04 sentyabr 2026 17:10
183

Sosial siyasətin məntiqi davamı - TƏHLİL

Tibb işçilərinin sosial rifahının gücləndirilməsi, peşənin cəlbediciliyinin artırılması, regionlarda kadr təminatının yaxşılaşdırılması və pasiyent məmnunluğunun yüksəldilməsi bunun təsdiqidir

Azərbaycanın beynəlxalq maliyyə qurumlarının hesabatlarında rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimi liderliyini qoruması uğurlu iqtisadi siyasətin nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurla həya keçirilməsi Azərbaycanın beynəlxalq səviyyədə iqtisadi möcüzələr ölkəsi. sosial dövlət  kimi nüfuz qazanmasında özünün aydın ifadəsini tapir. Təbii resurslardan səmərəli istifadə dayanıqlı iqtisadi inkişafı şərtləndirən mühüm amillər sırasındadır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq imkanlarının artırılması, sosial sahədə xidmətlərin elektronlaşması, operativliyin və şəffaflığın təmin edilməsi istiqamətində ardıcıl islahatlar iqtisadi inkişafla bağlıdır. Sosial dövlətdə islahatların mərkəzində məhz vətəndaş və onun məmnunluq faktoru dayanır. Günümüzün əsas hədəfi budur ki, hər bir vətəndaşa bərabər imkanlar yaradılmalı, göstərilən xidmətlər hər kəsə əlçatan və rahat olmalıdır. Məhz bu amillərə söykənərək böyük əminliklə qeyd edirik ki, Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsi, eyni zamanda, əldə olunan gəlirlərin təyinatı üzrə xərclənməsi, şəffaflıq prinsipinin təmin olunması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımların davamlılığını təmin edir. İqtisadi tərəqqinin  güclü sosial siyasətlə tamamlanması beynəlxalq səviyyədə təqdir edilir. Bu amil, eyni zamanda, təsdiqləyir ki, dünyada neftlə zəngin çox ölkələr olsa da, bu resurslar  heç də həmin ölkələrə uğur qazandırmır. Lakin Azərbaycanın hər bir hədəfə ardıcıllıqla nail olması, dayanıqlı inkişafın təmin edilməsi üçün  zəruri addımları atması, dünya təcrübəsinə əsasən inkişaf strategiyasını müəyyənləşdirməsi  heç bir problem yaşamamasına, əksinə əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində uğurlu nəticələrin əldə edilməsinə geniş imkanlar yaratdı.    

Ölkədə  həyata keçirilən iqtisadi və sosial islahatlar “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində uğurla davam etdirilir. 2026-cı ildə ölkədə əhalinin rifahının yüksəldilməsi, əmək bazarının inkişafı və sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində əhəmiyyətli nəticələr əldə edilib.  Ümumilikdə son illərdə beş sosial paket icra edilib.  Prezident İlham Əliyevin çıxışlarında,  müsahibələrində  sosial sahə ilə bağlı səsləndirdiyi fikirlər bu sahədə siyasətin ardıcıl və nəticəyönlü xarakter daşıdığını bir daha təsdiqləyir. Belə ki, 2026-cı il yanvarında  yerli televiziya kanallarına müsahibəsində “Bizim bütün siyasətimiz həm sosialyönümlüdür, həm də ki, investisiyayönümlüdür. Hər ikisi arasında çox həssas balans, tarazlıq olmalıdır. Əgər olmasa, onda heç bir ölkə uğur qazana bilməz” söyləyən  Prezident İlham Əliyev onu da bildirmişdir ki, iqtisadi islahatlardan, neft-qaz layihələrindən əldə edilən gəlirlər ilk növbədə sosial sahəyə yönəldilir.

Dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda da sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların əmək bazarına inteqrasiyasının gücləndirilməsi əsas istiqamətlərdən biri kimi əksini tapıb. Cənab İlham Əliyevin bu ilin 20 iyul tarixində imzaladığı Sərəncamla “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı” təsdiqləndi. Tədbirlər Planına əsasən,  aktiv məşğulluq tədbirlərinin əhatə dairəsi genişləndirilməli və səmərəliliyi artırılmalı, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların əmək bazarına inteqrasiyası gücləndirilməlidir. Həmçinin sosial dialoq inkişaf etdiriləcək və qeyri-formal əmək münasibətlərinin qarşısı alınacaq. Sənədə əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin inkişaf etdirilməsi kimi istiqamətlər də daxildir.

Prezident İlham Əliyevin ilk gündən çağırışlarında bu mühüm məqam xüsusi qeyd edilir ki, sosial-iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Təbii ki, bu çağırış həm əhalinin social müdafiəsinin gücləndirilməsində, həm də sosial xidmət sahəsində təkmilləşmədə, yenişləşmədə təsdiqini tapir. Sosial islahatlar proqramının mühüm nailiyyətləri sırasında DOST Konsepsiyası xüsusi yer tutur. DOST mərkəzləri vasitəsilə sosial xidmətlərin vahid pəncərə prinsipi əsasında göstərilməsi, sosial ödənişlərin elektronlaşdırılması, məşğulluq proqramlarının genişləndirilməsi, özünüməşğulluq layihələri, aktiv əmək bazarı tədbirləri və peşə hazırlığı proqramları sosial layihələrin institusional əsaslarını möhkəmləndirir.

Hazırda Azərbaycanın təkmil iqtisadi inkişaf modeli dünyaya nümunədir.  Tarixi Zəfərimizdən sonra təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” Azərbaycanın bugünkü və gələcək inkişafının yol xəritəsi oldu. Bu sənəddə əksini tapan beş əsas hədəf ölkəmizin iqtisadi inkişafının ümumi mənzərəsini təqdim edir. Milli Priortetlərdə azad edilmiş torpaqlarımızın malik olduğu iqtisadi imkanlar və onlardan səmərəli istifadə xüsusi yer alır. Əminliklə deyə bilərik ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaq. Bu ərazilərdə əhalinin özünüməşğulluğunun təmin edilməsi üçün zəruri addımlar atılır. Əsas hədəf vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin edilməsidir. Azərbaycanda vətəndaş məmnunluğunun təmin olunması, xidmətlərin sosial ədalətlilik prinsipi əsasında təqdim edilməsi, əhalinin sosial-iqtisadi həyat şəraitinin yaxşılaşdırılması üçün sosial müdafiənin bütün sahələrində ciddi islahatlar aparılması beynəlxalq təşkilatlar tərəfindən örnək göstərilir. Prezident İlham Əliyevin sosial-iqtisadi siyasəti müasir çağırışlara cavab verən sosial müdafiə sisteminin qurulmasını şərtləndirir.

Vətəndaş məmnunluğunun təmin edilməsi işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərində də özünün aydın ifadəsini tapır. Bu ərazilərdə zəngin resurs və infrastruktur potensialından səmərəli istifadə, dövlət-özəl sektor tərəfdaşlığı və ən əlverişli biznes mühiti əsasında iqtisadi fəaliyyətin canlandırılması dayanıqlı məskunlaşmanın təmin olunması ölkənin uzunmüddətli inkişaf prioritetləri ilə vəhdətdə olan tədbirlərlə dəstəklənir. İşğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi və investisiya cəlbediciliyinin artırılması, müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturunun yaradılması, innovativ texnologiyaların tətbiqi, sənaye potensialının reallaşdırılması, optimal güzəştlərin və stimullaşdırıcı mexanizmlərin hazırlanması, sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradılması məqsədilə imzalanan “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamdan irəli gələn vəzifələrin uğurlu icrası da göz qabağındadır.

Bərpa-quruculuq işlərində əsas prioritetlərdən biri bu ərazilərə qayıdacaq soydaşlarımızın yüksək yaşayışını, sosial xidməti təmin etməkdir.  “ASAN xidmət”, DOST və ABAD layihələrinin uğurlu icrası, onların mərkəzlərinin  coğrafiyasının genişləndirilməsi əsas hədəflərdəndir. Bu torpaqlarda vətəndaşların rahatlığı üçün “ASAN xidmət”, DOST və ABAD mərkəzlərinin və xidmət məntəqələrinin qurulması istiqamətində mühüm işlər həyata keçirilir. Bu tədbirlər həmin bölgələrdə qayıdış prosesini sürətləndirir və sosial xidmətlərin əlçatanlığını təmin edir. Bu günədək aparılan quruculuq işləri nəticəsində Zəngilan rayonunun Ağalı kəndində “Smart DOST” məntəqəsi, Şuşada DOST filialı, eləcə də Füzuli şəhərində Qarabağ Regional DOST Mərkəzinin məntəqəsi fəaliyyətə başlayıb. Azad olunmuş bölgələrdə, o cümlədən Ağdam və digər strateji yaşayış məntəqələrində müasir tələblərə uyğun xidmətlərin təşkili planlaşdırılır. Qayıdış bölgələrində sakinlərin özünüməşğulluq imkanlarını artırmaq, yerli istehsalı və sənətkarlığı dəstəkləmək üçün ABAD layihələrinin və digər sosial infrastrukturun qurulması davam etdirilir.

Atılan bütün addımlar bir məqsədə xidmət edir- Ölkənin dayanıqlı inkişafı təmin edilsin, əhali yüksək rifah şəraitində yaşasın, sosial xidmət müasir tələblərə çavab versin, onların ümumiləşdirilmiş ifadəsi olaraq vətəndaşlar onlara göstərilən diqqət və qayğıdan məmnun olsunlar.

Sosial siyasətin məntiqi davamı olaraq bu günlərdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsünü, Prezident İlham Əliyevin  bu təşəbbüsü müsbət qarşılayaraq  icrası ilə bağlı müvafiq tapşırıq verməsini xüsusi qeyd etməliyik. Həkimlərin əməkhaqlarının artırılması səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır. Yeni əməkhaqqı qaydaları 2026-cı il sentyabrın 1-dən tətbiq olunacaq və TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 tibb işçisini əhatə edəcək. İslahat nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat artırılıb. Bu, tibb işçilərinin sosial rifahının gücləndirilməsinə və yeni əməkhaqqı mexanizmlərinin tətbiqinə yönəldilən əlavə maliyyə təminatını əks etdirir. Əməkhaqqı artımları vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda mövcud kadr təminatı nəzərə alınmaqla diferensiallaşdırılacaq. Regionlarda kadr çatışmazlığı olan ixtisaslar üzrə xüsusi stimullaşdırıcı əlavələr və müəyyən xidmətlər üzrə işin nəticələrinə görə əlavə ödənişlərinə 1,3 əmsalı tətbiq olunacaq. Bu mexanizmlər həkimlərin regionlara cəlb olunmasına və tibbi xidmətlərə əlçatanlığın artırılmasına xidmət edir. Ümumilikdə son illərdə  ardıcıl tədbirlər həyata keçirilib. 2023-cü ildən TƏBİB tabeliyindəki müəssisələrdə maaşlar artırılıb, 2025-ci ildə minimum əməkhaqqının artımı ilə əlaqədar növbəti yüksəlişlər olub, Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evləri işçilərinin tarif maaşlarına isə 1,5-3 dəfə artım əmsalları tətbiq edilib. Yeni islahat bu prosesin davamıdır. Məqsəd tibb işçilərinin sosial rifahının gücləndirilməsi, peşənin cəlbediciliyinin artırılması, regionlarda kadr təminatının yaxşılaşdırılması və pasiyent məmnunluğunun yüksəldilməsidir. Ölkəmizdə səhiyyənin inkişafına göstərilən diqqət və qayğı günümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Əhalinin sosial təminatı prioritet məsələlər sırasındadır. Cənab İlham Əliyevin çıxışlarında  dayanıqlı inkişafın təmin edilməsini şərtləndirən amillər qeyd edilərkən iqtisadi islahatların davamlılığı, sosial layihələrin uğurlu icrası xüsusi qeyd edilir. Bu reallıq da daim önə çəkilir ki, hər bir layihənin uğurlu sonluqla  başa çatdırılması əsasdır. Bunun üçün Azərbaycanın  dünyanı bürüyən iqtisadi böhran dövründə, həmçinin koronovirus infeksiyasına qarşı mübarizə tədbirlərinin aparıldığı zamanda iqtisadi artımı ilə diqqətdə olmasını xatırlamaq kifayətdir. Baxmayaraq ki, COVID-19 ilə mübarizə əhalinin  sağlamlığığının qorunmasını tələb edirdi, Azərbaycan bununla yanaşı, iqtisadi islahatları, sosial layihələri diqqətdən kənarda saxlamadı. Həmin ərəfədə ölkəmiz  80-dən artıq ölkəyə maliyyə və humanitar yardım etdi. Həmçinin Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində birbaşa ianə etdi. Təbii ki, bu dəstək Azərbaycanın humanizm siyasətinin tərkib hissəsi olmaqla yanaşı, həm də iqtisadi və maliiyə imkanlarının təqdimatı oldu. İqtisadiyyatımız elə bir səviyyədədir ki, Azərbaycan  ehtiyacı olana əl tuta, köməyinə çata bilir. İqtisadi imkanlarımız hər bir hədəfə yüksək səviyyədə nail olmağa, eyni zamanda, qarşıya çıxan hər hansı  çətinliyi uğurla aradan qaldırmağa imkanlar yaradır. Hazırda nəinki səhiyyə, digər sahələrdə çalışanların da əmək haqlarının artırılmasına xüsusi diqqət göstərilir. Hər ilin sonunda, yaxud yeni ilin əvvəlində əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı imzalanan sərəncamlar da bunun bariz nümunəsidir.

Hər dövrün öz tələbləri, çağırışları vardır. Azərbaycan bütün bu çağırışları yüksək səviyyədə cavablandırır. Bunun nəticəsidir ki, hazırda iqtisadi və maliyyə imkanlarımız işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinə böyük imkanlar yaradır. Prezident İlham Əliyevin «Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında Sərəncamı da özündə bütün hədəfləri ehtiva edir. Sərəncamda qeyd edilir ki, Azərbaycan qarşıdakı illərdə daha mürəkkəb çağırışların və zəngin imkanların mövcudluğu ilə seçilən yeni mərhələyə daxil olur. Bu mərhələ qlobal iqtisadi qütbləşmənin dərinləşməsi, texnoloji tərəqqinin sürətlənməsi, eləcə də süni intellekt əsaslı texnologiyaların geniş tətbiqi ilə səciyyələnir. Ölkəmizin ötən illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlərin davamlı şəkildə artırılması, bunun üçün özəl, o cümlədən birbaşa xarici investisiyaların cəlbinin genişləndirilməsi, biznes mühitinin əlverişliliyinin yüksəldilməsi, iqtisadiyyatın bilik və texnologiya tutumunun gücləndirilməsi, həmçinin işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın davamlılığının təmin edilməsi əsas prioritetlərdir.

Qısa təhlil belə bir ümumiləşdirməyə əsas verir ki, qarşıdakı dövrlərdə  Azərbaycanı hər bir sahədə, o cümlədən iqtisadi və social sahələrdə daha möhtəşəm uğurlar gözləyir. Ölkəmizdə vətəndaş məmnunluğunun yüksək səviyyədə olması dövlətin atdığı hər bir addımın təməlində insan amilinin dayandığının nümayişidir.

Yeganə Əliyeva, “İki sahil”