26 avqust 2026 17:40
98

“Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil siyasəti: müasir çağırışlar və inkişaf perspektivləri”

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatı  və “Heydər Əliyev prospekti 12 b” (Mərkəzi Aran Regional Təhsil İdarəsinin Kürdəmir rayon üzrə təhsil sektoru) ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə  “Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil siyasəti: müasir çağırışlar və inkişaf perspektivləri” mövzusunda tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyasının banisi Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra mövzu ilə bağlı videoçarx nümayiş olunub.

YAP Kürdəmir  rayon təşkilatının sədr müavini Elxan Qafarov çıxış edərək yeni tədris ili münasibətilə bütün müəllimləri təbrik edir və hər kəsə uğurlar arzulayır. Elxan Qafarov bildirib ki, bu gün burada müzakirə etdiyimiz mövzu – Azərbaycan dövlətinin inkişafında təhsilin rolu – olduqca mühüm və aktualdır. Çünki təhsil yalnız bilik qazanmaq deyil, həm də gələcək cəmiyyətin və gələcək dövlətin əsasını formalaşdırmaq deməkdir. Azərbaycanın təhsil siyasətinin təməlində Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası dayanır. Ulu Öndər yaxşı bilirdi ki, müstəqil Azərbaycanın gələcəyi savadlı, vətənpərvər və milli düşüncəli gənclərdən asılıdır.  Bu gün həmin siyasi kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas məqsədlərindən biri müasir dünyada rəqabət apara bilən savadlı, peşəkar, innovativ düşüncəli və vətənpərvər insan kapitalı formalaşdırmaqdır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi və təşəbbüsü ilə həyata keçirilən humanitar layihələr, xüsusilə Heydər Əliyev Fondunun təhsil sahəsində gördüyü işlər də bu baxımdan böyük əhəmiyyət daşıyır. Məktəblərin yenilənməsi, uşaqların təhsil imkanlarının genişləndirilməsi və xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət dövlətimizin insan amilinə verdiyi yüksək qiymətin göstəricisidir.

“Heydər Əliyev prospekti 12 b” (Mərkəzi Aran Regional Təhsil İdarəsinin Kürdəmir rayon üzrə təhsil sektoru) ərazi partiya təşkilatının sədri Rəfail Məmmədov bildirib ki, Azərbaycan təhsilinin inkişafında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri xüsusi ehtiramla qeyd olunmalıdır. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu uzun illərdir ki, təhsil sahəsində mühüm layihələr həyata keçirir. Azərbaycanın müxtəlif bölgələrində yeni məktəblərin tikilməsi, mövcud məktəblərin əsaslı təmiri, müasir tədris şəraitinin yaradılması, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil imkanlarının genişləndirilməsi və gənclərin milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsinə yönəlmiş layihələr bu fəaliyyətin mühüm nəticələridir.

Tədbirdə iştirak edən YAP Kürdəmir rayon təşkilatının məsləhətçisi Gülnar Məmmədova “Ü.Hacıbəyov küçəsi 10” ərazi partiya təşkilatının sədri, Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Nəsibə Hidayətova, və Bala Kəngərli kənd ümumi orta məktəbinin müəllimi Səbinə Əliyeva  çıxışlarında bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik yolu Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə bundan sonra da uğurla davam edəcək, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti isə bu inkişaf strategiyasını yeni nailiyyətlərlə zənginləşdirəcəkdir. Güclü dövlətin əsasında güclü təhsil, güclü təhsilin əsasında isə bilikli müəllim, savadlı gənc və milli dəyərlərinə bağlı vətəndaş dayanır.

Daha sonra Yeni Azərbaycan Partiyasına yeni üzv olan müəllimlərin vəsiqələri təqdim edilib.

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.