki, xarici ticarətdə ən dəyərli prinsip daha çox satmaq deyil. Burada əsas uğur satdığımız malın daha çox dəyər qazanmasını təşkil etməkdir. Bu mənada, 2026-cı ilin 7 ayının nəticələri göstərir ki, Azərbaycan xarici ticarətdə artım tempini qorumaqla yanaşı, keyfiyyət baxımından da əlverişli struktur formalaşdırmağa nail olub.
Burada bir məsələnin önəmini diqqətə almaq lazım gəlir. Belə ki, bu gün «Made in Azerbaijan» brendi ilə bağlı qarşıya qoyulan hədəf daha çox məhsul ixrac etmək deyil. Burada əsas məqsəd daha rəqabətli, daha yüksək əlavə dəyər yaradan, dayanıqlı və gəlirli aqrar ixrac modeli formalaşdırmaqdır. Hazırda mütəxəssislər bu qənaətdədirlər ki, «Made in Azerbaijan» brendi beynəlxalq standartlara (ISO, HACCP və s.) tam cavab verir. Məhz bunun nəticəsidir ki, indi yerli mallar Avropa İttifaqı ölkələrindən tutmuş Yaxın Şərq, Mərkəzi Asiya, Çin və Amerika Birləşmiş Ştatlarına qədər geniş bir coğrafiyada alıcıların rəğbətini qazanıb.
Elçin Zaman, "İki sahil"